Vasif SADIQLI
Texas ştatının ən böyük şəhəri, ABŞ-da isə böyüklüyünə görə ilk onluqda olan Dallasın mərkəzində bir milyon üç yüz min əhali yaşayır. Şəhərətrafı ilə birlikdə əhali üç milyona yaxındır. Bu şəhərə gündə üç milyona yaxın adam müxtəlif istiqmətlərdən girir və çıxır. Texasın inzibati mərkəzi isə Austin şəhəridir.
Dallasda ictimai nəqliyyat yox dərəcəsindədir. Fərdi avtomobillərin sayı isə əhalinin sayına yaxındır. Daxil olan maşınlar da çoxdur, amma burda tıxac deyilən şey yoxdur. Bəziləri kilometrlərlə uzanan körpüləri saymaqla qurtarmır. Dallasın mərkəzində əlli-səksən mərtəbəli binalar həddən artıq çoxdur. Böyük binaların altı isə Çoxmərtəbəli qarajlardır – yerin altında da bir Dallas var.
Tarixə münasibət
ABŞ-da əhali öz keçmişinə qayğı ilə yanaşır. Bizim yaşadığımız Sviss avenyü tarixi bir küçədir. Dallasın mərkəzinə yaxın olan bu küçəni bir zaman söküb yerində uca binalar tikmək istəyiblər. Sakinlər yığışıb bunun əleyhinə hərəkat yaradıblar və ona nail olublar ki, küçə tarixi yer statusu alıb və qorunması haqda qərar verilib. Bu küçədə müxtəlif memarlıq məktəblərinə məxsus tarixi evlər qorunmaqla yanaşı, həm də turizm mərkəzinə bənzər bir status alıb. İlin bəlli zamanlarında şəhərdən maraqlılar buraya gəlir. Sakinlər öz evlərini onların üzünə açır, evdəki göz bəbəyi kimi qorunan tarixi eksponatları onlara göstərir. Giriş pulludur. Toplanan vəsait isə küçənin daha da abadlaşdırılmasına sərf edilir. Yetmişinci illərdə küçədə böyük binalar tikilməsinə etiraz aksiyasının təşkilatçılarını svislər hörmətlə anır. Onların adları xüsusi lövhəyə yazılıb və qorunur. Bizi qonaq kimi qəbul edən Smitlər ailəsinin yaşadığı ev də buradadır. Burada evlərin içində də tarixə qayğı ilə münasibətin şahidi olursan.
Bizi evinə qonaq çağıran xanım Bettin evində də bunun şahidi olduq. Divarları tarixi bəzən yüz ildən artıq olan foto və əl işləri bəzəyir. Ailə Bibliyasında isə yüz il bundan öncə babalarının öz əli ilə yazdığı sözlər görünür. Bett xanımın müsəlman olmaması ona evində xüsusi lövhəyə yazılmış əsmayi-hüsna (Allah taalanın ən gözəl adları) saxlamağa mane olmur. Smitlər isə elə bir o qədər əvvəl babalarının odun kömürü ilə çəkdiyi rəsmi bahalı çərçivəyə alıb divara asıblar. On doqquzuncu əsrə aid foto şəkillər, ailə ilə bağlı sənədlər də muzeydə imiş kimi çərçivəyə alınıb divardan asılıb.
“Hacı Ramazan, Cek Ramazan”
Dallaslılar başqa xalqların və mədəniyyətlərin dəyərlərinə hörmətlə yanaşırlar. Şəhərin birinci Unitar kilsəsində olanda öyrəndik ki, burada qrafik üzrə bəlli günlərdə Quran ayələri oxunur. 11 Sentyabr sonrası müsəlmanları mənəvi diskomfortdan qorumaq üçün bir sıra xristianlar müsəlmanlarla birgə oruc tutmuşdular – bunu bizə Dallasda yaşayan müsəlmanlar danışdı. Bizim səfərimizin bir hissəsi də orucluğa düşürdü. Səfər yoldaşımız, AMEA Naxçıvan bölməsinin əməkdaşı, tarix üzrə elmlər doktoru Qədir Qədirzadə Cek adlı bir şəxsin evində qonaq qalırdı. Cənab Cek elə ilk gündən “Hacı Ramazan, Hacı Cek” deyib Qədir müəllimlə birgə oruc tuturdu.
Tankskivinq meydanı
Dallasın mərkəzində görüş yerimiz Tankskivinq meydanı idi. Adətən, burda toplaşır, sonra müxtəlif ünvanlara gedidik. Təlim yerimiz iki addımlıqda 70 mərtəbəli binanın 46-cı mərtəbəsində idi. Tankskivinq meydanının maraqlı tarixçəsi var. 1961-ci ildə dallaslı biznesmenlər elə bir bina tikmək qərarına gəliblər ki, o, şəhərin mərkəzinə, həm də onun simvoluna çevrilsin. Bu ideya 1964-cü ilə kimi elə ideya olaraq qalıb. Təşəbbüsçülər başqa biznesmenləri də inandırmağa çalışıblar ki, belə bir binaya ehtiyac var. Nəhayət, müsabiqə elən edilib və Harvard Universitetindən olan bir nəfərin ideyası üzərində dayanılıb. O, Allah taalaya şükran duyğusunun memarlıq təcəssümü olaraq İraqın Samarra şəhərindəki məscidə oxşa bir bina tikilməsini təklif edib (“tankskivinq” şükran deməkdir). Təklif qəbul olunub. Dürmək və ya rulet şəklində olan bu bina o qədər hündür olmasa da, şəhərin simvolu olduğu üçün uca göydələnlərin yanında özünü naqolay hiss etmir. Sanki ətrafdakı binalara “şərt hündülükdə deyil” deyə pıçıldayır. Binanın içindən göyə baxanda əsrarəngiz bir mənzərə alınır. Rəngli şüşələrdən Şərq üslubunda mozaika şəklində yaradılan spiralvari tavan insanın hisslərinə mistik bir ovqat verir. Mərkəzin prezidenti və eksklüziv direktoru Natalya Androsov (əslən Rusiyadandır) bizə bunları dedi: “İnsanlar Allaha dua edəndə onların şükür duyğuları göyə doğru ucalır. Bu bina həmin fikri çox gözəl ifadə edir”. Burada Texas üçün Allaha dua edilir. Hardasa iyirmi metr aralıda bir abidə var. Orada Amerika üçün şükürlər edilir. Ondan iyirmi metr aralıda isə dünya üçün şükran abidəsi var. Buradakı yazı diqqətimizi cəlb etdi. Bu, Fatihə surəsinin şükür ifadə edən ayəsi idi: “Həmd olsun Allaha, aləmlərin Rəbbinə”. Dördkünc abidənin digər üç üzündə bunlar yazılıb: “Hər şeyə görə Allaha şükür elə. Bunu edən həyatın mənasını bilər” (Albert Şveytzer); “Mənə ürək verən, həyat verən Allaha minnətdaram” (Vilyam Şekspir); “Yeri-göyü yaradan Allahı zikr eylə” (Zəbur).
