Giriş üçün: insanın nəyə güldüyündən səviyyəsini, necə güldüyündən tərbiyəsini anlarsan (Mövlana)
Gülməli şeyə gülərlər. Amma gülməli deyə təqdim olunan orta səviyyədən də aşağı bir şey hər cür etikadan uzaq, məzmunsuz, ikrah doğuracaq bir formada ərsəyə gətirilib tamaşaçıya təqdim olunursa, onda burada vəziyyət dəyişir. Aşağı səviyyəli, normal tərbiyə görməyən bir qrup insanın cürbəcür məişət mövzularında etdikləri “ağlamalı” yumor bizdə artıq təxminən 2 və bəlkə də 3-cü onillikdir ki, insanlara sırınır. Daha doğrusu əvvəllər sırıyırdılar, indi daha sırımağa ehtiyac yoxdur, boğazdan birbaşa mədəyə düşən sürüşkən dərman təki TV-lərdən birbaşa beyinlərə düşür.
İngilislərdə bir atalar sözü var. Deyir, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Onda çağıraq. Belə edək ki, daha yaxşı anlaşılsın. Sosial şəbəkələrdə (əslində bu, özü bir ayrı mövzudur. Mövzu da yox, bəladır. Özü də bizdə. Bu haqda ayrıca bir dəfə öz müşahidələrimi yazacam) əxlaq, tərbiyə haqda “doktrina”lar yazan insanların 90%-i şit yumora gülənlərdir. Özləri hansısa bir filmdə, yaxud əsərdə öpüş, yaxud üstüörtülü sevgi səhnəsi görəndə özlərindən çıxırlar. Ən çox da L.Tolstoyun “Anna Karenina”sını, bir də bizim Anar müəllimin “Təhminə”sini (başqa əsərləri bilmirlər axı, elə haradansa oradan-buradan eşidib əllərində bunları bayraq ediblər) elə qələmə verirlər ki, sanki dünyada, eyni zamanda da Azərbaycanda qadınların pis yola düşməsində bu əsərləri yazanlar günahkardır. Nə qədər primitiv bir düşüncə sahibi olmalısan ki, hansısa əbləh bir dəfə nəsə deyib deyə sən də tutuquşu kimi təkrarlayıb gedəsən. Bunu deyən adamlar L.N.Tolstoyun yaradıcılığını “Anna Karenina” və Anar müəllimin də yaradıcılığını “Təhminə” (o qədər savadsızdırlar ki, əsərin adını da düz demirlər heç vaxt) ilə məhdudlaşdırıblar. İndi mövzumuz bu deyil, sadəcə bəzi şeylərə işıq salmaq üçün bir az dolanbac gəldim.
İndi belə məsələ çıxır ortaya. Bu əsərlər uzun müddət əvvəl yazılıb. Aradabir ekranlarda filmləri nümayiş olunur. Bəs hər həftə, yaxud ayda bir neçə dəfə TV kanallarında göstərilən səviyyəsiz şou proqramlar, yumor tipli verilişlər, o veriliş və yumor səhnəciklərində ortaya qoyulan mövzular niyə belə adamları qıcıqlandırmır?!
Hər şeyi dedik ki, adı ilə çağıraq. “Bu şəhərdə”-nin tamaşalarından birində kişilərdən biri yenə qadın obrazındadır və bir kişi ilə tanış olmaq üçün onun evinə gəlir. Gəlməzdən qabaq da hər ikisi təyinatı üzrə həb qəbul edib: viaqra. Və o səhnəcikdə o qədər əttökücü, səviyyəsiz bir oyun nümayiş olunur ki, adam həqiqətən baxanda belə yumora tüpürmək istəyir. Deməli indi məsələ belədir: hansısa bir sanballı əsərdə və ya filmdə adi bir öpüş səhnəsindən qıcıq alan adamlar belə sarsaq, səy səhnəciklərə uğunub gedirlər. Komedixanada kişi arvadını aldadaraq min cür hoqqadan çıxır, “kişmiş”i ilə aralarında aşağı səviyyədə söhbətlər gedir. Və insanlar gülür. Nəyə gülürsünüz? Özünüz də belə edirsiniz və indi öz etdiklərinizi görəndə ləzzətmi edir?
Tamada, xəyanətkar kişi, kənddən gəlib ləhcə ilə danışan adam, Dubaya gedən qadın, gombul arvad, “qız tutan” gədələr, cinsi azlığın ələ salınması… Bu mövzular bezdirib daha. Qadın obrazlarından çıxmayan kişilər da bir tərəfdən adamın lap zəndeyi-zəhləsini töküblər.
Yaxud milli “stand-up”larımızı götürək. Bir neçəsinə baxdım. Deməli təsadüfənmi, yoxsa doğrudan da əksəriyyəti elədirmi bilmirəm, amma bu baxdığım bir neçəsində həm kişi, həm qadın standapçıların sırf qadınları təhqir edən monoloqlarına (belə söz yığınını bilmirəm monoloq adlandırmaq nə dərəcədə düzdür) aşağıda zalda əyləşən gənc və orta yaşlı xanımların baxıb uğunduqları diqqətimi daha çox çəkdi. Deməli, qadın mövzusu aktualdır, qadın təhqir olunur, aşağılanır və qadınlar buna baxıb kişilərlə birgə gülürlər. Şəxsən mən o səhnəciklərin çoxunda gizli, amma şiddətli seksist düşüncələrin olduğunu sezirəm. Ki, bunun da arxasında cəmiyyətə ötürülən zərərli bir subliminal mesaj gizlənib. Gizlənib, amma təhtəlşüura təsir edir.
Artıq parodiya mövzusu da çoxdan “rəhmətə gedib”, sadəcə bizdə elə hey dayanmadan onu “xortladırlar”. Vallah maraqlı deyil, billah maraqlı deyil. Toy müğənnilərini, bayağı şit mahnı oxuyanları yamsılamaq, yaxud kiminsə ləhcəsini təqlid etmək yumor deyil. Vallah deyil. Bu şeyləri zamanında bəzi insanlar edib, yazıb, oynayıb, göstərib, uğurlu alınıb. Amma daha aktual deyil. Hər şeyi çeynəyib-çeynəyib saqqız kimi çürüdəndə yaxşı olmur.
Kimsə 100% fikirləşəcək ki, özü bunlara baxır deyə bilir. Xeyr! Sadəcə təsadüfən haradasa olmuşam, görmüşəm ev əhli orada baxır, yaxud da təsadüfən İnstaqramda səhnəciklər qarşıma çıxıb. Daha sonra isə tam fikir formalaşdırmaq üçün bunların bəzilərinə məxsusi və məcburi oturub baxmışam ki, fikirlərimi yazanda bilmədən haqsızlıq etmiş olmayım.
Zövq aşılamaq estetikaya aid olan məsələdir. Zövqün düzgün, cəmiyyətə faydalı formalaşması üçün estetik tərbiyə çox vacibdir. Estetik tərbiyə incəsənətin bir növü olub zərif zövqün formalaşmasına birbaşa təsir göstərə bilir. Zövqü formalaşdırmaq üçün savad, intellekt, yüksək mədəniyyət, qabiliyyət kimi keyfiyyətlər lazımdır. Bu meyarlar olmadan nəsə etsən də çifayda!
Pərdələri endirin. Yumor ölüb bizdə! Allah rəhmət etsin!