- Ədəbiyyat

Səhər ƏHMƏD. Yenə o çağ olaydı

Yenə o çağ olaydı,
Yenə yığışaraq siz
Küçəyə çıxaydınız,
Nə məsafə saxlayıb,
Nə maska taxaydınız,
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizlə birgə olaydıq.
Taksidə, avtobusda
Tıxaclarda qalaydıq,
Qalıb ilham alaydıq.

Hər gün yeni problem, hər gün bir yeni ilham,
Gəzəydik səhər-axşam.
Yenə o çağ olaydı,
Bir-birimizi görəydik,
Kəlama güc verəydik,
Söyüləydik, söyəydik,
Gizli söhbət açaydıq qürbət ölkələrindən
Işverənin şərindən
Çəkinərək çox zaman söhbəti dəyişəydik,
Yenə də deyişəydik.

Yenə o çağ olaydı,
Metrolara dolaydıq,
Dolub ilham alaydıq.
Qapıları həvəslə qucaqlarkən qaqaşlar
Maşinist qışqıraydı; arxa qapı, qoy gedək.
Sərnişinlər verəydi maşinistə pay gözəl,
Qış gözəldi, yay gözəl?
Yenə o çağ olaydı, yenə o çirkli sahil
Sular ötəydi dil dil.
Yosunlu, iyli qoxlu dalğalara dalaydıq,
Dalıb ilham alaydıq.
Qumda manqal qalayıb, suda top oynayaydıq,

Baxışımız gəzəydi qarpız qabıqlarında,
Yemək qalıqlarında,
Toyuq sümüklərində.
Çirkli qumlar üstündə yenə verib baş-başa
Yayı vuraydıq başa.
Bu yay bir başqa yaydır,
Bu yay daha da zaydır.
Hər baxışda bir qəzəb
Hər sifətdə bir əsəb.
İnsanlar daha yazıq
Planlar daha pozuq.
Arzular daha puçdur
Vay o qəlbə ki boşdur.
Yenə o çağ olaydı, yenə yığışaraq siz
Şəhərə çıxaydınız.
Arzuya bax, sevgilim, karantindən öncəmi?
Söylə, ürəyincəmi?!