- Ədəbiyyat

Afaq MƏSUD. Müdir

Pillələri qalxdıqca canı ağrıyırdı. Qorxudan ağrıyırdı, ya həyəcandan ağrıyırdı, burası dəqiq deyildi. Canı eynilə beləcə bu pillələri qalxmayanda da, evdə, əlində qələm, belini əyib gözünü qabağındakı boş kağıza zilləyəndə də ağrıyırdı. Uzananda da, yerində də, yatanda da ağrıyırdı. Çünki axır vaxtlar yuxuda da dizləri əsə-əsə bu pillələri qalxırdı, yeyəndə də bu pillələri yeyirdi, kağızda da bu pillələri çəkirdi…

…Gəlib qapının qabağında dayandı. Qapının üstündə iri qara hərflərlə yazılmışdı: “MÜDİR”.

…İçəri girəndə həmişə həyəcandan qulaqları tutulurdu. Müdir onu görən kimi eynəyini saçına keçirib süni təbəssümlə gülümsünürdü:

– Buyurun, əyləşin…

Müdir bu gün elə bil gecə yuxuda gördüyü qadın idi, mənalı-mənalı gülümsəyirdi, gözləri parıldayırdı.

Fikirləşdi ki, nə qədər yuxuda öpmək olardı bu qadını?!. Yuxuda sevirdi, yuxuda tumarlayırdı, öpürdü… Səhərlər  də özünü, bütün gecəni əyyaşlıq eləyən adamlar kimi hiss eləyirdi. Başı ağrıyırdı, gicgahları lükküldəyirdi…

Fikirləşdi ki, hər şey də o gündən başladı. Bu müdirlə tanış olan günün gecəsi yuxuda öpüşmüşdü onunla…

Fikirləşdi ki, bəlkə də, o gecə yuxuda elə öpüşməsəydilər, indi bu kökə düşməzdi. Axı hardan gəlib girdi o gecə bu müdir yuxusuna?!.. Uzun müddət onun haqqında fikirləşmişdi, nədi?!.. Yox, axı o gecə qətiyyən onun haqqında fikirləşməmişdi. Bütün gecəni isə bu qadınla nəfəsi kəsilə-kəsilə öpüşmüşdü. Elə öpüşmüşdü, elə bil bütün ömrünü bu məqam üçün yaşamışdı…

…Müdir əllərini çənəsinin altında daraqlayıb üzündəki rahat ifadəylə ona baxır­dı… Üzü bu gün çox rahat idi. Dodaqları elə bil azca şişmişdi.

Fikirləşdi ki, bəlkə, müdir yuxuda, doğrudan, öpüşmüşdü onunla?!. Elə deyilsə, niyə dodaqları bu kökə düşmüşdü?..

– Yenə nolub?.. Kitabın cildi qane eləmir, ya kağızın formatı?!

–…

Müdirin üzü bu gün çox gözəl idi, nə deyəcəyini fikirləşməyə ona mane olurdu.

– Qulaq asın, nə qədər olacaq bu?..

– Nə?..

– Sizin gəlib beləcə heykəl kimi oturmağınız… Gəlmisiniz, sözünüzü deyin…

…Xəcalətdən saçının dibi tərlədi. Doğrudan, başına at təpib, nədi? Niyə hər səhər gəlir bura, nə istəyir?  Bütün idarə Allah bilir onun gündə-gündə buralara niyə gəlib-getdiyini başa düşür.

Bu gün-sabah inşallah söz gedib arvadına da çatar… Onda arvadı – dərd çəkib ağlamaq üçün yaranan məzlum qadın kədərli üzüylə ona baxa-baxa hind kinolarının qəhrəmanları kimi dinməz-söyləməz göz yaşı tökəcəkdi.

Fikirləşdi ki, görəsən, niyə ağlayanda arvadı inəyə oxşayırdı?!. Gözləri girdələnirdi, burun pərələri enlənirdi, ağzı gərilirdi…

Arvadı ağlayıb-ağlayıb öz otağına keçəcəkdi, paltartikən maşının arxasına oturub dərdli-dərdli tikəcəkdi. Tikə-tikə ağzının içində zümzümə eləyəcəkdi… O da arvadının əttökən zümzüməsini eşitməmək üçün qulaqlarına qulaqcıq keçirib musiqiyə qulaq asa-asa əlinə keçən qəzet-jurnalı oxumalı olacaqdı… Səhər isə arvadı sevinə-sevinə onu oyadıb tikib qurtardığı balaca paltarı göstərəcəkdi ona. Elə göstərəcəkdi, gözləri parıldaya-parıldaya elə güləcəkdi, elə bil bütün gecəni gərilə-gərilə kədərli-kədərli oxumağı  elə bu  paltara görəymiş…

Fikirləşdi ki, yaxşı ki, evlərində paltartikən maşınları var. Bu maşın pal-paltardan qabaq elə bil arvadının ağzını tikirdi, dilini bağlayırdı…

…Müdir dərindən ah çəkdi, saçlarını əsəbi bir hərəkətlə boynunun ardında yığıb bərkitdi.

