Yayın qızmar günlərini hərə bir cür keçirir, kimi ailəsi ilə təbiət qoynunda dincəlir, kimi də uf demədən ailəsini dağıdır. Maddi sıxıntılara və övladı olmadığına görə boşananları başa düşmək olar. Bəs harınlıqdan boşananlara necə haqq qazandırasan?! Belələrinə dogma uşaqlarının taleyi də maraqsızdır. Gəlin gerçəkdən də AYIRANDIR?!
“İnadkar gəlin” (Упрямая невеста) adlı özbək filmində xəstəliyi ağırlaşan QAYNANA gəlininə yalvarır ki, təcili yardım çağırsın. Gəlin təcili yardım çağırmır. Qadının fəryadını eşidən qonşu uşaq təcili yardıma zəng edir. Bu dəfə gəlin qapıya gələn təcili yardım həkimlərinə “Bizim evdə xəstə yoxdur. Sizə yalan zəng ediblər”- deyir. Həkim briqadası gedəndən sonra gəlin evə gələn əri ilə mübahisə edir: “Sən maaşını niyə xəstə ananın iynə-dərmanına xərcləyirsən?” Mübahisə böyüyür, əri ona bir şillə vurur. Atası evinə gələn gəlin əhvalatı anasına danışanda atası eşidir və qızından dərhal ər evinə qayıtmağı tələb edir. Qız atasını eşitmir. Ata infarkt keçirir. Elə həmin gün gəlinin nişanlı qardaşı da maşın qəzasında həlak olur. Bir gündə iki əzizini itirən gəlin ərinə və qaynanasına haqsızlıq etdiyini dərk edir.
…Buna oxşar əhvalat mənim tanıdığım Azərbaycan ailəsində baş versə də, öz günahlarından ibrət almayan gəlinin ucbatından ailə və qohumluq münasibətləri tamam pozuldu. Sivil ölkələrdə QANUN belə günahkarları məsuliyyətə cəlb edir, bizdə isə…
Ölkədə boşanma faizi məhz belələri cəzasız qaldığı üçün çoxalır.
AĞRI: Tanış olun, bu, həmin gəlindir.
NANKOR GƏLİN
(olmuş əhvalat)
İl boyu üç-dörd dəfə xəstələnib yatağa düşən Əsmər xanım (adlar şərtidir) yeganə oğlunun evlənəcəyi günü səbirsizliklə gözləyirdi. Deyirdi ki, oğlum Muradın uşağını bağrıma basa bilsəydim, ölsəm də, dünyada dərdim olmazdı…
Qızı çoxdan ailə qurmuşdu. Ana həmişə namaz üstə dua edirdi ki, Allah ona elə qızı kimi ağıllı-kamallı, evdar, ailəcanlı bir gəlin qismət eləsin… Uca boylu, pəhləvan cüssəli Murad ilk dəfə qohum qızla evlənmək fikrinə düşəndə anası başını buladı: – Yox, ay oğul, qohumla təzədən qohum olmağın nə mənası var? Allah eləməmiş, birdən yola getməzsiniz, qohum-qardaşla üz-göz olaram, – dedi, – bir də o gün televiziyada həkim danışırdı ki, qohum evliliklərindən doğulan uşaqların əksəriyyəti dünyaya qüsurlu gəlir. – Sonra oğlunun boy-buxununa baxıb sözünə davam etdi: – Amma oğlum, yad qızı da olsa, eləsini seç ki, boyu boyuna, huyu huyuna uyğun olsun!
Murad yarızarafat, yarıciddi: – Onda məni tələsdirmə anacan, – dedi, – boyuma, huyuma uyğun gələn qıza qalsa, gərək çox gözləyəsən…
Günlərin bir günü Murad pedaqoji kollecin son kursunda təhsil alan dayısı qızının rəfiqəsi ilə tanış oldu. Anasına qızın şəklini göstərəndə dedi: – Adı Jalədir, bax, amma demə ki, boyu balacadır. Özü də Quranı ərəbcə oxuyur.
– Bu, lap çəlimsiz qızdır ki!.. Amma Quranda oxuduqlarına da əməl etsə, onda əxlaqı saf, xasiyyəti həlim, rəftarı da mülayim olar!
