Firidun AĞAZADƏ
Ey digital dünya!
1988-ci ilə bir ekskurs edim. Həmin il başlanan Azadlıq Hərəkatımızda milli dil hərəkatı xətti də vardı və bu, ana dili təəssübçüləri olan biz gəncləri müstəsna bir coşqu ilə ağuşuna almışdı. Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləyirdim. Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Qabil ərklə buraya tez-tez baş çəkirdi, milli məsələlərdən, şeirdən, ədəbiyyatdan danışırdılar. Aydın məsələ idi ki, sevdiyimiz şairləri burada görmək, dinləmək bizə sonsuz fəxr duyğusu yaşadırdı. Bir dəfə “Azərbaycan təbiəti” jurnalına getmişdim yenə. Məmməd Araz gülə-gülə dedi ki, sən elə mənim ardımca gəlirsən ki!.. Heç demə böyük şair bu redaksiyanın müdiri olubmuş və bu mənə bir fəxarət hissi bəxş etdi. Bundan əvvəl elə böyük şairin köməkliyi ilə üç ilə yaxın Təbiəti Mühafizə Cəmiyyətində işləmişdim, 70-ci illərdən tanıdığım şairi Cəmiyyətdə də tez-tez görürdüm. Arada “Azərbaycan təbiəti” jurnalı üçün yazılar yazırdım. O vaxtlar Azərnəşrin üçüncü mərtəbəsində yerləşən Mədəniyyət Evində tez-tez yığışan “Çənlibel” dərnəyi, sonra Azadlıq Meydanı “milyonlardan biri tək” məni də çağırdı. Yəni, elə bundan əvvəl də milli ideyalar bizim qanımızda idi. İndi azadlıq və qurtuluş eşqimiz daha da sürəkli olmuşdu…
Dediyim kimi, biz daha çox dil cəbhəsində döyüşürdük. Siyasət bizim işimiz deyildi. Bilirdik ki, milli intibah havasına durulan, durulduqca özünə qayıdan mənəviyyatımız və bu mənəviyyatın sözlərdə daşıyıcısı olan doğma dilimiz ictimai şüur forması kimi inqilabi dəyişikliklərə laqeyd qala bilməz. Odur ki, milli intibah işığında dilimizin gah bu, gah da digər qatı açılır, aydınlaşır, yer-yurd adlarımız təmizlənir, yad və qondarma sözlərin tikanı çıxırdı ürəyimizdən. Adət-ənənələrimiz də eləcə, tarix və mədəniyyətimiz, fikir və düşüncəmiz də.
Bu yazı da həmin günlərin havası ilə yazılıb. Amma yenə aktualdır. Elə həmin günlər izahlı lüğətimizdə “qızıl” sözü diqqətimi cəlb etdi: “qızıl” – “inqilab, sosializm quruluşu, sovet sosialist üsuli-idarəsi ilə əlaqədar olan”. Yəni, məsələn, Qızıl Moskva, qızıl paytaxt, qızıl əsgər, Qızıl Ordu, Qızıl Meydan və s.
Niyə “qızıl?” – deyə redaktorluğum tutdu.
“Krasnıy” sözünü özümüz “qızıl” kimi tərcümə etmişik. Niyə? Bəlkə dilçilərimiz bilir, bu qələti-məşhuru öncə kim edib? Bəlkə bunun arxasında konkret bir şəxs dayanır? Sonra da “qızıl” deyə köləliyimizi “azadlıq” bilib tərənnüm etmişik: “Qızıl Meydan, Qızıl Meydan, söylə səndə nə sirr var?!”
Ya da kimsə, haçansa “krasnıy” sözünün tərcüməsində obrazlılıq eləyib. Və bu obrazlılıq dilimizdə silsilə sözlər yaradıb: qızıl qvardiya, qızıl ulduzlu, qızıl bayraqlı və s.
Baha başa gəlib bizə bu obrazlılıq. Manqurtlaşmaq bahasına. Amma hər şeyin öz adını demək vaxtı idi.
Niyə “qızıl”?
Axı, onsuz da bu ifadələr rus dilində belə səslənir: Krasnaya Moskva, Krasnaya stolitsa, Krasnaya Ploşad, Krasnaya Armiya, krasnaya qvardiya, krasnoznamennıy, Krasnıy krest və s.
Bu ifadələrin bəzisi dilimizə qoşa variantlı çevrilib: qızıl qvardiya – qırmızı qvardiya, qızıl bayraq – qırmızı bayraqlı.
Bəs onda niyə “qızıl?”
Adımızı unutdurublar bizə. Bir adımız da “krasnıy” idi – “qırmızılar”. 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar yaşlı azarkeşlərin yadında olar. O vaxt ingilis futbolçuları qırmızı geyimdə idi və almanlar bunu nəzərdə tutub qəzəblə demişdilər: “Qırmızı qırmızıların tərəfini tutar da..!”
İnqilabla bərabər uzun illər yad bir həyat tərzi, özləri kimi düşünməyi də ixrac ediblər yurdumuza. Haçan? On yeddinci ildə. Nə vaxt? İyirminci ildə. Biz də cani-dildən qəbul etmişik süngülər ucunda gələn üsuli-idarəni. “Qızıl” deyib əzizləmişik, tərifləmişik.
O vaxt bu yazı ilə əlaqədar mən dünya dillərində “krasnıy” sözünün tərcüməsi ilə maraqlandım. Heç yerdə “qızıl”a rast gəlmədim. Dünya xalqları “krasnıy” sözünü bizdən düz başa düşüblər. İngilislər də, fransızlar da, farslar da “Qırmızı Meydan” deyirlər… “Krasnıy” sözü təkcə bizim üçün matah imiş. Biz onu “qızıl” bilmişik.
…Və 1990-cı il 20 yanvarda qızıl qana boyandıq…