…Az qaldı ürəyi dayana. Çünki müdirin boynu dümağ və hamar idi…

Katibə də içəridə idi, gülümsəyə-gülümsəyə gah ona, gah müdirə baxırdı:

– Nazirlikdən gəliblər, sizi görmək istəyirlər…

Müdir cavab vermək əvəzinə xoşbəxt bir ifadəylə ona baxdı. Yəni ki, “Əfsuslar olsun ki, vaxtınız bitdi…”

…Bütün yolu bədəninə tər gələ-gələ, köynəyini nəmlədib onu üşüdə-üşüdə, gedə-gedə fikirləşdi ki, gör bir özünü nə kökə qoyub?!.. Alim, filosof, ali məktəb müəllimi … özünü balaca uşaq kimi aparır, gecə-gündüz yatıb qalıb o əyri-üyrü nəşriyyatda…

…Əsəbiliyindən tüpürdü… Tüpürcəyi qabağında gedən qızın çiynində daşıdığı çantanın qapağına düşdü.

Dəsmalını çıxarıb üz-gözünü qurulaya-qurulaya fikirləşdi ki, axırıncı dəfə olsun, bir də ayağı dəyməyəcək buralara. Kitabını nəşr eləmək istəyirlər, qoy özləri axtarıb tapsınlar onu, yalvarsınlar… Sonra da fikirləşdi ki, günü sabah gedib kitabın nəşrini saxladacaq. Belə fikirləşəndə boğazını qəhər tutdu…

Bu kitaba, az qala, bütün ömrünü həsr eləmişdi. Neçə illərin yuxusuz gecələri, elmi şuralar, mübahisələr…

Cəhənnəmə olsun hamısı. İndi daha heç nə istəmir, heç nə lazım deyil ona… Nə kitab, nə elmi şura, nə institut, nə ailə, heç nə, heç nə… Hər şeydən ürəyi bulanır…

Müdir yenə ağdərili gözəl üzüylə, ağıllı, qara gözləriylə gözünün qabağına gəldi. Burnuna da onun iyi gəldi…

Gedə-gedə fikirləşdi ki, kaş bu dəqiqə evdə olaydı. Kaş bu dəqiqə tək olaydı, qapı-bacanı kip bağlayıb ulaya-ulaya ağlayaydı.

…Sonra başının tükü qabara-qabara fikirləşdi ki, deyəsən, başına hava gəlir.  Hə, dəli olurdu… Qırx iki yaşında, ağıllı-başlı adam, üç uşaq atası…

…Açarı kilidə salıb burdu…

Arvadı dəhlizdə, əlində kəfkir qapıyla üzbəüz dayanıb ona baxırdı… Kəfkir buğlanırdı, arada bir yağı süzülüb yerə damcılayırdı. Damcıladıqca da bozbaşın iyi bütün dəhlizi bürüyürdü, onun ürəyini bir az da pis bulandırırdı…

İçəri girib əsəbi bir səslə:

– Tökülür!.. – deyib çığırdı.

Arvadı dik atılıb kəfkirlə mətbəxə qaçdı. Uşaqları hərəsi bir otağın qapısından boylanıb ona baxdılar…

İstədi əvvəl həmişəki kimi:

– Nədi, tamaşa-zad var?.. – deyib acılasın uşaqları, sonra nədənsə ürəyi ağrıdı onlara. Ürəyi ağrıya-ağrıya da fikirləşdi ki, hamısı o müdirə görədi. Çünki vaxt getdikcə hər dəqiqə özünün, uşaqlarından çox, o qadına aid olduğunu hiss eləyir…

Odu ki, əllərini yerə qoyub dəhlizin bu başından o başına meymun kimi dördəlli atıla-atıla getdi. Uşaqların o dəqiqə donu açıldı, gülüşə-gülüşə gəlib onun boynuna sarıldılar, belinə mindilər.

Dördəlli yeriyə-yeriyə gəlib mətbəxdə arvadının kök ayaqlarıyla, köhnəlib ağarmış, enlənib ağzı-burnu əyilmiş başmaqlarıyla üzbəüz dayandı.

Arvadının ayağından mastika iyi gəlirdi…

Yox, mastika iyi döşəmədən gəlirdi. Uşaqlar elə kürəyindəcə əyilib döşəməni iylədi.

– Mastika çəkmişəm…

Bunu arvadı dedi. Elə dedi, elə bil günah iş tutmuşdu.  Deyə-deyə də kəfkiri qazanın içində buladı.

Uşaqları kürəyindən düşürüb ayağa qalxdı, nifrətlə arvadının üzünə baxdı.

