- Mədəniyyət

Dilqəm Əhməd. Ömər Faiq Nemanzadə haqqında

“Sözün doğrusunu söyləmək lazımdırsa, indiki həyatda bütün huri-qılmanlar ilə bərabər cənnət kişilərin, cəhənnəm də qadınların ayaqları altındadır”.

Onun altı yaşı olanda Çar ordusu Osmanlı ilə savaşmaq üçün uzun yola çıxmışdı, rus əsgərlərinin keçdiyi yolda doğulduğu Axalsix qəzasının Azqur kəndi də var idi. Bütün kənd sakinləri əsgərləri, onların atlarını həyəcanla izləyirdi, belə bir məqamda Ömər də bu həyəcandan məhrum qalmamaq üçün molla məktəbindən qaçır. Qaçmağın cəzası kimi ertəsi gün falaqqa nəsib olacağına görə dostu İsmayılla birlikdə hökumət məktəbinə gedirlər.

Onun bu hərəkətini atası dəstəkləyir, anası isə qarşı çıxır: “Ömərim, sən onun-bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, Quran oxu, adam olmağa çalış, oğlum”.

Ömər isə öz seçimini edir: falaqqanın, saatlarla yerdə əyləşmənin, zorakı şəriət dərslərinin olmadığı, şən uşaqların oxuduğu, əyləncəli, qorxusuz dərslərin keçirildiyi hökumət məktəbini seçir. Ruscası zəif olduğundan atası onu erməni keşişdən dərs almaq üçün yanına göndərir.

İrəli görüşlü atası bir neçə ildən sonra Öməri Qori məktəbinə qəbul etdirmək fikrinə düşür, məktəbə ərizə yollayır. Ömər Qoriyə qəbul olsa da, anasının israrlı və atasından gizli işləri nəticəsində orada oxuya bilmir. Atası onun molla olmağına qarşı idi: “Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq-namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün bundan böyük sənət yoxdur, deyəsən”.

Lakin anası oğlunun İstanbuldan gələn əfəndilər kimi olmasını, orada molla olub, sonra kəndə qayıdıb böyük adam olmasını istəyirdi. Ona görə də əri Ömərin xəstə bibisini görmək üçün Qoki kəndinə gedərkən oğlunu qardaşı Osman əfəndi ilə birlikdə İstanbula yollayır.

“Anacan! İstanbul çox böyük və gözəl şəhərdir… Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum”.

İstanbuldan anasına yazdığı bu məktubda yazılanlara baxmayaraq Ömər anasının istədiyi adamlardan olmur. Çünki Fateh mədrəsəsində də eynilə Azqurdakı mollaların keçdiyi üsulla dərs deyilirdi. Xatirələrində yazırdı: “Çox vaxt əlimdə kitab: nəsərə, nəsəra, nəsəru, nəsərat, nəsərəta, nəsərnə… əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağı ilə acıqlı-acıqlı vurub məni zorla oyandırırdı”.

Bu cür əzablı günlərin birində Osman əfəndi ilə birlikdə Sultan Səlim məscidinə gedərkən “Darüşşəfəq” məktəbi, oradakı sevincli uşaqlar gözünə sataşır. Dayısı məktəbdə olarkən evdən çıxaraq oraya qaçır, uşaqlarla, müdirlə danışır, burada oxumaq istədiyini bildirir, lakin dayısının icazəsi olmadan oxumasının mümkünsüz olduğu deyilir.

Ömərin oxumaq eşqi, dayısının öyrətdiklərini istəməməsi nəticəsində Osman əfəndi məcbur qalaraq Darüşşəfəqdə oxumasına razılıq verir.

Darüşşəfəq məktəbi

Ömər Faiqin 1883-1891-ci illərdə təhsil aldığı bu məktəb Altunbuynuz adlanan yerdə yerləşirdi. Burada dördüncü sinifdə oxuyarkən atasının ölüm xəbərini eşidir. Anasına ünvanladığı məktubda Ömər yazır: “Atamın ölümü məni də ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir”. Bu məktəbdə artıq şəriət dərsləri ilə yanaşı fizika, kimya, kosmoqrafiya dərsləri alır, həftədə bir dəfə məktəbdən kənara çıxdıqlarında əldə etdikləri qəzet və dərgilərdən, ədəbiyyat nümunələrindən Namiq Kamalın sultan istibdadına qarşı yazdıqlarını oxuyub dünyagörüşlərini zənginləşdirirdilər. Darüşşəfəq artıq sultana qarşı üsyan ocağına çevrilirdi.