Hər cümə günü oğlunun məscidə gedib namaz qılması, Ramazan ayında oruc tutması Əsmər xanımın qəlbində inam hissi yaratdı: “Demək, oğlumla gəlinim bir-biri ilə dil tapacaqlar…” – fikirləşdi.
***
…Qızın “hə”sini alandan sonra Əsmər xanım qızıl-ziynət əşyaları almağa onun özünü apardı. Şişmiş ayaqlarının zoqqultusuna birtəhər dözüb qızıl mağazalarını gəzdi. Jalə əlini nəyə uzatdı, Əsmər xanım onu aldı. Nişan mərasimindən sonra Murad toyun vaxtını anasının ad gününə təyin etdi. Amma bir dəfə Jalə ilə görüşdən qanıqara qayıtdı: – Bu qız mən deyənə qulaq asmır, elə öz bildiyini deyir. Nə qədər ki, gec deyil, nişanı pozun! – dedi.
Anası yalvar-yaxar edib Muradı sakitləşdirməyə çalışdı: – Atandan ayıbdır axı, gəlinin atası ilə aralarında haqq-salam var. İnşallah, evlənərsiz, övladınız olar, bir-birinizə öyrəşərsiniz…
Toydan sonra Muradın ata-anası belə qərara gəldi ki, gənc ailə bir müddət müstəqil yaşasın. Kürəkənin evində qalan Əsmər xanım hər həftə gəlinə baş çəkir, evin bazarlığını edirdi. Bir gün gördü ki, gəlinin qulağındakı sırğalar, barmaqlarındakı üzüklər onun aldığına oxşamır. Soruşanda gəlin saymazyana: – Xoşuma gəlmədi, – dedi, – qonşu gəlinlə apardım satdım, əvəzinə bunları aldım…
Əsmər xanımın heyrətdən matı-mutu qurudu: – Axı o qır-qızılı özün bəyənmişdin? Qonşu gəlinlə niyə? Evin böyüyünə gənəşmədən gəlin belə iş tutar? – dedi.
Günlərin bir günü gəlinin nənəsi rayondan qonaq gəldi. Xoş-beşdən sonra gülərüz, ağzı xeyir-dualı nənə üzünü Əsmər xanıma tutub soruşdu: – Ağlı kəsəndən Jaləni mən saxlamışam. Nə əyər-əskiyi varsa, ata-anasından qabaq mənə deyin!..
Əsmər xanım dərindən köks ötürüb Jalənin ondan xəbərsiz zinət əşyalarını aparıb satdığını nənəyə danışdı. Nənə gənc yaşlarından alverin qayda-qanunu yaxşı bilirdi. Üzünü nəvəsinə tutub təmkinlə dedi: – Bala, sən bəyəm özbaşınasan? Bax, sənin mələk kimi qaynanan var, xəstə canı ilə evin bazarlığını edir, mənə dediklərini qaynatana danışsa, sənin üçün yaxşı olmaz axı! Bir ye, min dəfə Allahına şükür elə ki, belə ailənin gəlinisən! Bir də belə qələt eləmə!
O gün nənəsini yola salandan sonra Jalənin qaşqabağı yer süpürdü, axırda dözməyib incik halda qaynanasının üstünə çımxırdı: – Sən nənəmə hər şeyi danışdın, indi için rahat oldu?
– Qızım, bunu ata-anana danışsam, bəlkə başa düşməzlər, ikisi də məndən cavandırlar. Nənəninsə gəlini var, o, məni yaxşı başa düşər. Sənin səhvini ona da deməyim, bəs kimə deyim?
Gəlinindən ikinci dəfə köndələn zərbə alan Əsmər xanım kor-peşiman qızının evinə döndü. Səbrini basıb, dərdini heç kimə danışmadı. Düşündü ki, olub-keçənə daha çarə yoxdur! Allah kərimdir, bəlkə gəlinin uşağı olsa, xasiyyəti düzələr…
Bir neçə gündən sonra o, Jaləni şəhərdə tanınmış ginekoloq-həkimə apardı. Müalicədən sonra Jalə hamilə qaldı. Hamiləliyinin üç-dörd aylığında Əsmər xanım öz evinə döndü. Düşünürdü ki, birdən gəlin ağır iş-zad görər, uşağı ziyan olar… Vaxt-vədə yetişəndə xəstə canı ilə Jaləni doğum evinə də özü apardı. Gecə vaxtı gəlinin anasını narahat eləmədi. O gecə səhərə kimi Əsmər xanım doğum evinin həyətində gözlədi…
Səhər çağı doğuşu qəbul edən həkim gülə-gülə ona yaxınlaşıb: “Gözün aydın, nəvən oldu, qız nəvən!” – deyəndə sevincindən bütün ağrı-acıları yadından çıxdı.