…Arvadı qazanın içinə elə baxırdı, elə bil özünü xörəyin içinə atıb öldürmək istəyirdi…

…Qazanın içində pıqqapıqla ət parçaları qaynayırdı, ətin kəfi qalxıb xörəyin üzünü bağlayırdı… Arvadı kəfkirlə nə  qədər yığırdısa  da, bir şey alınmırdı, xörəyin üzü yenə kəfin boz, qalın qatıyla örtülürdü…Elə bil qazanın içində pıqqapıqla qaynayan ət yox, elə kəfin özü idi. Arvadı onlar üçün nahara kəf şorbası bişirirdi…

Xörəkdən də mastika iyi gəlirdi… Mastika iyi başdan-ayağa arvadından gəlirdi, onun əllərindən gəlirdi. Arvadı mastikalı əlləriylə doğramışdı əti, mastikadan da yağ əvəzinə bir parça qoparıb qazanın içinə atmışdı, əti o ərinmiş mastikada qovurmuşdu…

Arvadı gözünü qazandan çəkib qorxa-qorxa onun üzünə baxdı:

– İçində bişər… – dedi.

Fikirləşdi ki, nə desin indi buna, neyləsin?!.  Qazanı eləcə qaynaya-qaynaya qaldırıb əndərsin başına, sonra da desin: “ Di indi bas burdan bayıra…?!.”

Fikirləşdi ki, ox, necə ləzzətlə deyərdi bu sözü?!. Bu dəqiqə bu sözü demək üçün bütün dişlərinin dibi bircə-bircə gicişirdi, dili qaşınırdı…

Oğlu gəlib aralarına girmişdi, belini qucaqlayıb altdan-yuxarı ona baxırdı…

***

…Üstündə “Müdir” sözü yazılmış qapını rəngləmişdilər. İndi qapı açıq-mavi rəngdəydi.  “Müdir” sözü ağ hərflərlə yazılmışdı. Qəbul otağı bomboş idi. Katibə qız harasa qeyb olmuşdu. Məzuniyyətə getmişdi, nədi?!.

Otağın qapısı açıq idi. Müdir stolunun arxasından əllərini həmişəki kimi çənəsinin altında çarpazlayıb ona baxırdı.

…İçəri keçib müdirlə üzbəüz əyləşdi. Müdir gözlərini həzin-həzin yumub-açdı.

Ürəyi həyəcanla çırpındı. Müdir heç nə demirdi, danışmırdı, sinəsi asta-asta qalxıb enə-enə ona baxırdı. Deyəsən, nəhayət, başa düşürdü ki, sözün özü kimi hər şeyi ucuzlaşdıran, mənasızlaşdıran ikinci bir şey yoxdu dünyada.

İndi nəsə eləmək lazım idi… Odu ki, stolun altından bir ayağını qabağa uzatdı… Ayağı uzandıqca uzanırdı, uzanırdı, amma gedib bir yerə çıxmırdı.  Elə bil ayağı müdirin stolunun altını keçib harasa uzaqlara sürünürdü…

… Müdir dodağının bir tərəfiylə astaca gülümsədi, dodaqları par-par  parıldadı…

…Yenə içində nəsə tərpəndi, başı hərləndi. Qalxıb dizləri əsə-əsə qadına sarı yeridi, dizi üstə oturdu, başını dizlərinə söykədi…

Müdirin dizləri balış kimi kök və yumşaq idi, bu yumşaqlıqdan adamı lap yuxu tuturdu… Sonra müdirin nazik, yumşaq əli saçında gəzdi, üzünü sığalladı, onda onun az qaldı nəfəsi kəsilə…

…Yuxudan zorla ayıldı. Nəfəsi təngiyə-təngiyə oyanıb qaranlıq, sakit otağın tavanına baxdı.

Çilçıraq yellənirdi… Ya gözünə görünürdü?!.

Qalxıb yerinin içində oturdu, üz-gözünü ovub çilçırağa bir də baxdı. Çilçıraq yellənmirdi.

…Arvadı yatmışdı. Sonra arvadı elə yuxudaca gəyirdi.

Fikirləşdi ki, yəqin, arvadı yuxuda yenə nəsə yeyir. Həmişəki kimi barmaqlarının arasından süzülən yağı sümürür.

Qalxıb yorğan-balışını götürdü. O biri otağa keçib balışı xalçanın üstünə atdı, uzanıb yorğanı başına çəkdi.  Sonra nə fikirləşdisə, yorğanı da, balışı da bir yana tullayıb, əl-ayağını uzadıb  quru döşəmənin üstündə uzandı.

…Arvadının qarnının qurultusu burda da eşidilirdi. Ya bəlkə, çarpayı cırıldayır­dı?!.

Fikirləşdi ki, arvadının qarnı quruldamasın, neyləsin?!.. Sonra arvadının bayaq naharda bəbəkləri irilə-irilə, həris-həris cücə çığırtması yeməyi düşdü yadına. Fikirləşdi ki, həmin o bədbəxt cücələr idi, arvadının qarnında yazıq-yazıq çığırırdılar.

