Abidənin memarlıq xüsusiyyəti və tarixi – Aşağı Gövhərağa məscidinin baş fasadı xüsusi bədii memarlıq həllinə malikdir. Məscid 1832-ci ildə inşa edilmişdir. Məscidə giriş hissəsi üç tağbəndli geniş eyvanla seçilir. Bütün ciddiliyi ilə simmetriyaya tabe edilən bu üç tağbənd mərkəz nöqtəsindən bərabər məsafədə qoyulmuş bir cüt səkkizbucaqlı daş sütun və kənarlarda yerləşdirilmiş digər iki yarımsütun üzərində quraşdırılmışdır. Mərkəzdə quraşdırılmış oxvari tağbənd yan tərəflərdəki yarımdairə şəkilli tağbəndlərdən nisbətən hündürdür. Hər iki yarımdairə tağbəndin üstündə isə memar yüngül relyefli xətlərlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurlar işləmişdir. Eyvanın həmin hissəsi hər iki yandan üzəri üfüqi xətlərlə bölünmüş şaquli plyastrlarla məhdudlaşır. Eyvanın sağ və sol tərəflərindəki bir cüt alt-üst pəncərə və onların yan tərəflərindəki taxçalar ümumi şəkildə
haşiyələnib. Bu haşiyələrin düzbucaqlı şəkildə olmasına baxmayaraq, pəncərə və taxçaların örtük konstruksiyaları yarımdairə şəklində inşa olunmuşdur. Məscidin damı Şuşanın digər yaşayış binaları kimi dördyamaclı şəkildədir. Memar Aşağı Gövhərağa məscidinin minarələrini arxa fasadın yan tərəflərində ucaltmışdır.
Abidə 1992-ci il may ayının 8-dən etibarən Ermənistanın Respublikası Hərbi Qüvvələrinin işğalı altındadır. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən, 1992-1994-cü illərdə Azərbaycan ərazilərinin 20%-i işğal edildikdən sonra Aşağı Gövhərağa məscidi də dağıdılaraq yerlə yeksan edilmişdi. Ermənilər tərəfindən Məscidin əsas binası və minarələri zirehli texnikaların atəşlərinə məruz qalaraq abidəyə ciddi ziyan dəymişdir. Tavanı bir neçə yerdən uçurdulmuş, daxildən və xaricdən divar yazıları pozulmuş, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdır.
Aşağı Gövhərağa məscidi Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı vandallıq hərəkətlərinə məruz qalmışdır:
Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Aşağı Gövhərağa məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir.
Məscidin minarələri daxildən tamamilə sökülmüş, xaricdən atəşə tutulmuş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. İkinci mərtəbənin eyvanına düzülmüş sütunlar isə təmiz yonulmuş ağac materialları yandırılmış, Məscidin Mədrəsəsi sökülüb dağıdılmış, tədris vəsaitləri və avadanlıqları qarət edilib aparılmışdır.
Məscidin həyətindəki qəbir daşlarından bir neçəsi sındırılmış, bir neçəsinin isə baş daşının üzərindən yazılar silinmişdir. Məscidin bəzək
əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.
Aşağı Gövhərağa məscidi işğaldan sonra
Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən dağıdılan və ya istifadəsiz vəziyyətə gətirilən Məscidləri haqqında
M Ə L U M A T