***
Amma Əsmərin sevinci çox uzun sürmədi. Bir gün oğlu ilə gəlini arasında qalmaqal oldu. Murad qapını çırpıb harasa getdi. İki-üç gün anasıyla üz-üzə, göz-gözə gəlməkdən yayındı. Bir gün səbəbini soruşanda Murad anasına qısaca dedi: – Ataya de, mənə maşın alsın, vəssalam…
Ananın qaşları düyünləndi: – Maşını neynirsən, Murad, evimizin şəraitini görmürsən, iki ailə otuz kvadratlıq mənzildə yaşayırıq.
O gün Murad ilk dəfə anasının üzünə bozardı: – Sənin qızın ata evinə maşınla gəlir, mən niyə arvad-uşağımı atasıgilə marşurut avtobusla aparmalıyam?
Ana çox yaxşı bilirdi, bu fikir gəlinin başının altından çıxır. Nəvazişlə gülümsəyərək oğlundan soruşdu: – De görüm, sən dəmir parçasını çox istəyirsən, yoxsa məni?
Murad: “Əlbəttə, səni!” – deyəndə anası onun boynunu qucaqladı. – Qulaq as, oğlum, atanın qazancı mənim müalicəmə gedir… Ona vəsiyyət etmişəm ki, mən öləndən sonra sənə maşın alsın… Bir də ay oğul, inşallah maşının da olacaq, təzə ev-eşiyin də… Təki Allah bəxtini-taleyini gözəl etsin!
O gündən sonra Murad maşın barədə söz salmadı. Amma gəlinin ailədə yaratdığı soyuqluq get-gedə buz çatı kimi ətrafa şaxələnirdi.
***
Əsmərin özündən böyük bacısı hərdənbir ona baş çəkməyə gəlirdi. Bir dəfə hal-əhval tutub, ordan-burdan danışandan sonra söz-sözü çəkib gətirdi, böyük bacı qohum-əqraba gəlinlərini təriflədi. O, gedəndən sonra Jalə yenə qaynanasına acıqlandı: – Bacına de, bir də mənim evimə gəlməsin!
Əsmər xanımın əli ayağına dolaşdı, gəlininə hirslənsə də, birtəhər özünü əla alıb, səbrini basdı: – Bala, bu evin böyüyü, ailənin başçısı var. Bir halda ki, sən özünü böyük sayıb, başa çıxırsan, neynək, qoy könlün xoş olsun, bundan sonra bacım bizə gəlməz, mən onlara gedərəm…
O gün öz otağına çəkilən Əsmər xanım göz yaşlarını saxlaya bilmədi. Ağladıqca bədəni titrəyirdi. O, gəlinin bu qədər məkrli, rəhimsiz olduğunu heç vaxt ağlına gətirməmişdi. Qəlbində Allaha yalavarırdı ki, Jalə barı oğlu ilə xoşrəftar olsun.