Sonra da fikirləşdi ki, görən, niyə Allah-taala o yazıq cücələrin səsini eşitmir, niyə bu qarınquluya qənim olmur?!.

Arvadı toyuğun başını elə üzürdü, deyirdin bəs cəlladdı. Sonra kök əlləriylə, vəhşi gözləriylə tüklərini yoluşdurub qol-qanadını dartıb, yerindən çıxarırdı… Sonra hə­­min o qanlı əlləriylə də duzunu, istiotunu vururdu.

Fikirləşdi ki, ümumiyyətlə, hərdən o kədərli ağlamağına baxmayaraq, arvadı çox qəddar adamdı. Desəydilər ki, ərləri də yemək olar, şübhəsiz ki, onun da başını, gözünü beləcə qırpmadan üzüb, qol-qıçını yerindən qoparardı…

O biri otaqdan arvadının xorultusu eşidilirdi… Arvadı xoruldayıb hərdənbir də dəli kimi gülürdü…

…Yağış yağırdı …Telefon köşkünün döşəməsi deşik-deşik idi deyə bayaqdan bəri suyun içində dayanmışdı.

– Alo… Bəlkə, danışasız?!. – dəstəyin o başından müdirin cingiltili səsi eşidilirdi…

– …

…Ürəyi az qalırdı dayana.

– Belə yağışlı gündə… yəqin, islanmısız. Heç olmasa danışın, bəlkə, bir az isinəsiz…

Başını köşkün şüşəsinə söykəyib dişini dişinə elə sıxmışdı, az qalırdı çənəsi çatlaya. Nə deyəydi axı?!. Axı deməyə sözü yox idi.

Deyəydi ki, sevirəm səni?!.. Axı sevmirdi də… Onda bəs nə istəyirdi?…

Gözünün yaşı isti idi deyə əlinin üstünə düşdükcə buğlanırdı…

…Arvadı yenə mətbəxdə nəsə bulayırdı, çömçə qazanın dibinə dəydikcə xırıldayırdı.

Soyunub əl-üzünü yudu, keçib stolun arxasında əyləşdi. Arvadı dinməz-söyləməz, əlində göyərti, xörək gətirib stolun üstünə düzdü.

Mədəsi sıxıla-sıxıla sancdı. Çəngəli götürüb tikəyə batırdı, ağzına qoyub çeynədi.

Ətin dadı yox idi. Çeynəyib-çeynəyib tüpürdü. Xiyarı dişlədi. Xiyarın da dadı yox idi… Sonra  tez-tez , dalbadal çörəyin, duzun, turpun dadına baxdı. Heç bir dad hiss eləmirdi. Ağzının dadı itmişdi.

Əyilib xörəyi iylədi. İy də hiss eləmirdi. Aclığı da yox idi. Keyimişdi, nədi?!.

Əllərini qoltuğuna soxub əsəbi-əsəbi qıçlarını əsdirdi. – Demək belə…

…Müdir yaxasının düyməsini aça-aça ona baxırdı. Düymələr açıldıqca onun gözü yaşarırdı, gözünün yaşı yanağı boyu süzülürdü…

– Noldu, sənə?…

Bunu onunla üzbəüz oturan arvadı dedi. Əlində dolma, gözləri təəccübdən, heyrətdən ağara-ağara onun üzünə baxırdı. Uşaqları da çəngəlləri əllərində donub onun üzünə baxırdılar.

– Ağrıyıb-eləmirsən?..

– Ağrıyıram…

Qalxıb o biri otağa keçdi, divana uzanıb gözünü tavana zillədi.

Arvadı gəlib qapının ağzında durmuşdu, yenə kədərli üzüylə, inək burnuyla ona baxırdı.

– Bəs niyə yemədin?..

– …

– Bəlkə, ayrı şey qayırım?..

Üz-gözü əsəbiliyindən elə yığıldı ki, dərisi göynədi:

– Xörəyi qayırmazlar, bişirərlər!…

Arvadı başını aşağı salıb gözləyirdi.

…Əsəbiliyindən boğula-boğula fikirləşdi ki, indi bax bu yönsüz insan nə istəyir ondan?.. Niyə dayanıb mal kimi baxır ona?.. Nəyi gözləyir?…

Sonra birdən-birə, ürəyi partlaya-partlaya başa düşdü, bu inək nə istəyir ondan. İstəyir o da onun kimi, dünyanın ən xoşbəxt adamı kimi bir qab dolmanı yeyib ləzzətlə barmaqlarını yalasın, sonra üstündən rahat-rahat çay içib gəyirsin, əllərini göyə açıb “Şükür sənə, ilahi!.. – desin.  –Biz yedik, doyduq, qoy aclar da doysun!”

Fikirləşdi ki, bu nə əttökən sözdü axı?!. Biz yedik, doyduq, qoy aclar da doysun. Bəyəm doymaqla hər şey düzəlir, qurtarır, tamamlanır?!.

