- Ədəbiyyat

Cəbrail HƏŞİMOV. Can nənə, bir nağıl de!

-Can nənə, bir nağıl de!
-Nağıl çoxdur, yat, bala!
Nağıllara qulaq asıb
hamıdan qaldıq dala.
-Ay nənə, de birini də.
-Ağrın alım, sözə bax,
bu dünyada bizdən savay
gör heç varmı bir oyaq?
Türklər yatıb bax orada,
çıxmır heç səsləri də.
İranlılar yuxudadır,
batıblar özləri də.
-Ay nənə, bəs ruslar necə,
onlar da mı yatırlar?
-Yox, ay bala, ruslar heç vaxt
sakit olub yatmırlar.
Onlar bütün bu dünyanı
bir-birinə qatırlar.
Bax, görürsən, Ukraynanı
rus nə günə qoyubdur?
İnsanların qanın içib,
bircə məgər doyubdur?!
Dağıdıbdır şəhərlərin
yerlə yeksan edibdir.
Camaat da baş götürüb
yad yerlərə gedibdir.
-Yaxşı, nənə, bəs Avropa?
-Hə, Avropa…
Yox, Avropa, ay bala,
çoxdan yatıb, lap bizdən də
qalıb neçə il dala.
Onlar bilmir, yaltaqlıq nə,
ya da ki rüşvət nədir.
Məmur üçün var-dövlət nə,
bir də ki şöhrət nədir.
-Heç belə də həyat olar?
Axı nənə, ay nənə,
Avropanı niyə belə
salıblar yazıq günə?
-Sən darıxma, gözəl balam,
belə qalmaz bu işlər.
Keçirərik Avropada
neçə-neçə görüşlər.
Öyrədərik onlara da
yaltaqlığı, rüşvəti.
Dağıdarlar bizim kimi
onlar da o dövləti.
-Onda, nənə, qoy böyüyüm,
mən də çatım bir yaşa.
Gedib çıxım Avropaya,
vurum təhsili başa.
Gəlib burda məmur olum,
mən də soyum milləti.
Qoy öyrənsin Avropa da
bizdən belə zilləti.
…Nəvə çəkdi təzə, güllü
yorğanını üzünə,
Rahatlandı, bir az sonra
yuxu getdi gözünə.
Orda isə, Avropada,
xalq yatmırdı, oyaqdı,
Rüşvət, yalan,korrupsiya
onlardan çox uzaqdı.
Nənə baxıb pıçıldadı:
-Yat, ay bala!
Yuxun olsun qoy şirin,
Mən də durub sənə bir az
aşdan-zaddan bişirim.