Novruz bayramının ilk günü Əsmər xanımın həyat yoldaşı rayona – ata-anasının məzarlarını ziyarət etməyə getmişdi. Bayram günləri olsa da, Jalənin üz-gözündən zəhrimar yağırdı. Yenə yataq otağında nəsə üyüdüb-tökürdü. Son vaxtlar Muradın başı evdə səs-küy götürmürdü. Jalə deyinəndə evdən çıxıb gedir, gecə hamı yatandan sonra qayıdırdı. Ana qəlbində düşünürdü ki, bu gəlinin boyu bir yana qalsın, xasiyyəti də Muradla heç tutmur: “İlahi, dedim oğlumu evləndirim, ona yar olsun, mənə də gəlin… Amma…”
Öz arzusu ilə dərzilik kursu keçən gəlin elə bil əlinə boyundan da böyük qayçı alıb təkcə qaynansının deyil, onun doğmalarının, hətta öz ata-anasının da ömrünü yavaş-yavaş qayçılayırdı… Murad da əvvəllər oduğu kimi daha namaz qılmağa maraq göstərmirdi. Gəlinlə oğlu arasında baş verən hər qeylü-qaldan sonra Əsmər xanımın dərdi-səri içini ac qurd kimi gəmirirdi. Yaşamaq həvəsi gözündən düşürdü, həkimlərin müalicəsi də fayda vermirdi. Bir dəfə mətbəxtdə bitki çayı dəmləyərkən birdən huşunu itirib tirtap yerə yıxıldı. Bu zaman mobil telefonda qurdalanan Jalə onu görməməzliyə vurdu. Nə təcili yardım çağırdı, nə də onu yerdən qaldırdı. Əsmər xanım özünə gələndə güclə otağına keçib çarpayısına uzandı. Ertəsi gün o, taksi çağıtdırb bacısıgilə getdi. Ağlaya-ağlaya dərdini bacısına danışdı: – Bir şeyə mat qalıram ki, oxuduğu Quran belə onun ürəyində zərrə qədər mərhəmət hissi yaratmadı.
Bacısı onu qınadı: – Günah səndədir. Ərinə demirsən, gəlinin ata-anasına de! Sən onun Quran oxumağına inanırsan? Quran oxuyan öyüd-nəsihət götürər. Sənin gəlnin bədxasiyyətdir. Peyğəmbərimiz deyib ki: “Bədxasiyyət olan adam bir günahdan qurtaran kimi, digərinə mübtəla olur…”
Əsmər xanımın nəmli baxışından qəm ələndi: – Ağbirçək nənəsini vecinə almayan ata-anasının da öyüd – nəsihətini qulaqardına vurar… Düz deyirsən, günah məndədir. Muradı öz əlimlə oda atmışam. Bir film var e, orada təyyarəçi kamikadzelərdən bəhs olunur. Belə getsə, Muradın da aqibəti kamikadze aqibəti kimi olacaq… Allah mənə niyə belə gəlin qismət elədi? Axı mən sağlığında həm qaynanamın, həm də qaynatamın qulluğunda dayanmışam, indiyə kimi ərimin bir sözünü iki eləməmişəm…
Sonra göz yaşlarını silə-silə pıçıltıyla: – Öğlumu bədbəxt elədim. Bacı, mən ölsəm də, dərdim ölməz! – dedi.
***
…Xəyalı onu ötən günlərə çəkib apardı. Rayonda yaşayanda çox mehriban qonşuları vardı. Üçüncü mərtəbədə yaşayan ailə ilə bir-birlərinin evinə get-gəl edirdilər. Həmin ailənin Gülay adlı məktəbli qızı “Mənim arzum” inşa yazısında gələcəkdə anasının rəfiqəsi Əsmər xalaya bənzəmək istəyini və onun gəlini olmağı azulamışdı. Murad hərbi xidmətdən gələndə Gülay orta məktəbi yenicə bitirmişdi. Anası ona gözaltı etdiyi qızdan bəhs edəndə Murad “Nuh” dedi, “peyğəmbər” demədi: “Mən qonşumuzdakı bütün qızlara bacı gözü ilə baxmışam…”
Əsmər xanım xəyaldan ayrılıb pıçıldadı: – Gülay kimi gəlinim olsaydı, xəstə halımla evimdən-eşiyımdın didərgin düşməzdim…
…İki həftə bacısıgildə qalan Əsmər xanım ömrünün son on-onbeş gününü də qızıgildə keçirdi. Baharın dünyaya can verdiyi vədədə bədənindəki ağrılar daha da şiddətləndi. Təcili yardım maşını onu xəstəxanaya aparanda gülümsünərək son dəfə pıçıldadı: “Gedirəm, məni toy evinə aparırlar.” Təkcə öz evindən getməyinin deyil, çox sirrləri özü ilə məzara aparan əlli beş yaşlı Əsmər xanımın ölümü hamını yasa batırdı. Jalə isə yeddisi çıxmamış onun pal-paltarını, qab-qacağını rayondan yasa gələnlərin qabağına qoyub: “Mən evimdə ölüyə aid bu əşyaları saxlaya bilmərəm”, – dedi. Ürəyi bununla da soyumadı. Qadın məclisində Muradın bibiləri, xalaları, bacısı ağı deyib ağlayanda mərhuməni “mələk kimi təmiz qəlbli, gözəl, ləyaqətli, toxnəfis və şükürlü xanım” adlandırmaları Jaləni cin atına mindirdi. Bir neçə gündən sonra “WhatsApp”dakı statusunda “Hamı deyir, mələk kimi xanım idi… Heç mələk də ölər?” yazdı. Jalənin kinayə ilə yazdığı bu statusunu oxuyan tanış-bilişləri ona“ayıbdı” dedilər. “Vur-tut ikicə il gəlini olduğun müddətdə qaynanan sənə güldən ağır söz demədi, Murad da istədiyini alır, adını eşidib, üzünü görmədiyin yerləri gəzdirir, heç utanıb qızarmırsan?” O gün Jalə yazdığı statusu dərhal sildi.