…Arvadı hələ də qapının ağzındaydı, hələ də ona baxırdı.

…Qapını bu üzdən kilidləyib işığı keçirmişdi, stolüstü lampanı yandırıb yazırdı…

“…Bəlkə də, mənim bu hərəkətim səfehlik gələcəkdi Sizə, amma məsələ ayrı cürdü…”

…Yazıb dayandı, sonra kağızı cırıb zibil vedrəsinə soxdu. Təzədən yazmağa başladı: “…Yalvarıram Sizə, mənə bu qədər əziyyət verməyin…”

…Vay, vay, vay, bu lap, əttökən çıxdı.

Kağızı əlinin içində bürmələyib sıxdı. Sonra nəyə görəsə üşüdü. Şkafı açıb içində eşələndi, arvadının jaketini çıxarıb əyninə geydi. Jaket tökülürdü əynindən. Qollarını çirmələyib bir müddət pəncərənin qabağında dayana-dayana qaranlıq şəhərə baxdı… Ondan fərqli olaraq şəhər sakit yuxunun içindəydi…

Hiss elədi ki, içalatı gah elə bil sinəsinə qalxdı, gah da aşağı enib, az qala, dizlərinə düşdü.

Burnuna hardansa qaxsımış yağ iyi gəldi. Ayağa qalxıb dar-divarı iyləyə-iyləyə evi dörd dolandı. Sonra əynindəki jaketi iyləyib öyüdü, ildırım sürətiylə əynindən çıxarıb otağın o biri küncünə tulladı.

…Bir azdan yenə qaranlıq otaqda uzanıb tavana baxırdı. Gözlərinin qapağı yorğun-yorğun acışırdı. Yuxusu gəlirdi. Yenə yuxu qorxulu duman kimi hardansa sızırdı otağına,  qaranlıq döşəmənin üstüylə sürünüb ilan kimi  qıvrıla-qıvrıla bir pillə yuxarı qalxırdı, bədəni boyu ilıq su kimi yayılırdı canına…

Yuxudan müdirin iyi gəlirdi… Müdir yenə tilsimli üzüylə ha tərəfdənsə ona yaxınlaşmaqdaydı… Yox, yatmaq olmazdı. Bir də o qadınla qucaqlaşmağa, öpüşməyə daha halı yox idi.

…Qalxıb oturdu, üz-gözünü ovub siqaret yandırdı. O biri otaqlardan arvadının səsi gəlirdi…

Arvadı kədərli səslə ağzının içində zümzümə eləyə-eləyə elə bil nəsə sürtürdü… Qazan sürtürdü, nədi?!. Sonra fikirləşdi ki, gecənin bu vaxtı da qazan sürtərlər?.. Bəs onda nə sürtürdü, görən?.. Qapını astaca açıb barmaqlarının ucunda dəhlizə  boylandı.

Otaqlar qaranlıq idi. Uşaqlar yatmışdı. Bircə mətbəxin işığı yanırdı. Əyilib mətbəxə baxdı.

Arvadı mətbəxdə tək-tənha oturmuşdu… Ayağının biri sudaydı, o birini uşaq kimi qucağına alıb dabandaşıyla sürtürdü. Sürtüb-sürtüb arabir dırnağıyla nəyi isə qaşıyıb qoparırdı, sonra o qopardığını işığa tutub uzun müddət diqqətlə baxırdı.

…Arvadına baxdıqca hiss eləyirdi necə qapqara nifrət yeriyir canına, necə gözləri qaralır, başının sümükləri sıxılır.

Dişlərini bir-birinə sıxa-sıxa fikirləşdi ki, onu dəli eləyən müdir deyildi, yox. Nəinki müdir deyildi, o müdirin,  əslinə qalsa, bura heç bir dəxli yox idi.

Sonra nəfəsi, az qala, kəsilə-kəsilə fikirləşdi ki, görən, Allah belə yönsüz məxluqu niyə yaradıb və əgər belə bir məxluq bir səhv üzündən yaranıbsa da, niyə buna ölüm göndərmir?… Sonra da çiynindən, az qala, sürüşüb düşən yorğanı düzəldə-düzəldə fikirləşdi ki, bəlkə, özü öldürsün bunu?..

Orası yüz faiz dəqiq idi ki, arvadı yoxa çıxsaydı, adam halına düşəcəkdi. Sonra uzun müddət, arvadının aşağı əyildiyindən sallanıb bir-birinə dəyən uzunsov döşlərinə baxa-baxa fikirləşdi ki, necə öldürsün axı bunu?!.  Sonra bu barədə bir qədər sonra, öz otağında divana uzanıb gözlərini tavana zilləyə-zilləyə bir xeyli fikirləşdi…