Nəhayət, yenilikçi görüşlü tələbələrlə məktəb rəhbərliyi arasında qarşıdurma baş verir, tələbələr rəhbərliyə hücuma keçir, lakin qiyam yatırılır, əsas iştirakçılar həbs olunur, digərləri isə zopa ilə cəzalandırılır. Ömər Faiqə 30 zopa və bir ay həbs qismət olur. Quru taxtanın üzərində yatmaqla, quru çörəyə möhtac olmaqla keçən həbsxana həyatından sonra iki ay xəstəxanada yatmalı olur.

Məktəbi bitirdikdən sonra Ömər Faiq Qalata post və teleqrafxanasının “Morid” şöbəsinə təyin edilir. Burada işləyərkən Avropadan gələn qəzetləri mütaliə edərək xeyli dünyagörüşünü zənginləşdirir, xarici qəzetləri oxuması qadağan edilsə də, gizli yolla Avropadan gələn xəbərləri oxuyur, dostları ilə birlikdə toplantılar keçirir. Lakin bütün bu etdiklərinin nəzarət altında olduğunu, həbs olunmaları üçün fürsət axtarıldığını, tutulduqları təqdirdə dənizə atılacaqlarını bilirdilər, ona görə də təhlükə anında qaçırlar. Qalata limanından xarici bir gəmiyə minirlər. Batumda gəmi yoxlanılarkən heç bir sənədi olmadığından Ömər həbs olunur. Bir ay həbsdən sonra batumlu Osman əfəndinin zəmanəti ilə azad olunur, Azqura qayıdır.

Gavur Ömər

Anası və qohumları onu molla qiyafəsində gözlədikləri halda, tanınmış ruhani görmək istədikləri halda o kənddə elmi mübahisələr aparmağa, dünyəvi və şəriət məsələlərini müzakirə etməyə başlayır. Bütün bunlara görə ona kənddə “Gavur Ömər” adı verirlər. Azqurda məktəb açmaq istəyinə razılıq verilmədiyinə görə Tiflisə gedir, lakin orada da iş tapa bilmədiyinə görə 1894-cü ildə Şəkiyə yollanır. Şəkidə o, böyük sürprizlə qarşılaşır. Çünki Şəki sakinləri Qafqazda ilk dəfə olaraq üsuli-cədid üzrə nizamlı bir türk məktəbi açmışdılar. Ömər Faiq bu məktəbdə müəllimliyə başlayır, türk dili, tarix, coğrafiya, hesab və imladan dərs verir. Xüsusən, imla dərslərində şagirdlərə modern həyatın üstünlüklərini izah edən Ömər Faiq az da olsa, bu yolla cəhalətlə mübarizə aparmağın mümkün olduğunu yazırdı: “Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün yad və xəyalların köhnəliyə bağlandığı bir vaxtda bir məmləkətdə ilk açılan bir milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.

Bu məktəbi sünni müsəlmanlar açdığına görə, şiə uşaqları az gəlirdi, ona görə də sünnilərdən ayrı yaşayan şiələr də tezliklə öz məktəblərini açırlar, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər. Daha sonra Şəkidə üçüncü bir məktəbdə açılır.

Şəkidəki fəaliyyəti müddətində Ömər Faiq Axundovun “Məstəli şah” pyesini tamaşaya qoyur, “Müsyo Jordan” rolunu özü oynayır.

İnsanların aşırı cəhalətinə etiraz olaraq bir dəfə müəllim Abdulla bəy Əfəndizadə ilə birlikdə Zəyzid kəndinə gedərkən yolları “Öskürək” pirinin yanından düşür. Burada bir ağacın üstündəki ipləri görən Ömər Faiq kibrit yandıraraq onların üzərinə atır və pir yanmağa başlayır. Alovun yüksəldiyini gördüklərinə cəld qaçırlar. Kəndə çatdıqlarında isə iki müəllim itlərin hücumuna məruz qalırlar, bunu öz aralarında zarafata salaraq pirin qəzəbi kimi yozurlar.