Əsmər xanımın vəsiyyət etdiyi kimi, qırxı çıxandan sonra atası Murada maşın aldı. Ömür yoldaşının evdən getməyinin səbəbini oğlundan və gəlinindən soruşmasa da, kişinin içinə şübhə toxumu düşmüşdü: “Axı Əsməri müalicə edən professor demişdi ki, o, indən belə on, on beş il də yaşayacaq… Bir də axı son anda niyə Əsmər “məni toy evinə aparırlar” desin, məgər onu öz evində incidən, şirin canından bezdirən olub?..” – deyə fikirləşirdi.
Həyat yoldaşını vaxtsız itirən kişinin qəlbinə bir qorxu hissi hakim kəsilmişdi; düşünürdü ki, həqiqəti üzə çıxarsa, ömür yoldaşının adını daşıyan nəvəsinin daha üzünü görməyəcək… Əzab çəkə-çəkə yaşayırdı. Baş daşına “Cismim burdadır, ruhum sizinlədir, əzizlərim” yazılmış Əsmər xanım da sanki onu da, oğlunu da, statusuna kinayə ilə “heç mələk də ölər” yazan gəlinini də görürdü.
Bir neçə ildən sonra atası iş yerindən güzəştlə aldığı yeni mənzili Murada hədiyyə edəndə, Əsmər xanımın ruhu şad oldu. Təzə evə köçəndə Jalənin də üzünə xoş bir təbəssüm yayıldı. Dilucu qaynatasına “sağ ol” desə də çox çəkmədi ki, “WhatsApp”da açıq-saçıq şəkillərini paylaşdı. Bu dəfə Muradın bacısı zəng edib ona ədəb-ərkanla öz iradını bildirdi: – Atam bu əttökən şəkllərini görsə, infarkt keçirər. Elə öz atan da qəlyan çəkən yerdə şəklinə baxıb, sənə “bərəkallah” deməz…
O gündən Jalə baldızı ilə yola getmədi, çox çəkmədi ki, onu dostluqdan sildi. Muradın da aradabir bacısıgilə getməsinə etiraz etdi: – Bacın sənə cadu edər, bizi ayırar…
Jalənin belə dığ-dığından sonra Murad əsəbləşib evdən çıxıb saatlarla yaşadığı binanın həyətində gəzişərdi. Bəzən də təzə tanış olduğu qonşuları ilə birlikdə harasa yeyib-içməyə gedərdi.
***
Jalənin ahıl nənəsi Muradın xətrini çox istəyirdi. Lakin Jalə yenə şaddığına şitlik eləyir, Muradı onun gözündən salmağa çalışırdı. Nənəsi hər dəfə rayondan zəng edib onlara gəlmək istədiyini bildirəndə, Jalə evdə olmayacağını bəhanə gətirər, dəstəyi qoyandan sonra dodaqaltı mızıldanardı: “Gəlib mənə yenə əxlaq dərsi keçəcək. Nə bilim, ərinin qədrini bil, qaynatanın hörmətini saxla! Daha nə bilim nələr…”
Anası da: “Qızım, evdə Muradla ikinizsiniz, niyə dil tapıb yola getmirsən? – deyərdi, – Gəlinlər var ki, qaynatası, qaynanası ilə illərlə bir evdə yaşayır, amma bir dəfə də səsləri çıxmır. Allaha şükür et, təzə eviniz, maşınınız, qızdan qız, oğuldan oğul payınız var!.. Daha nədən narazısan? Ərini niyə zirdəss eləyirsən? Unutma, kişini evə bağlayan da qadındır, evdən qaçaq salan da…” – deyib nəsihət verərdi.