Arvadını üç cür öldürə bilərdi: zəhərləmək, balkondan baxanda arxadan itələmək, vanna qəbul eləyəndə başından suya basıb boğmaq. Sonra hər üç vəziyyətdə arvadını öldürdüyü yerdə gördü özünü… Gözləri qan çəkib qızarmışdı, rəngi sarala-sarala, saçı tərli alnına yapışa-yapışa, əlləri əsə-əsə boğurdu arvadını… Arvadı isə boğulmurdu. Nə rəngi dəyişirdi, nə gözünün ağı böyüyürdü. Arvadı boğulmaq əvəzinə ağzını açıb rahat-rahat əsnəyirdi.  Pəncərədən itələyəndə  arvadının paltarı məhəccərə ilişib onu qarmaqdan asılan balıq kimi havada saxlayırdı.  Onda arvadı qarmaqdan asıla-asıla ayaqlarını tərpədib yelləncəkdəki kimi yellənirdi və yellənə-yellənə də oxuyurdu:

– Güllər üstə uçan-qaçan kəpənəyəm…

…Səhər mətbəxdən gələn fısıltı səsinə ayıldı. Ayağa qalxıb oğrun-oğrun dəhlizə çıxdı.

…Arvadı mətbəxdə arxası ona tərəf oturub dolma bükürdü. Bükdükcə də fısıldayırdı. Buradan baxanda üzünün yanı görünürdü. Alnında muncuqlayan tər damcıları burnunun üstüylə bir-bir süzülüb ətin içinə düşürdü, sonra yağlı barmaqlarıyla  o ətdən bürmələyib yarpağın içinə basırdı, büküb səliqəylə qazanın içinə düzürdü.

Bir azdan arvadı bu qazanı zümzümə eləyə-eləyə odun üstə qoyub bişirəcəkdi, naharda isə bu tərli dolmaları ona yedirdəcəkdi…

…Ürəyi pis-pis bulandı. Fikirləşdi ki, arvadı bu tərli dolmalardan Allah bilə nə qədər yedirtmişdi ona?.. Demək on altı il idi arvadı tərini, çirkini, Allah bilə nələrini yedirtmişdi ona?!.

…Arvadı əlində dolma, çönüb gülümsər üzüylə ona baxdı.

– Ətimiz qurtarıb, gələndə bazara dəyəydin…

Üz-gözünü turşudub hamama keçdi, əl-üzünü yuya-yuya fikirləşdi ki, bu nə süni danışıqdı?!. “Dəyəydin…”

Soyuq su üzünə dəydikcə elə bil üzüylə bərabər ürəyini də yuyurdu, əsəblərini sakitləşdirirdi… Yenə müdiri görürdü… Müdir ağappaq bağçada,  balaca dəyirmi masanın arxasında oturub ağ fincandan ağappaq  süd içirdi… Süd ağzının kənarıyla süzülürdü…

…Bazarda adamdan çox milçək vardı… Ətsatan  oğlanın kök, tərli sifətinin ifadəsi dəyişmirdi.

– Yağlısı da, yağsızı da birdi… Təzə ətdi, dolmalıqdı…

Sonra iri, yağlı ət parçasını nazik kağıza büküb onun qucağına atdı:

– İyirmi altı manat…

– Açığı, ölmək istəyirəm, qardaş…

Sonra dostu bəbəkləri irilə-irilə keçən ilin yayında  Yaltada tanış olub vurulduğu qadından danışdı. Qadının beli çox nazik idi, bir də güləndə sol yanağında  batıq əmələ gəlirdi. Bir sözlə, dostu ölürdü onunçün, odu ki, özünü öldürmək istəyirdi…

…Açarı kilidə salıb qapını açdı. Ev sakit idi. Deyəsən, uşaqlar yatmışdı. Bircə böyük otaqda, deyəsən, televizor işləyirdi.

İçəri keçib qapını örtdü. Böyük otaqdan simfonik orkestrin kədərli musiqisi eşidilirdi. Barmaqlarının ucunda  asta-asta otağa keçdi. Televizorda bir dəstə eynəkli  skripkaçı  qaşları ortadan yuxarı dartıla-dartıla skripka çalırdı.

…Burdan baxanda arvadının  ancaq peysəri görünürdü. Arvadı televizorla üzbəüz kresloda, arxası qapıya oturmuşdu.

…Bir istədi çönüb barmaqlarının ucundaca öz otağına keçə, qapını o üzdən kilidləyib başını balışın altına soxa, sonra başa düşdü ki, divarın içinə belə girsə, bu eynəkli orkestrin ürəküzən cüyültüsündən  yaxa qurtara bilməyəcək. Odu ki, televizora yaxınlaşıb səsini azaltdı. Çönəndə ürəyi qırıldı.

Arvadı kresloya yayxanıb  ağzıaçıq yatmışdı.  Paltarı sivrilib yuxarı qalxmışdı.  Burdan baxanda televizorun zəif işığında arvadının dizindən bir qarış yuxarı qaralan tüklü budları görünürdü. Ürəyi döyünə-döyünə fikirləşdi ki, bu  necə ola bilərdi axı?!.  Axı bu on altı il ərzində arvadının bədənində bircə dənə də olsun tük görməmişdi. Bəlkə, arvadı təzəlikcə belə tüklənmişdi?.. Sonra birdən ağlına gələn təzə fikirdən az qaldı nəfəsi kəsilə, fikirləşdi ki, bəlkə, arvadı qar adamı kimi başdan-ayağa  beləcə tüklü idi, gecələr, hamı yatandan sonra gizlin-gizlin tüklərini təmizləyib atırdı?!.