Şəkidə olduğu müddətdə Ömər Faiqi düşündürən əsas problemlərdən biri qadın hüquqları ilə bağlı idi: “Hər yanda olduğu kimi burada da qadın hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər”. Ömər Faiqə görə şəriətin və kişi istibdadının buxovlarından yalnız qadınlar öz iradələri ilə çıxa bilərlər, çünki başqa cür heç kim onlara kömək etməyəcəkdir.

1896-cı ilin yazında Şəkidə xəstələndiyinə görə Ömər Faiq Gəncəyə gəlir, Gəncənin durumu onu dərindən sarsıdır. Həmin dövrün Gəncəsini belə təsvir edir: “Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir…Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı burada, yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”.

Ömər Faiq ümid arxasınca yenidən Tiflisə gedir, lakin burada da heç nə edə bilmir: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idilər”.

1898-də Ömər Faiq yenidən Şəkiyə gedir. 1900-cu ildə isə ilk dəfə Bakıya gəlir. Bakıda yeganə uğurun Qızlar məktəbi olduğunu görən Ömər Faiq kapitalizmin geniş vüsət aldığı bu şəhəri belə təsvir edir: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər”.

Bakını tərk edən Ömər Faiq Şamaxıya gəlir, 1900-1902-ci illərdə burada qalır, təriqət mollalarının fanatik kütləni talaması, kütlənin ruhanilərin əlini, ayağını, bu “qismət olmadıqda” isə atının ayağını öpən insanlardan iyrənərək gələcək yazıları üçün materiallar toplayır. Ömərin buradakı müəllimliyi 1902-ci il zəlzələsi baş verdiyi dövrə qədər davam edir. Zəlzələdə dağıntılar altında qalan, hər bir şeyini itirən Ömər Faiq xanımı ilə birlikdə Axalsixə dönür.

“Şərqi-rus” qəzeti

Nəhayət ki, Ömər Faiq arzusuna yetir. Məhəmmədağa Şahtaxtlının sahibi və redaktoru olduğu türkcə dərc olunan “Şərqi-rus” qəzetində yazmağa başlayır. Lakin tezliklə redaktorla onun arasında konfliktlər başlayır. O, qəzetdə daha çox yenilikçi fikirlərin, ruhaniliyin əleyhinə yazmağın, Şahtaxtlı isə mollaların yazılarını verdiyinə görə qarşıdurmalar yaranırdı. Ömər Faiq yazır ki, bütün bunlara rəğmən o, mənsiz, mən isə onsuz ola bilmirdim. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi.
Ömər Faiqin bu dövrdəki bir xidməti Tiflisdə əldə satılan kitablar arasından “Kəmalüddövlə məktubları”nı alması və onun çapı ilə məşğul olması olur. Onun əldə etdiyi nüsxə əsasında sonralar “Kəmalüddövlə məktubları”nı Ağamalıoğlu çap etdirir.

“Şərqi-rus” qəzetində işləyərkən Ömər Faiqin toxunduğu mövzular içərisində mollaların məscidlərdə ərəbcə deyil, xalqın başa düşəcəyi türkcə xütbələrin oxunması ilə, qadınlara edilən zülmün aradan qaldırılması, türk dilinin inkişafı ilə bağlı idi. Bu barədə o yazırdı: “Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”.

M. Şahtaxtlı sahibi olduğu mətbəəni borclandırdığına görə satmaq qərarına gəlir. Bunu görən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını “Qeyrət” qoyurlar.

Mətbəədə ilk kitab Ömər Faiqin “Nəşri-asara dəvət” adlı rus inqilabından bəhs edən əsəri olur. Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsilli olduğuna görə çap icazəsi verilmir. Mirzə Cəlilin “Novruz” qəzetinə də razılıq olmur. Lakin nəhayət, Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olurlar. Ömər Faiq yazır: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.

Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər aydınlar kimi Ömər Faiqi də hiddətləndirirdi: “Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən”.
Molla Nəsrəddin jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. “Bir neçə günlüyə” adlı məqaləsində yazırdı: “Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır”.

Ömər Faiq xatirələrini “Molla Nəsrəddin” jurnalı ilə bitirir. Artıq onun qarşısında 1937-ci ildə güllələnməsinə qədər davam edən aydınlıq bir yol vardı.

Dilqəm Əhməd

Qaynaq:

1. Ö.F. Nemanzadə: “Xatirələrim”- “Gənclik”, 1985
2. Ö.F. Nemanzadə: “Seçilmiş əsərləri”, “Yazıçı”, 1992