İnsanlarınmı peşələri, peşələrinmi insanları formalaşdırdığı mövzusunun geniş təhlilə ehtiyacı var. Hər ikisi bir-birindən asılı olsa da elə məqamlar olur ki, insan təxəyyülünün yeni bir peşə yaratdığını, bəzən də hər hansı bir peşənin bəşəriyyətə bir dahi bəxş etdiyinin şahidi oluruq. Bütün dövrlərdə hər sahədə parlayan bir zəka sahibi, peşəsinin sayəsində sevilən, xatırlanan olur.
Peşələri ayrıca bir dağa bənzətsək alimliyin bu dağların ən əzəmətlisi, zirvələrin ən yüksəyi olduğunu söyləyə bilərik. İnsanların bütün təbəqəsinin hörmətlə yanaşdığı alimlər elmin etibar edildiyi fövqəlbəşərlərdir. Qədim dövrlərdə saraylarda alimlərə xüsusi yer ayrılıb, kitabları onların himayəsinə veriblər. Kitablar insanların istiqamətsiz yolları üçün kompasdır. Onları bir yerə toplamaq, himayə etmək kitabların insanın həyatındakı rolunu dərk edən şəxslərin öhdəsinə düşür. Tarixin mədəniyyət səhifələrini ayrıca araşdıranda kitabla kitabxanaların təşəkkül və inkişaf dövrlərinin də bütün nəsnələr kimi ildən-ilə yeniləndiyini öyrənirik.
Kitabxanaların yaradıldığı ilk dövrlərdə onları alimlər idarə etdiklərini elə kitabxanalar özləri qoruyub saxladıqları kitablardan oxuyuruq. Kitabxananın dörd elementindən biri olan kitabxanaçılıq cəmiyyətin etimad göstərib özünün maarifini, dünyagörüşünü həvalə etdiyi sənətdir. Onu qədimdən bəri ziyalılar yüksək qiymətləndiriblər. Kitabxanaçıların əsas vəzifəsi bu etimadı doğrultmaqdır.
Kitabxanaşünaslığa aid kitabların hamısında vurğulanan bir fikir var: “kitabxanaçı təkcə kitab verib onu qaytaran şəxs deyil”. Bəsit səslənsə də əhəmiyyətli fikirdir. Təəssüf ki, hələ də bəzi adamlar kitabxanaçılıq peşəsinin mahiyyətini yalnız bu cür qavrayırlar. Bu səbəbdən də kitabxanaların funksiyalarının, bütövlükdə kitabxanaşünaslığın təbliğinə ehtiyac var.
Müasir zamanımızda məktəblərdə və kitabxanalarda daha çox qadınların çalışdığını gördüyümüzdən “kitabxanaçılıq kişi sənəti deyil” kimi yanlış fikir səsləndirilir. Bu bölgünün əsassız olduğunu sübuta yetirmək üçün XX əsr kitabxanaşünaslığında özünəməxsus yeri olan, öz əsərləri ilə kitabxanaçılıq elmini zənginləşdirən görkəmli kitabxanaşünaslardan Amerika kitabxanaşünaslığının yeni nəslinə mənsub olan Cess Xouk Şiranın, (1903-1982) Peterburq Ümumi Kitabxanasının şö’bə müdiri işləmiş V.l.Sobolşikovla, həmin kitabxananın əməkdaşı V.V.Stasovun və bir sıra başqa şəxsiyyətlərin adlarını çəkmək kifayət edər. Göründüyü kimi, kitabxanaçılıq peşəsi indiyəcən daha çox kişi cinsinin adı ilə bağlı olub. Sirr deyil ki, həmin fikirin yaranması məvacib azlığı ilə bağlıdır. Lakin buna baxmayaraq yanlış yanaşma hesab edilməlidir.