Sonra gözü yerdə, arvadının ayağının altında  ağaran əzik-üzük kağıza sataşdı. Əyilib kağızı götürdü, açıb televizor ekranının işığına tutdu. Kağızda xırda hərflərlə yazılmışdı:  “…Heç bilmirəm necə yaşayım… indi həyatımın davamı təkcə Sizdən asılıdı…”

Bu nə demək idi?!. Demək, arvadı o evdə olmayanda zibil vedrəsində eşələnir, onun cırıb atdığı bütün kağız-kuğuzu yoxlayır?!.. Yəqin, kağızı oxuyan kimi yenə arvadı burnu enlənə-enlənə ağlamışdı… Ağlayıb-ağlayıb əldən düşmüşdü, odu ki, indi beləcə yayxanıb özündən getmişdi. Elə bil ölmüşdü. Hə, burdan baxanda arvadı ölüyə oxşayırdı. Gözlərinin altı qaralmışdı, üzü rəngsiz idi…

…Barmaqlarının ucunda arvadına yaxınlaşdı, əyilib qulağını sinəsinə qoydu… Arvadı ölməmişdi, gözlərini açıb indi lap yaxından baxırdı ona.

…Dikəlib əlindəki vərəqi cibinə soxdu.

Arvadı da dikəlib oturdu, ətəyini dizinin üstünə çəkdi.

– Televizoru keçirim?..

…Arvadı cavab vermədi. Televizor ekranının işığında gördü necə yavaş-yavaş arvadının gözləri doldu, necə burnunun pərələri may böcəyinin qanadları kimi tir-tir titrədi…

***

…Müdirin qəbul otağında ondan savayı, iki adam vardı. Ortayaşlı eynəkli qadın, bir də cavan bir oğlan. Qadın əlindəki qəzetlə üzünü yelləyə-yelləyə nədənsə gözünü ona zilləmişdi. Cavan oğlansa qovluğunu dizinin üstə açıb bir-bir  diqqətlə sənədləri oxuyurdu.

…İçəri girəndə həmişəki kimi gözləri qaraldı və bir müddət  otağın ortasında kor adamlar kimi dayana-dayana fikirləşdi ki, necə oldu gəlib yenə bu otağa girdi?!.

…Müdir bu gün çox əsəbi idi. Gözlərinin altı kölgələnmişdi, saçı dağınıq idi. Səsi də elə bil əvvəlki deyildi. Üzünü yığıb ona baxdı:

– Vaxtım yoxdu, uzatmayın xahiş eləyirəm…

…Gəlib üzbəüz oturdu. İndi lap yaxından görürdü üzünü, dərisini, gözünün içini…

…Müdir onun dinmədiyini görüb bayaqdan dişinə söykədiyi qələmi əsəbi-əsəbi stolun üstünə atdı.

– Bura baxın, bura idarədi. Sözünüz varsa, buyurun eşidirəm. – Müdirin qaşları indi də əsəbi-əsəbi yuxarı gərildi.

Müdir danışdıqca ilk dəfə hiss elədi ki, “s” hərfini, “f ” kimi deyir və ümumiyyət­lə, bu qadına heç nə deməyi yoxdu.

…Sonra bütün yolu, ta evəcən gələ-gələ ciyərləri elə bil tutulurdu, nəfəsi itirdi. Hava bürküydü, ona görəydi, nədi, nəfəs almaq olmurdu. Boğazı susuzluqdan göynəyirdi.  Yolun üstdəki su köşkləri  də tərslikdən bağlı idi. Şəhərin suyu qurtarmışdı, nədi?!. İstidən bütün bədəni əriməyə başlayırdı, hiss eləyirdi, necəsə üstündə dayandığı  yekə ayaqları da yumşalır yavaş-yavaş.

Dayanıb nəyisə gözləməyə başladı. Nə isə gəlib onu aparmalıydı. Avtobus, ya maşın, bəlkə də, təyyarə…

Yol bomboş idi. Qızmar günün altında yol da yumşalıb əriməyə başlamışdı… Yol əriyib qapqara mürəbbəyə dönəcəkdi, buğlana-buğlana, onu da sümürə-sümürə axıb harasa gedəcəkdi…

…Üzbəüz səkidə qəzet köşkünün yanında qoca bir kişi oturub gündən üz-gözünü yığa-yığa ona baxırdı… Baxdıqca da dişsiz ağzı qulaqlarına çata-çata elə bil gülürdü. Ona gülürdü, ya gün gözünü qamaşdırırdı, ona görə üzünü yığıb ağzını belə açmışdı, ya bəlkə, günün istisindən havalanmışdı, ona görə belə gülürdü?!.

