Azərbaycanda öz ixtisasını bilməmək ayıb sayılmır. Və o ixtisasından bixəbər, cahil, ən yaxşı halda ala-yarımçıq kadrlar meydan sulayır, utanmadan layiq olmadıqları vəzifələri müəmmalı yollarla (əslində, müəmma-filan yoxdur, hər şey məlumdur) qəsb edib, öz şəxsi məqsədləri üçün yararlanır, özlərini reklam edir, sırıyır, forslanır, eyni zamanda, dövlətin vəsaitlərini istədikləri kimi xərcləyir, mənimsəyir, rəhbərlik etdikləri bir qurumu çökdürür, evini yıxır, yaman günə qoyur, savadlı və layiqli kadrları gözümçüxdıya salır, ən yaxşı halda onların cahil və yaramaz bir adamın əli altında işlədiyi üçün həvəsdən düşməsinə, ilmə-ilmə sökülməsinə səbəb olurlar. Kimi qurdalayırsan, məlum olur ki, başının üstünə iki pişiyin “Viskas”ını bölə bilməyənin birini rəhbər qoyublar. Belə olanda kadrlarda işləməyə, kamilləşməyə nə maraq qalar? Bu cür hallar artıq adiləşib, ictimai qınaq isə yox kimidir.
Sizə təhsil sektoru ilə bağlı bir neçə fakt deyim. Yəqin ki, belə hallarla siz də rastlaşmısınız. Əlbəttə, bu ölkədə yaşayırsınızsa… Hardasa 22 il bundan əvvəlin söhbətidir. Bir türk liseydə işləyirdim. Bir gün müdirin otağında MİS (JEK) müdirinə oxşar bir adam gördüm: Balaca boy, padoş, bir az da zəhrimarlı sifət, yekə qarın (üzr istəyirəm). Müəllim deyildi. Amma valideynə də oxşamırdı. Sifətinə vacib ifadə verib, “Bu nədi, bu nədi?” mızıldanaraq jurnalların vərəqlərini çox sərt şəkildə çevirir, donquldanırdı. Lisey rəhbərliyi isə “farağat” komandası verilmiş kimi dayanmışdı. “MİS (JEK) müdiri”nə yaxınlaşıb nə baş verdiyini soruşdum. Məlum oldu ki, jurnallarda bir sıra şagirdlərə “1” qiyməti verilib. Kiçik dialoqumuz oldu:
– Yazanda nə olur ki?
– Elə qiymət yoxdur.
– Kim deyir, yoxdur?
– Mən! 40 ildir təhsildəyəm, 20 ildir, təhsil şöbəsinin müdiri işləyirəm, – “MİS (JEK) müdiri” qürurla dilləndi (amma rəqəmləri yuvarlaqlaşdıranda ağ eləmişdi sanki).
Yadımdan çıxıb, “Təhsil haqqında” Qanun idi, ya təlimat, gətirib qənşərinə qoydum ki, gözlərini geniş aç və yaxşı-yaxşı bax. Qiymət meyarlarını oxuyanda həpəndin gözləri hədəqənin içində bir “oborot” vurub (saat əqrəbi istiqamətində, ya əksinə – yadımda deyil), əvvəlki dislokasiya yerinə qayıtdı. Tez-tələsik şələ-küləsini yığışdırıb getdi. Bu adam Bakının mərkəzi bir rayonunda təhsil işlərinə rəhbərlik edirmiş. Cahilliyi bir yana, Allah fəhm də verməyib ki, anlaya: əgər “1” adlı qiymət yoxdursa, niyə beş ballıq sistemdir? Dörd ballıq edərdilər də…
Bir müddət sonra bu adam lisey rəhbərliyinə necə “xox” gəldisə, ilin ortasında məni çağırıb işdən çıxardılar: “Çoxdan tələb edirdi. İstəyirdik, dərs ilinin sonuna saxlayaq, əl çəkmir”. Sakitcə çıxıb getdim. Bir neçə il sonra həmin liseyə ümumi rəhbərlik edən başqa şəxslə söhbət edirdik. Dedim, sizin liseydə işləmişəm. Məsələ açıldı. İşdən çıxarılma səbəbimi dəqiqləşdirdi. “MİS (JEK) müdiri” onlara deyibmiş ki, “Vasif dövlətçilik üçün təhlükəlidir”. Adamın savadsızlığı bir yana, ləyaqətinə baxın: Böyük bir rayonun təhsili görün kimə həvalə edilibmiş! Bu belə.
Dünən bir nəfərin statusunu paylaşmışdılar. Bu şəxs isə lisey müdiri imiş. Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil alıb. Üstəlik, təhsil eksperti, daha nələr, nələr… Dedilər, titullarını bir dəvə karvanı çəkmir, televiziyaların ekranından düşmür. Səhifəsinə girib baxdım. Ətrafı onu “Azərbaycan təhslinin sütunlarından biri” adlandırır. Amma adam bir statusda orta məktəb şagirdinin tuta biləcəyi nə qədər orfoqrafik səhvə yol verib. Filoloq, “təhsil eksperti, lisey müdiri hətta tabe olduğu nazirliyin adını, nazirin isə vəzifə adını səhv yazıb: “Elm və Təhsil nazirliyi”, “Elm və Təhsil Naziri”. Belə sütun olar? Olar. Adam filan yerdə doğulanda olar. Ətrafına isə bir dəstə “züyçülər, zurnaçılar, şeypurçular” toplaşıb, onu cəmiyyətə yuxarıda deyildiyi şəkildə sırıyar. Elə birincisi də lazım olan yerdə doğulmuşdu.
Üçüncü hadisə bir neçə il əvvəl baş verib. O şəxsin harada doğulduğunu bilmirəm, amma təhsillə bağlı adamların hamısı onu tanıyır. Dostlar mənə bu şəxsin müsahibəsini göndərmişdilər. Demək, jurnalist məzkur təhsil ekspertindən plagiata münasibət bildirməyi xahiş edib. Qoçağım da nervilənir, nə nervilənir! “525-ci qəzet”dən bir professorun yazısını cümlə-cümlə, bəzən isə abzas-abzas copy-paste edərək öz fikirləri kimi cəmiyyətə sırıyır.
Bunları götürüb bir yazı hazırladım və sayta qoydum. Səhərin gözü açılmamış hörmətli professor zəng edib, xahiş elədi ki, yazını silim: “Yazığım gəlir, bundan sonra onun halı necə olacaq? İnsanların qarşısına necə çıxacaq? Mümkündürsə, silin”. Məcbur olub sildim.
Yenə gözləyirsiniz? Qalanını siz deyin. Yox, deməyin. Özünüzdən muğayat olun. Cahil və yüksək vəzifə tutmuş adamlar çox xətərnak olur. Bir reklamda deyildiyi kimi, “onlar indi hər yerdədir”
Xeyirli cümə axşamları