- Köşə

Gülyaz ƏLİYEVA. Vicdan dedikləri …

Fikirlərinə hörmət bəslədiyim, sözünə inandığım bir şəxs mənə bir dəfə deyib ki, fəlsəfi yazılar səndə yaxşı alınır. Adama inandığımdan, mən də düzmü-səhvmi edib, bilmirəm, özümü inandırmışam ki, bu, həqiqətən də, belədir. Ona görə də cəsarət edib o səpkidə bir yazıya başladım. Çoxdandır, bu cür yazı yazmırdımsa da, həmin fikri əldə rəhbər tutub (Molla Nəsrəddin inəyin quyruğundan tutub evinə qayıdan kimi) uzun fasilədən sonra yenə yazmağa başladım.

Mövzu, bir nəfər məşhurun 50 yaşa çatmasına  baxmayaraq, hələ də nə olduğunu bilmədiyi vicdan haqqındadır. Nədir vicdan? Varmı, yoxmu? Yeməlidirmi, içməlidirmi, əl vurmaq, gözlə görmək olurmu, ya  yox, bunu araşdıraq.  Doğrudur, vicdanı gözlə görmək olmur, nə də, əllə təmas edə bilirik. Odur ki, çoxları da, yəqin, bunu əsas gətirərək vicdanın nə olduğunu bilmir və elə zənn edirlər ki, o yoxdur. Amma bu belə deyil. Əslində,  dinindən, dilindən, irqindən  cinsindən asılı olmayaraq, hamıda vicdan olur və hər bir insan doğulanda vicdanı da onunla birgə doğulur.  Amma bəziləri vicdanı ilə yaşayır, bəziləri isə görür ki, o, çox səs salır, çox baş-beyin aparır, onun səsini susdurur və özü üçün “rahat” yaşamağa başlayırlar…
Hə, indi əvvəlcə görək bu vicdan deyilən nəmənə şeydir, mənası nədir?
Vicdan – qəlblə hiss etmə, dəruni bir duyğudur, insaf, mənəvi məsuliyyət hissidir, deyilənə görə. Mənşəcə ərəb sözüdür, isimdir. İzahlı lüğətdə mənası: “Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma hissi” kimi verilib.
Bizim bu  “vicdan” sözü ilə ilk tanışlığımız hələ orta məktəbin aşağı siniflərində oxuyarkən A.Səhhətin məşhur “Vətən” şeiri ilə başlayıb: “Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz…”

Hə, o zaman mənasını dəqiq bilməsək də, onu yəqin bilirdik ki, vətəni sevməyən insanın vicdanı yoxdur. Uşaq ağlımızla onu da dərk edirdik ki, vicdanı olmayan adam çox pis, hissiz, ürəksiz, alçaq biridir.
Sonralar biz bu sözə Hadinin yaradıcılığnda başqa formada rast gəldik: “Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən,
Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki!”

Baxmayaraq ki: “Vətən torpağının qəhrəman oğlu, Sənin vicdanın da, qüvvətin də var”, – misralarının da  müəllifi S.Vurğundur, amma
“vicdan” sözü  S.Vurğunun məhz “Vaqif” dramındakı məşhur misraları ilə beynimizə həkk olunub. Vicdan deyəndə ağlımıza gələn ilk misralar məhz bu olur:
“Vicdan dedikləri bir həqiqətdir,
Beşiyi, məzarı əbədiyyətdir”.