…Evə çatanda susuzluqdan dilçəyi mişar kimi boğazının yolunu kəsirdi. İçəri girib düz mətbəxə getdi. Kranın dəstəyini oyan-buyana hərlədi. Su gəlmirdi…

Qaz pilətəsinin üstündə yenə ət qaynayırdı, yenə ətin kəfi bozara-bozara xörəyin üzünü tuturdu. Arvadı hardasa o biri otaqlardaydı.

Çaynikdə su vardı. Stəkan götürüb süzdü. Çaynikin lüləyindən boz rəngdə bulanıq su töküldü stəkana.

Stəkanı işığa tutub içinə baxdı, çalxaladı. Bu nə demək idi axı?! Əsəbilikdən qulaqları tutula-tutula çığırdı:

– Ay qız!…

…Arvadı hay vermədi. Səsi o biri otağa gedib çatmadı, nədi?!. Sonra birdən fikirləşdi ki, bəlkə, arvadı heç yoxdu evdə?!.

Gəlib yataq otağının qapısını açdı. Arvadı eyvanda idi, nərdivana dırmaşıb zümzümə eləyə-eləyə şüşə silirdi…

Gəlib eyvanın qabağında durdu. Bir müddət nəfəsini saxlaya-saxlaya dayanıb aşağıdan-yuxarı – budlarının, yançaqlarının əti titrəyə-titrəyə, tərli paltarı döşünün altına yapışa-yapışa şüşə silən  arvadına baxdı.

Arvadı onu görmürdü, şüşənin o üzündə, nərdivanın yuxarı pilləsində  bütün bədəniylə yuxarı dartılıb nəfəsliyin şüşəsini silirdi.

Arvadı elə durmuşdu, elə bil bu dəqiqə qanad açıb göyə uçacaqdı. Sonra arvadını elə beləcə – nərdivanın üstündə, bir əlində şüşəsilən əsgi, o biri əli nərdivanın böyründə, burdan  bu eyvandan qopub göyə qalxdığını gördü. Arvadı zümzümə eləyə-eləyə göyə qalxırdı… Qalxdıqca da əlindəki əsgiylə şüşə əvəzinə buludları silib parıldadırdı…

…Arvadının heç hara uçmaq fikri yox idi. Yerində möhkəmcə dayanıb xüsusi bir diqqətlə, səylə şüşəni parıldatmaqla məşğul idi…

…Asta-asta eyvanın qapısını açdı. Qapı açıldıqca üstünə söykənən nərdivanı hərəkətə gətirdi… Nərdivan qapıdan aralanıb bir müddət heç hara söykənmədən dimdik durdu. Bu, o an idi ki, arvadı nərdivanın başında dik atılıb yuxarıdan-aşağı yazıq-yazıq ona baxdı və ağzının içində elə bil nə isə dedi…

…Eyvana çıxıb aşağı, arvadının bu dəqiqə Allah bilə qan laxtası içində ağaran meyitinə baxmağa  ürək eləmədi. …Ürəyi sinəsini, az qala, deşə-deşə döyündü…

İçəri keçib qapını örtdü…

Aşağıdan ətürpədən çığırtı səsləri eşidildi. Çığıran, deyəsən, qonşular idi, aşağıda meyitin başına yığılıb içlərini çəkə-çəkə uyuldaşırdılar…

…Bir müddət bədəninə soyuq tər gələ-gələ dayanıb diqqətlə aşağıdan gələn səslərə qulaq asdı. Sonra hiss elədi ki, ayaq üstə dayanmağa taqəti yoxdu dizləri titrəyir… Odu ki, divara söykəndi.  Hiss elədi, necə yanlarına saldığı əlləri də əsir və ümumiyyətlə, bu dəqiqə bilmir əllərini hara soxsun…

Sonra birdən nəfəsi kəsilə-kəsilə fikirləşdi ki, indi neyləməlidi?!. Aşağı düşüb ağlaşan camaata qoşulmalıdı,  ya burda özünə balaca bir deşik tapıb gizlənməlidi, guya ki, heç evdə yoxdu?!.

Başının tükləri qabardı.

…Aşağıdan gələn hay-küy elə bil çoxalırdı, səslər get-gedə lap yaxından eşidilməyə başlayırdı. Sonra guphagupla qapıları döyülməyə başladı. Elə bil qapını dörd əllə, səkkiz ayaqla döyürdülər. ..

Var qüvvəsini toplayıb keyimiş ayaqlarını sürüyə-sürüyə qapıya getdi…

Qapını açanda ürəyi qırıldı…

…Arvadı ölməmişdi, qonşuların qucağına minib ətli qoluyla, üzünün tərini silən kimi, saçının dibindən axan qanını silə-silə nifrət dolu gözləriylə ona baxırdı…

 1990-cı il