Alim Zenadot kitabxanaçılıq peşəsinin sayəsində uzun müddət İsgəndəriyyə Kitabxanasına rəhbərlik edib. Bu kitabxanaçılıq peşəsinə verilən dəyərin bariz nümunəsi sayılır. Onun ölümündən sonra kitabxananın yenə elmli şəxsin – Kallimaxın ixtiyarına verilməsindən də bəlli olur ki, kitabxanaçılıq peşəsinə ilk dəfə kişilər yiyələniblər. Ömrünün son iyirmi ilində kitabların himayəçisi olan Kallimaxa bu etmadı Ptolomey Filodelf göstərmişdir. Həmin tarix təxminən b.e.ə 260-cı il kimi qeyd edilir. Kallimax İsgəndəriyyə Kitabxanasının birinci baş kitabxanaçısı olub.
Peşəkar kitabxanaçı kadrları Misirdə 3200 il əvvəl mövcud olub. Nilin sahilində yerləşən Karnakada qazıntı işləri aparılan zaman iki nəfər kitabxanaçının – ata və oğul Miamunların qəbrinin aşkar edilməsi yuxarıda qeyd edilən fikiri təsdiqləyən faktdır. Bunu tarixçi Dioder Misirdə Fiv məbədini təsvir edəndə göstərib. Həmin kitabxanaçılar – ata və oğul 1200-cü ildə hökmdar Ramzesin kitabxanasında xidmət etmişlər.
Amma 5 min il əvvəl Şumerlərdə ilk kitabxanaların yaranması onları idarə edən kitabxanaçıların olduğu fikri də təsdiqlənir.
Kitabxanaşünas alim Abuzər Xələfov kitabında göstərir ki, Misir kitabxanaçıları Miamunlar tarixi əsərlərdə adı çəkilən ilk peşəkar kitabxanaçılardır. Bu məsələyə münasibət bildirən görkəmli Amerikan kitabxanaşünası D.Şira deyir ki, Qədim Misirdə başqa dövlət vəzifələri kimi kitabxanaçı vəzifəsinin də varisliyə əsaslandığını söyləmək olar.
Məşhur rəssam Kəmaləddin Behzad Təbrizə gələndə Şah İsmayılın sarayına gəlməsi onun Xətai tərəfindən saray kitabxanası müdirliyinə təyin edilməsi ilə nəticələnmişdi. Bununçün Şah İsmayıl xüsusi fərman vermişdi.
Gülşən Qardaşovanın “Azərbaycan miniatür rəngkarlığının inkişafında ustad Behzadın rolu” məqaləsində oxuyuruq: “Şah İsmayılın sarayına rəssam 1520-1522-ci illərdə gəldi. Səfəvi tarixçisi Budaq-Munşi deyir: “…Ustad Behzad Təbrizə gəldiyi zaman Ustad Sultan Məhəmməd saray kitabxanasının işini təsis etmişdi …” Demək, Behzad əl işləri ilə hazırlanmış ustaxanaya gəldi. Xandəmirin bildirdiyinə görə, 24 Aprel 1522-ci il tarixli sərəncamı ilə Şah İsmayıl Behzadı Şah Kitabxanasının rəhbəri təyin etdi”.
Xatırladaq ki, Behzad bundan əvvəl də 1490-cı illərdə Sultan Hüseyn Bayqaranın sərəncamı ilə Saray Kitabxanasının rəhbəri təyin edilmişdir.
Hind kitabxanaşünası Şiali Ramamrita Ranqanatanın adı bu sırada mütləq çəkilməlidir. O, özünün təşkil etdiyi kitabxanaçılıq məktəbinin və kitabxanaçılıq jurnalının rəhbəri, bir çox universitet kitabxanalarının direktoru olub. Hindistan Kitabxana Cəmiyyətinin Prezidenti olmuş Ranqanatan beş qanunu ilə məşhurdur.
Kitabxanaşünaslıq elmində adı Vətənindən uzaqlarda da məşhur olan rus kitabxanaşünası Nikolay Aleksandroviç Rubakinin kitab təbliği, oxucularla ünsiyyəti olduqca təqdirəlayiqdir. Onun kitabları sevməsi, ömrünü oxucuları öyrənməklə keçirməsi kitabxanaçılar üçün örnəkdir.