Xeyriyyə təşkilatları
Dallasda xeyriyyə təşkilatları həddən artıq çoxdur. Onlar imkansız ailələrə dəstək verməklə məşğuldurlar. İmkansız ailələr anlayışı isə burada bir qədər fərqlidir. Xeyriyyə təşkilatları ac olanı doyurur, paltarsıza paltar verir, tibbi sığortası olmayanları müalicəsi üçün könüllü həkimlər tapır. Könüllü müəllimlər kasıbların uşaqları ilə dərsdən sonra məşğul olur. Xeyriyyə təşkilatları kasıb balalarını hətta instituta qəbul olunanda da himayə edir, onlara maliyyə dəstəyi verirlər. Bundan başqa, ailə münaqişəsi zəminində evdən qaçan qadınlar da unudulmayıb. Onlar anonim bir binada 15 gün yemək-içmək, yataq otağı ilə təmin olunur, bu müddət ərzində problem çözülməsə, binanın o biri hissəsində bir il yarım sığınacaq tapa bilirlər. Bu müddət ərzində onları işlə təmin etmək üçün də tədbirlər görülür və bütün xərcləri xeyriyyə təşkilatı çəkir.
911 xidməti
Dallasda olduğumuz müddətdə maraqlı görüşlərdən biri də şəhərin 911 xidməti ilə tanışlıq idi. Bu xidmət, əsasən, təcili yardım, yanğın və cinayətlə bağlı işləri yoluna qoyur. Bizə hörmət əlaməti olaraq kənar şəxslərin daxil ola bilmədiyi yerləri göstərdilər. Xidmət otağının divarındakı böyük ekranda hər şey əks olunur: xətdə gözləyən varmı, hansı yerə yardım göndərildi, hansı ünvanda iş artıq bitib. Çətinliyə düşən adama yardımla bağlı hər bir xırda xüsus nəzərə alınıb. “Əgər 911-ə zəng edən ingiliscəni bilmirsə, nə baş verir?” – deyə soruşduq. İzah etdilər ki, iki yüzə yaxın dildə (bunların siyahısı dəqiqləşib) daxil olan zənglər təcili Nyu-Yorka göndərilir və yardım istəyən şəxsin öz dilində ifadə etdiyi sözlər təcili olaraq tərcümə olunur. Eyni zamanda, zəng edən şəxs özünün harada olduğu, küçənin adını bilməsə də, problem yoxdur. avtomatdan zəng olunanda belə onun olduğu yer fiksə olunur və təcili kömək edilir. Suyu kəsilən, işığı zəif yanan hər kəs də bu xidmətə zəng edə bilər, heç kəsə irad tutulmur. Şikayət ünvanına – 311 xidmətinə çatdırılır və tədbir görülür. əgər kimsə evdən çıxanda məsələn, bir sellofan torba zibili aparıb atmağı unudubsa, onu həyətdə qoyubsa, o, 311-ə zəng edə bilər. Bunun üçün təşkil olunmuş xidmət zəngə görə təşəkkür edir, həmin bir torba zibili götürüb aparır və bunun üçün vətəndaş əlavə heç bir vəsait ödəmir.
Təbəssüm mübadiləsi
Şəhərdə, ümumiyyətlə Texasda qumar oyunları, sərxoşluq, fahişəlik qadağandır. Bakının mərkəzində və dənizkənarı parkda intim sferada sərgilənən davranışlara Dallasda rast gəlinməz. Geyimləri sadə, özləri ifrat dərəcədə kübar və nəzakətlidirlər. Tanımadığın adamların salam və təbəssümü adi bir haldır. Var-dövlətin çoxluğu və komfortlu həyat bu insanlarda dikbaşlıq, yekəxanalıq və saymazlıq yox, kübarlıq və ifrat nəzakətlilik yaradır.
Deyirlər, Texasda olmuş avropalı jurnalistlər arasında belə bir lətifə var: “Kim Texasda bir gün olubsa, kitab yazar. Kim bir il olubsa, heç nə yaza bilməz”. Bizim səfərimiz üç həftə çəkdi. Ona görə təəssüratlar çox olsa da, altı yazı ilə kifayətlənməkdə xilafi-adət bir şey görmürük. Bu da sonuncu nöqtə.
Vasif Sadıqlı
Dallas şəhərinin fəxri vətəndaşı
Bakı-Dallas-Bakı