Vicdanın dediyi həqiqət dilindən, dinindən irqindın, cinsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsdə eynidir, birdir. Bir sifətlidir. Onda ikibaşlıq, ikiüzlülük olmaz, qaradərilinin də, ağdərilinin də, qırmızıdərilinin də vicdanı eyni həqiqəti söyləyir, eyni fikri deyir, müxtəlif dillərdə olsa da. Bu da onu  deməyə əsas verir ki, vicdan məsələsi bütün xalqlar və millətlər üçün eynidir, müştərəkdir. Bax bu eynilik onu güclü, başıuca, sözü keçərli edir. Həqiqətin bir sifəti var, deyirlər. Bu vicdana da aiddir. Ona görə vicdanın səsinə qulaq asanlar hər dövrdə, hər yerdə, hər xalqda hörmətlidirlər.
İndisə keçək vicdanın elmi tərifinə. Elmi ədəbiyyatda  deyilir ki, vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atsa da, əslində vicdan ictimai deyil, şəxsi keyfiyyətdir. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatlığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədi ilə uydurulmuş bir anlayışdır”.

“Heyvan” sozü məni açmasa da(rəhmətlik Məşədi İbad yadıma düşdü), baxıb görürəm ki, elə onlar da mən deyəni deyirlər, yəni: “3 manat pul, bir kəllə qənd, vəss…” yox e, deyirlər ki, vicdan məhz  əsl inasani keyfiyyətdir…Bu belə…
Keçək vicdanla bağlı başqa məsələlərə (bunu abra saldıq).

Dilimizdə “vicdanı təmiz olmaq” ifadəsi də var və tez-tez işlədilən ifadədir. Vicdanı təmiz insanlar mənən zəngin insanlardır. Vicdanı itirənlərdən isə hər cür xəyanət gözləmək olar. Yəqin ki, İ.Səfərlinin “Göz həkimi” teletamaşası çoxunun yadındadır. Orada  həkim qız İradə xəyanətlə üzləşəndə ağlına gələn sözlər məhz vicdanla bağlı olur, O,  söz verib ona əməl etməyən, eşqin qiymətini ucuz tutanları vicdansızlıqda günahlandıraraq:
“Nə çoxdur gördüyüm qoca  dünyada
Söz verib, söz alıb, söz unudanlar,
Görəsən vicdanı salırmı yada,
Eşqin qiymətini ucuz tutanlar?” – deyir.

Burada publisist Vasif Sadiqlinin bir statusu yadıma düşdü. O bu məsələyə bir qədər başqa – yumoristik yöndən yanaşır: “Mənim vicdanım təmizdir, çünki istifadə etmirəm”. Onun da bu yumoristik  ironiyası vicdandan xəbərsiz olanlaradır. Vasif Sadiqli demiş, çoxları, deyəsən, vicdanlarını ona görə işlətmirlər ki, eləcə təmiz qalsın, heç kirlənməsin.

Dilimizdə bir də “vicdan azadlığı” ifadəsi var. Bu,  vətəndaşların istədikləri dinə etiqad etmək, yaxud dindən imtina etmək azadlığı mənasındadır.
“Vicdan haqqı” ifadəsi vicdanı olmayanların tez-tez işlətdiyi anddır. Bəs nə. “Vicdan haqqı” de, keçib getsin. Səndən nə gedir ki?
Həəə,  bir də “vicdan əzabı çəkmək” ifadəsi var – görmüş olduğu bir pis işdə günahkar və ya məsul olduğunu duyaraq, vicdanın narahat olmaq və mənəvi əzab çəkmək. Bax bu vicdan əzabı çəkməyi bacaran adamlar da mənən güclü, təmiz adamlardır. İki yol ayrıcında tərəddüd edib qalan bu cür insanların Şərə yox, Xeyirə xidmət edəcəklərinə ümid etmək olar.

