- Mədəniyyət

Moskvada Aydın Zeynalovun “Okean röyaları” adlı sərgisi açılıb

Moskvada azərbaycanlı və rusiyalı rəssam, heykəltaraş Aydın Zeynalovun “Okean röyaları” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə təqdim olunan heykəllər rəssamın təbiətlə ahəngdar həyat haqqında fəlsəfi fikirlərini əks etdirir. Layihə Aydın Zeynalovun dəniz hövzələrinə olan həvəsi və dünya okeanlarının çirklənməsinin miqyası barədə artan məlumatlılığı ilə diktə edilib.

Rəssam AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib: “Üç ildən bir 30-40 əsərdən ibarət silsilə eksponat sərgiləyirəm. Əvvəlki sərgim Yaxın Şərqlə bağlı idi, çünki atam Rusiya Xarici İşlər Nazirliyində işləyirdi və ərəbşünas idi. Mən ərəb ölkələrində çox vaxt keçirmişəm. Bugünkü sərginin mövzusu okeandakı tullantılardır. Təxminən 20 ildir ki, dəniz hövzələrinə həvəsim var. Balıqları öyrənərkən, onların tez-tez su hövzələrinin plastiklə çirklənməsi nəticəsində ölməsi faktı ilə rastlaşdım və anladım ki, sivilizasiya ilə təbiətin vəhdəti çox mürəkkəb və dərin mövzudur”.

Aydın Zeynalov hesab edir ki, təbiət özü insanlarla birgə yaşamağın yollarını axtarır: “Qabığının içində qaçan hermit xərçəngləri indi plastik qapaqlarda qaçırlar. Beləliklə, onlar narazılıq bildirmədən insanlarla birlikdə yaşayırlar. Bu sərginin köməyi ilə demək istərdim ki, insan öz hərəkətləri haqqında düşünməli, təbiətə qayğı göstərməlidir”.

Rəssam qeyd edib ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə ilə bağlı mühüm məsələlər müzakirə olunacaq: “Bu, çox əlamətdar hadisədir. Azərbaycan nəhəng təbii sərvətlərə malik ölkə kimi ekoloji problemlərdən uca səslə danışır, dünya birliyində layiqli mövqe tutur. COP29-un Bakıda keçirilməsi isə ölkə rəhbərliyinin düzgün kursunun göstəricisidir”.

Aydın Zeynalov V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Heykəltaraşlıq kafedrasını və Moskva Memarlıq İnstitutunun Memarlıq mühitinin dizaynı fakültəsini “dizayner” ixtisası üzrə bitirib. O, həmçinin S.G.Stroqanov adına Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasının Akademik rəsm kafedrasının dosenti, habelə Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvüdür. Rəssam, eyni zamanda, “INTER-ESSE” Fənlərarası Tədqiqatlar İnstitutunun Elmi və Tədris Fəaliyyətinə Dəstək Fondunun təsisçisi və direktorudur. Aydın Zeynalov 2017-ci ildə Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (akademik), 2018-ci ildə isə Florensiya Rəssamlıq Akademiyasının akademiki adına layiq görülüb. O, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif olunub.