Jalənin anası da öz oğlunun övladını görmək arzusuyla yaşayırdı. İki ildən çox idi ki, gəlin gətirmişdi. Hələ dünyaya gəlməmiş nəvəsinə ad da qoymuşdu. Öz xalasının nəvəsi olan gəlinindən ailədə hamı razılıq edirdi. Təkcə özündən başqa heç kimi bəyənməyən Jalə hərdən qardaşı arvadının bostanına daş atır, ona da dil yarası vururdu. Anası son vaxtlar çox fikir eləyirdi. Qızının Muradla gərəksiz söz döyüşünə görə keçirdiyi narahatçılıq hissi səhhətinə çox ciddi ziyan vururdi. Payız günlərinin birində onun qəfil vəfat etməsi bütün qohum-əqrabanı çaşqınlığına səbəb oldu. O gün Muradın atası səfərdə idi. Murad ağlaya – ağlaya qaynansının ölüm xəbərini ona telefonla deyəndə kişi dərhal səfərini yarımçıq qoyub Bakıya qayıtdı.
Bu dəfə Jalə anasının yas mərasimində kövrələrək dedi: “Mən indi bildim ki, anasız qızlar nə çəkirmiş…” Amma onu tanıyanlar yaxşı bilirdilər ki, dediyi sözlər ana itikisi yaşayan bir qızın etirafından daha çox səhnədə roldan-rola girən aktirisanın sözlərinə bənzəyir… Anasının qırxı çıxmamış rayona yolu düşən Jalə bəzənib-düzənib toya gedəndə nənəsi qarşısını kəsdi: “Mənim cavan qızımın, sənin cavan ananın hələ qırxı çıxmayıb. Toya getdiyin bəs deyil, hələ utanmadan bəzənib-düzənirsən də?” Jalə nənəsinə rişxənd edib güldü: “Əşi, ölən adamın nəyinə gərək biz burda yas saxlayırıq, ya toya gedirik?”
***
…Murad gül alıb ildə bir neçə dəfə həm anasının, həm də qaynanasının məzarını ziyarət etsə də, Jalə evdə onun gününü qara eləmişdi: yasa getməsini də söz edirdi, toya getməsini də… Dava-dalaş etmək üçün həmişə bəhanələr axtarır, Muradı hövsələdən çıxarırdı. Bir dəfə hətta Muradın dayısı qızına zəng edib: “Sənlə tələbə yoldaşı olduğum günə daş düşəydi, kaş. Məni bibin oğluna sən ürcah elədin!” – deyə onu da günahlandırdı.Tələbə yoldaşı da dedi ki, bibim oğu səni İsmayıllıya, Qəbələyə, Qubaya, İstanbula, Ankaraya… aparanda yaxşıydı, indi noldu bəs? Bir-iki saat evə gec gələndə pis ər oldu?
…Dekabrın otuz birində statusunda: “Biz Muradla boşanmaq qərarına gəldik” – yazan Jalə yanvarın ilk günü əri və övladları ilə Şahdağda çəkdiyi şəkilləri paylaşdı. O an özünü dünyanın ən xoşbəxt qadını kimi təqdim edən Jalənin bir gün əvvəl boşanmaq barədə statusunu oxuyanda Muradın bütün doğmalarının bayram süfrəsində iştahları pozulmuşdu…
Çox çəkmədi ki, firavan yaşamaqdan Jalənin qudurğanlığı o həddə çatdı ki, Murad evə gec gələndə o, telefonla hirsini-hikkəsini qaynatasının da üstünə tökdü. Muradın ünvanına təhqirlər yağdırıb boşanmaq istədiyini bildirəndə: “Ailənin böyüyünə hörmət etməyi sənə öyrətməyiblər?” – deyə qan təzyiqi kəllə-çarxa qalxan kişi həmin an dərhal Jalənin atasını çağıtdırdı.
