XX əsr ərəb məhcər ədəbiyyatının qüdrətli söz ustadı olan şair İlya Əbu Madi şairlik sənətini peyğəmbərliyə tay tutaraq “Peyğəmbərlik sirri biz şairlərdə təcəlla edir” – söyləyir.
Bu gün müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan nəğməkar şairimiz Yusif Həsənbəyin 91 yaşı tamam olur. Təbiətinin gözəlliyi insanlarının mənəvi gözəlliyi ilə tən gələn Qubada doğulub Yusif Həsənbəy. 26 dekabr 1932-ci ildə. Dramaturq, tərcüməçi kimi ədəbiyyatımızda iz qoyan şairin şeirlərinə mahnılar bəstələnib, neçə-neçə könülləri, ruhları oxşayıb. Flora Kərimovanın ifasında “Saçlarına gül düzüm”, Oqtay Ağayevin oxuduğu “Eşqimin bəxti”, Nərminə Məmmədovanın bənzərsiz avazında eşitdiyimiz “Küləklər”, mahnıları hamıya məhrəmdir.
Yusif Həsənbəy haqqında ədəbiyyatşünas alimlər, yazarlar.publisistlər çox yazıb çox fikir söyləyiblər. Əlavə yazıya məncə,ehtiyac yoxdur. Ömrünün 91-ci baharını adlayan şairi özünün həmyerlisi, dostu və nənəmin əmisi oğlu Mirmövsüm Mirfəttah (1925-1974) oğlunun yazdığı bir qəzəllə təbrik etməkdir məqsədim. Mirmövsümün yazdığı şeir dəftərləri qalmaqdadır. Dəsti-xətti ilə 85 nömrə ilə qeyd etdiyi həmin qəzəli olduğu kimi təqdim edirəm.
“Dostumun”
(Həmyerlim, şair dostum Yusif Həsənbəyə)
Ey təbib, eylə dəva dərdinə dərman dostumun
Səndən özgə kim olar dəvası bu can dostumun.
Bilmirəm fələk neyçün dərdi verir hal əhlinə
Nə üçün eylər həmişə bağrını qan dostumun.
Tərki qıldım dövləti cahanda mən bir dost seçdim
Bəxtə bax oldu mənlə dostları düşman dostumun.
Çox can atdım görməyə, bəxtim mənə yar olmadı
Çəkdim hicrində inan min dərdi hicran dostumun.
Olmasın dərmana hacət dünyada nə dərd ola
Edə tanrım müşkülün harda var asan dostumun.
Mirmövsüməm can lazımsa dost yolunda, ey təbib,
Verim qurban ürəkdən can, mən qəzəlxan dostumun.