“Atasını artıq sevdiyi üçün bu hirslənməsi də Süleymanın çox vicdan əzabı çəkməsinə səbəb olardı” (B.Talıblı).
Bəs vicdan əzabı nədir və o necə olur? O ki gündüzlər gəzib-dolanırsan, deyib-gülürsən, yeyib-içirsən, qəlbin şad-xürrəm olur. Ağlında, əhvalında səni narahat edəcək heç nə olmur. Amma gecələr baş yastığa qoyanda ürəyinin hansısa dəruni bir guşəsindəki acı bir hiss, beyninin hansısa bir küncündəki ağrı-sızı səni yatmağa qoymur, elə eyni şeyi hey pıçıldayır ha, bax o, vicdanın səsidir, o, vicdan əzabıdır. Vicdan əzabının orijinal bədii həlli  “Qanun naminə”(“Mehman”) filmində öz əksini çox gözəl tapıb. Bu  kinoda Züleyxaya onun əri gənc prokuror Mehmanı gözükölgəli etmək üçün Qaloş qızıl saat bağışlayır. Saatı alan Züleyxa sonra bu saatın ona hədiyyə kimi yox, rüşvət kimi verildiyini anlayanda səhvini başa düşür. Bundan çox peşman olur və vicdan əzabı çəkməyə başlayır. Bu hiss onu yatmağa qoymur. Beynində ancaq o saatın tıqqıltısı səslənir. Yatanda isə saatın hər iki tərəfi kəsici  xəncər şəklindəki əqrəbləri Züleyxanı yuxuda qovalayır, ona çatıb  doğramasın deyə Züleyxa  yuxuda hey qaçır, dayanmaq ölümə bərabər olardı. Nəhayət, Züleyxa büdrəyib yıxılr, xəncər şəklində olan saat əqrəbləri ona çataçatda   Züleyxa qan-tər və qorxu içərisində yuxudan oyanır. Bu hal onu xəstə edir. Vicdan əzabı onu bir məngənə kimi sıxır. Aldığı saat daim  beynində çıqqıldayır, onu rahat buraxmır.

Rejssor Arif Babayev bu səhnə ilə Züleyxanın çəkdiyi vicdan əzabını çox gözəl canlandırmışdır.
Vicdanın səsi məsələsi daha bir milli kinomuzda — “Böyük dayaq”da məharətlə əks olunmuşdur. Burada vicdanın səsi Rüstəm kişinin yaxasından tutub sörğu-suala çəkir, düz iş görmədiyini Rüstəmə başa salmağa çalışır. Filmin rejissoru bu dəfə vicdanın səsini başqa bir orijinal səhnə ilə bizə çatdırır.  Rüstəm kişi evdən əsəbiləşib çıxarkən ağacın altında siqaret çəkir, bu zaman  özündən bir Rüstəmin də aralanıb ona – Rüstəmə sual verməsi səhnəsində biz Vicdanın obrazını görmüş oluruq. Birinci Rüstəm özünün doğru iş tutduğunu, camaat içinə çıxanda ona əl çalındığını inadla deyərkən ikinci Rüstəm – onun vicdanı:

“Niyə camaat sənə əl çalmalıdır, Rüstəm?” – deyə amiranə səslə soruşur. Bax bu səs məhz Rüstəm kişinin vicdanının səsi idi. Rüstəm kişi vicdanının səsinin qarşısında özünə bəraət qazandıra bilmir, vicdanının dediyi tutarlı dəlillər onu susdurur, artıq özünü müdafiə etməyə söz tapmır, səhvini başa düşür. Vicdanının səsi onu düz yola qaytarır…

O kəslər ki vicdanının səsinə qulaq asır, onlar bu həyatda hörmət sahibi olur, haqq-ədaləti itirmir və ad qazanırlar. Vay o günə ki, kimsə vicdanının səsinə qulaq asmaya və vicdanın susdura. (Bu arada Vidadi Babanlının “Vicdan susanda” əsəri yadıma düşdü).
Onu bilirəm ki, doğrudan da,
“Vicdan dedikləri bir həqiqətdir…”

Hərdən özünüzə əziyyət verib bir vicdanın – həqiqətin  səsinə də qulaq asın, mənəvi cəhətdən təmizlənin, uduzmazsınız.
Çünki vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir. O bunu Vicdanın səsi ilə deyir, Vicdanın səsi ilə bildirir. Vicdanın dediklərinə əməl edin, çünki:

“Vicdan dedikləri bir həqiqətdir,
Beşiyi, məzarı əbədiyyətdir…”