– Uşaqların arasında baş verən ixtilafın bizim haqq-salamımıza dəxli yoxdur! – dedi, – amma iki nəvəmizin gələcəyi xatirinə bu ailəni qorumaq bizim borcumuzdur. Jalə özünü psixi çatışmazlığı olan xəstələr kimi aparır…
O gün məlum oldu ki, Muradla aralarında son mübahisə Jalənin maşın sevdasına düşməsi ilə bağlı olub. Atası Jaləyə acıqlandı, onu qaynatasının və Muradın hüzurunda danladı: – Qızım, bu nə söhbətdir? Sən kimsən? Nazir qızı deyilsən, deputat arvadı deyilsən… Biz sizi əzab-əziyyətlə boya-başa çatdırmışıq. Şükür Allaha, Murad maşınla səni istədiyin yerə aparır. Maşın sənin nəyinə gərəkdir? Qaynatanın canına dua elə ki, belə mənziliniz var! Üstəlik evinizin dörd-beş illik ipoteka borcu qalıb, sabah uşaqlar məktəbə gedəndə xərcləriniz ikiqat artacaq. Uşaqlarının gələcəyini düşünən ana belə izafi xərclərə yol verməz…
Düz deyiblər, qəlbi qara adama nəsihət vermək daşa mismar vurmaq kimi mənasız bir şeymiş. O gün Jalə günahını başa düşən adamlar kimi başını aşağı salıb sussa da, ertəsi gün atasına onun psixi xəstə olduğunu söyləyən qaynatasını hədəfə aldı. Xalasına zəng edib özünün qəlbindən keçən sözləri qaynatasının adından deyərək aranı qarşıdırdı.“Muradın atası bilirsən nə deyir? Deyir ki, güya sənin xalanın qızların yava gəzir”. O an elə bil xalasının cin vurdu təpəsinə. Zəng edib Muradın bacısının abrını ətəyinə bükdü. Muradın bacısı səbrlə onu başa saldı ki, bunu sizə deyən adamın məqsədi ara vurmaq, mənim kimi, atamın da ayağını qardaşımın evindən kəsməkdir. “Özünüz də bilirsiniz ki, abırsızın öhtəsindən gəlmək çətin şeydi. Başqasına şər atmaq vicdansızlıqdan başqa bir şey deyil…”
Bu əhvaltdan sonra həm Muradın, həm də Jalənin atası gərginlik içində yaşayırdı. Tanış-bilişləri isə onları dünyanın bəxtəvər qudaları zənn edirdilər.
Jalə Muradla aralarında olan ən xırda söhbətləri “yazılı şəkildə” telefonla atasına yollayırdı. Muradın Naftalanda sanatoriyanın qeydiyyatına bir gün gec düşdüyünü, ailə dostları ilə məclisdə sağlıq deyəndə “qəlbimizdəki əzizlərimizin sağlığına içək” deməsini, gecələr evə gec gəldiyini, söyüş söydüyünü dərhal atasına çatdırırdı.
Bir gün atası insult keçirib xəstəxanaya düşdü. Özünü “günahkar” sayan Jalə kövrəlib: “Bir daha böyükləri öz ailə mübahisələrimizə qatmayacam” – desə də, xasiyyətindən əl çəkmirdi, nənəsi demişkən, bildiyini heç dədəsinə də vermirdi. Klonlaşan qadınlar kimi ərinin əziyyətlə qazandığı pulu kosmetik vasitələrə, plastik əməliyyatlara xərclədikcə özünü serial qəhrəmanı kimi aparırdı. Zahiri görkəmi dəyişdikcə pisixologiyası da dəyişirdi. “Filankəsin arvadı uşaqlarını da götürüb İçveçə gedib, fiankəsin arvadının sorağı Almaniyadan gəlir”. Jalənin huyuna yaxşı bələd olan qaynatası ona balaca QAYÇIXANIM təxəllüsü vermişdi. İnsan talelərini qayçılamaq, babanı aylarla gül kimi iki nəvəsinin üzünə həsrət qoymaq, atası ilə qaynatasının dostluğunu üstündən qara xətt çəkmək onun əlində bir içimlik su kimi idi. Son vaxtlar ağlına qoymuşdu ki, ərindən boşansa, ev də, maşın da ona qalacaq.