1862-ci il iyul ayının 13-də indiki Lomonosov şəhərində Nikolay Aleksandoviç Rubakinin anadan olması kitablar aləminin işıqlı gələcəyi üçün əlamətdar tarix sayılmalıdır. Onun oyuncaqlarının belə kitablar olması bəşəriyyətin ən böyük qazancıdır. Macəra, pyes yazması, əlyazma jurnalı çap etməsi ilk məqaləsinin nəşr olunması çox erkən yaşlarında olub.
Başqa sahələr üzrə təhsil alsa da ömrünü nəşriyyat-kitabxana işinə həsr edib. Kitaba, kitabxanaya sevgisi uşaq yaşlarından başlayıb.
V.V.Stasov kitabxanaçı şəxsiyyətini, kitabxanaçının hərtərəfli hazırlığa malik bir mütəxəssis olmasını çox yüksək qiymətləndirərək deyirdi: «Yaxşı biliyi olan kitabxanaçı – hər bir ciddi tədqiqatçının və həmçinin ciddi məşğul olan insanın yaxın köməkçisidir.» Bütün aspektlərdən yanaşanda N.Rubakin bu sahədə hər kəsin kumir seçəcəyi şəxsiyyətdir.
Onun xüsusi qeyd etdiyi üç məsələ: “insana bilik, zəka və əhval-ruhiyyə vermək” kitab və mütaliə yolunda əsl istiqamətdir. Bu gün kitabxanaçılar həmin istiqamətlə nələrəsə nail olmağa çalışırlar. N.Rubakin mütaliə edən insanların təlabatını daim öyrənir, biz də bu gün mütaliəsiz insanları bu işə sövq edirik, o, araşdırma aparmaq üçün “xalq üçün ədəbiyyatın tədqiqi proqramı”nı (1889) tərtib edib, biz xalqın ədəbi zövqünü korlayan ədəbiyyatın zərərindən danışırıq. Rubakin insanların rəylərini bir yerə toplayaraq “Mütaliə edən ruslar haqqında etüdlər” kitabını ərsəyə gətirib, bizsə mütaliə edənlərinin az olduğu xalqa kitabxanaları sevdiririk.
O, həyatı boyu 250 min kitab oxumuş, şəxsən 20 min oxucu ilə məktublaşmışdır. (Rubakinin topladığı oxucu məktublarını bu gün (informasiya zamanında) izləyicilərin rəyləri əvəz edir.)
İlk kitabxanaların yarandığı tarixdən bizi əsrlər ayırır. Zamanımızda İnformasiya Texnologiyaları vasitəsilə elektron kitabxanaların yaradılması kitabxanaçılardan ənənəvi-nəzəri biliklərlə yanaşı kompüter bilikləri də tələb edir. Elm, bilik və zəka bəşəriyyətə cins bölgüsü altında bəxş edilməyib. Peşələr arasında seçkinlik salmaq cəmiyyətin zərərinədir. Kitabxana işində aradan qaldırılmalı bir çox problemlərin həllinə çalışmağa onun qadınmı, kişimi sənəti olmasını çözməklə başlamaq tamamilə yanlışdır.
Kitabxanalar ayrı-ayrı insanların bir ünvanda toplaşıb doğmalaşdığı müqəddəs məkan, kitabxanaçılıqsa elmi biliklər, məsuliyyət, sevgi, təbliğat işi tələb edən, insanları humanizmə, birliyə sövq edən humanitar peşədir. Bu peşədən zövq almaq olur, əgər onun gözəlliyini və məqsədini duysaq. Kitaba, kitabxanaya və kitabxanaçıya laqeyd münasibət bəsləmək millətin gələcəyi üçün təhlükədir. Təhlükə üçün də qabaqlayıcı tədbirlər zəruridir.
Məlumatların götürüldüyü mənbələr:
A.Xələfov “Kitabxanaşünaslığa giriş” 1-2 ci hissə
X.İsmayılov, S.Mustafayeva “Sənədlərin biblioqrafik təsnifləşdirilməsi”
Azərbaycan Bilim Mərkəzinin saytı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Biblioqrafik Resursları