- Mədəniyyət

“Əsrə bərabər gün” növbəti dəfə nümayiş olunacaq

Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Çingiz Aytmatovun romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” tamaşası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yoldan başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı oraya buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada bu, əcdadlarına, torpağına sahiblik hissinin olmaması kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırlarsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz kainatda da yeri olmayacaq.

Tamaşa “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində qurulub.