Təcrübəli vəkil də tapmışdı. Vəkil ona izah etmişdi ki, ölkədə boşanmların faizi çox yüksəkdir. İndi heç bir ciddi səbbəb olmadan boşana bilməzsən! Jalənin “ciddi məsələ nədir” sualına vəkil cavab vermişdi ki, gərək ərin səni döysün, incitsin, ya da onun həyatında başqa qadın olsun!.. Jalə əkə arvadlar kimi hər şeyi ölçüb-biçirdi. Əri ilə mübahisələrini telefonun yaddaşına yazırdı. Murad Jalənin niyyətindən duyuq düşəndə: “Atamı söysən də sənə çırtma da vurmayacağam…” – dedi. Jalə bic-bic ona baxıb güldü. Qadına yaraşmayan ədayla ərinə: “Get vızqırt” dedi. O gündən Muradın çirkli paltarlarını yumaqdan vaz keçdi: “Apar qəlbindəkilər yusun” – dedi.
Murad başını bulayıb “Qəlbimdəkilər atamdı, bacımdı…” -dedi. Və paltarlarını yuyub ütüləmək üçün bacıgilə aparırdı. Jalənin Muradı hövsələdən çıxarmaq cəhdləri bir-bir boşa çıxırdı. Atası xəstələnib yatağa düşəndən sonra o qardaşını öz məkrli oyunlarına şərik etməyə başladı. Öz nəfsinə qul olan Jalə Muradın atası onun qardaşına təmənnasız olaraq hansı yaxşılığı etdiyini ağlına gətirmirdi… “Minnət qoyulmuş yaxşılığın günahı savabından çoxdur” – deyə nə Murad, nə də atası bunu bir dəfə də olsun Jaləyə bildirməmişdi. Bir də bildirməyin nə mənası vardı ki? Atalar sözüdür: “Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır”.
Yalanla, hiyləgərliklə ara vuraraq, qohumluq tellərini qayçılayan Jalə son günlər ərindən ayrılacağını tez-tez dilə gətirirdi. Heç kim onu bu fikirdən daşındıra bilmirdi. Yaxşı geyinməyi, gəzməyi, ötəri əyləncələrə olan sevgisini qadınlıq ləyaqətindən üstün tutan Jalə nə ərini, nə uşaqlarını, nə də dogmaca ata-qardaşını sevirdi. Dilinin açılığı, xudbinliyi qonum-qonşuda hamını ondan uzaqlaşdırırdı. Özünü bəzən o qədər yalqız hiss edirdi ki, gözləridən yazıqlıq yağırdı. Hətta bir dəfə ərinə “bəlkə atam-anam məni uşaq evindən götürüb”, – deyə gileylənmişdi.
Statusunda “Xoşbəxt o insandı ki, səhər işə, axşam evə tələsir” fikrini paylaşan otuz yeddi yaşlı Muradsa haqsızlıq burulğanında vurnuxa-vurnuxa çıxış yolu axtarırdı. İlaxır çərşənbə axşamı anasının məzarını ziyarət edib, üstündə şam yandırdı. Oğlunun məşəqqətli həyatından ruhu agah olan ana məzarda saçlarını yolurdu. Murad anasının baş daşını qucaqladı: – Jalə mənim içimdə bu həyata sevgimi öldürdü, ana. Sevgisi ölmüş insan kimə lazımdır? Atam da, bacım da deyir, uşaqlarının xatirinə döz! Necə dözüm ana! Düz on üç ildir ki, əzab çəkə-çəkə onun ağıllanacağı günü gözləyirəm. Daha səbrim tükənib, ana, Allahın verdiyi sir-sifəti dəyişən qadının nə ağlı olur, nə ruhu…Jalə də qoy öz arzusuna çatsın, maşın alsın, xaricə getsin, birdəfəlik həyatımdan yox olsun!
…O gün Əsmər xanımın məzar daşından boylanan şəkli dəgöz yaşlarından islanmışdı.
AzərNUR. 13 -16 aprel, 2024.