Mir Həmzə Seyyid Nigarinin qısa tərcümeyi-halı
Şeyx Mir Həmzə Seyyid Nigari Qarabağ mahalının Zəngəzur bölgəsində, Cijimli kəndində (Hazırda, Laçın rayonunun tərkibindədir) anadan olmuşdur. O, nəcabət və möhtərəmliyi ilə seçilən Cijimli seyyidlərinin nəslindəndir.
Firudin bəy Köçərli Seyyid Nigarini şəxsən görmüş Axund Hacı Mirzə Əbdülkərim adlı mötəbər bir şəxsdən eşitdiklərinə əsasən onun uca boylu, xoş simalı, yaraşıqlı və mülayim bir şəxs olduğunu bildirir.
Türk tədqiqatçısı prof. İskəndər Pala yazır: “Mir Hamza Nigari adlı luğatta bir kelime olsaydı, karşısında mutlaqa “aşk” yazıyor olurdu”.
Seyyid Nigarinin doğum tarixi bəzi mənbələrdə fərqli qeyd edilsə də, əksər mənbələr onun hicri 1212 (miladi 1797)-ci ildə anadan olduğunu yazırlar. Nigarinin yaxın qohumu Mirzadə Fəxrəddin Ağabalinin yazdığı, şairin həyatını əks etdirən “Mənaqibnamə”də Seyyid Nigarinin 1798-1886-cı illərdə yaşadığı qeyd edilir. Atasının adı Rüknəddin olsa da, Mir Paşa kimi tanınmışdır. Anası Xeyrünnisa kimi çağırılan Qızxanım olmuşdur. Seyyid Nigari hələ 6 aylıq ikən atasını itirir. 15 yaşına çatanda anası onu Qaraqaşlı Mahmud Əfəndinin yanına təhsil almağa göndərir. Daha sonra təhsilini məşhur sufi şeyxlərinin fəaliyyət göstərdiyi Qarapirim kəndində, sonra isə Şəkinin Dəhnə kəndində, Şikəst Abdulla Əfəndinin yanında davam etdirir. Sonralar oxumaq həvəsi onu kürdəmirli nəqşbəndi şeyxi İsmayıl Əfəndinin yanına gətirir. İsmayıl Şirvani kimi tanınan İsmayıl Əfəndi məşhur nəqşbəndi şeyxlərindən olan Xalidi Bağdadinin xəlifəsi olmuşdur.
İsmayıl Əfəndi ilk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almış, sonra Ərzincan və Tokatda mədrəsə təhsili görmüşdür. Mədrəsəni bitirdikdən sonra Bağdadda Yəhya əl Mərvəzi, Məhəmməd bin Adəm və s. kimi böyük alimlərdən dərs almışdır. Sonra Şamaxıya qayıdaraq bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olan İsmayıl Şirvani Mövlana Xalidin dərgahına gələrək onun müridi olur. 1813-17-ci illərdə öz mürşidinin yanında xidmətini tamamlayaraq Azərbaycana qayıdır, doğma yurdu Kürdəmirdə nəqşbəndilik təlimi ilə məşğul olur. Bir müddət sonra yenidən Osmanlı dövlətinə qayıdır və mürşidlik fəaliyyəti göstərir. 1848-ci ildə Amasiyada vəfat edir.
İsmayıl Əfəndi Seyyid Nigarinin həyatında mühüm rol oynamış, onun nəqşbəndi təriqəti ilə bağlanmasına səbəb olmuşdur. O öz mürşidinin göstərişi ilə Gümüşlü Saracxanə mədrəsəsində xəlvətə çəkilmiş, sonra Həcc ziyarətinə yola düşmüş və oradan Amasiyaya qayıtmışdır.
1840-1841-ci illərdə o yenidən doğma kəndi Cijimliyə qayıdaraq müəllimlik etmiş, bütün Qarabağ mahalında şöhrət qazanmışdır. Bu zaman o, Əminə xanım adlı bir qadınla evlənmiş və ondan Siracəddin adlı oğlu dünyaya gəlmişdir. Nigarinin divanında adı çəkilən Fəxrəddin Ağabalinin şairin həyatından bəhs edən “Humayi-Ərş” adlı əsərində onun öz doğma kəndinə qayıtması və buradan Bərgüşad mahalının (indiki Qubadlı rayonu) Mirlər kəndinə köçməsi barədə maraqlı məlumatlara rast gəlirik:
“Doğum yeri olan Cicimliyə gider-gitmez təcəlliyati-fitriyyəsində məknuz bir mevhibeyi-Subhaniyyə olan bu zatın şöhrəti həmən bulunduğu çevrədə yayılmış və hər tərəfdən elm və irfan təhsili üçün bir çox kimsə koşuşub gəlmişlərdir. Cicimlidə və Bərgüşatda Mirlər köyündə tədris və tərbiyə vəzifəsi ilə iştiğal etmişlərdir. Cicimlidə kışın Həkəri irmağının kənarında Sarı Aşıq namındakı məczubi-ilahinin məzarı civarında inşa edilən mədrəsələrdə tədrisatda bulunmuş və Bərgüşatda da Mirlər köyündə Bərgüşat irmağının kənarındakı xüsusi hücrəsində elm və irfan dağıtmışlardır…”
F.Köçərli onun hələ Türkiyəyə getməmişdən öncə bir müddət Qazax mahalının Xanlıqlar kəndində yaşayaraq ətrafına xeyli müridlər cəm etdiyi barədə məlumat vermişdir. Bunların ən məşhurlarından “Vəhidi” təxəllüslü Hacı Rəhim ağanın atası Allahyar ağa Dilbazzadə, Şahnigar xanım Rəncur, hal-hazırda Qazaxın Aslanbəyli kəndində türbəsi olan Hacı Mahmud Əfəndi və başqalarının adını çəkmək olar.
Zəngin tarixə məxsus nəqşbəndi təriqəti nümayəndələrinin XIX əsrdə rus istilasına qarşı mübarizə apardığı barədə mənbələrdə məlumatlar verilir. İsmayıl Şirvaninin müridlərindən olan Xas Məhəmməd Şirvani Dağıstanın Yaraq kəndində mürşidlik etmiş, onun söhbətlərindən sonra Molla Məhəmməd Yaraqlı Kürdəmirə, İsmayıl Şirvaninin yanına gəlmiş, İsmayıl Şirvani ona bütün bilikləri verdikdən sonra Dağıstanda bu təlimin yayılmasına həyatını həsr etməsini əmr etmişdir.
“O Kürin xanlığında təriqəti yaymağa başladı. Ətrafına hər tərəfdən müridlər topladı. Cəmaləddin əl-Qumuğiyə xilafətnamə verdi. İmam Qazi Məhəmmədə və imam Şamilə təriqətin yollarını öyrətdi…
Qazi Məhəmmədin “Qazavat” haqqındakı ideyasını dərinləşdirən Şeyx Şamil Həmzət bəyin ölümündən sonra imam seçilmiş və o vaxtdan dağlıların çar Rusiyasına qarşı azadlıq mübarizəsinə başçılıq etmişdir” (M.Məhəmmədcəlil, Fariz Xəlilli).
Sözsüz ki, təriqət mürşidlərindən olan Seyyid Nigari də bu mübarizəyə laqeyd qala bilməzdi. Seyyid Nigari və onun davamçıları rus işğalçılarına qarşı mübarizə aparan müridizm hərəkatına dəstək verdikləri üçün çar hökuməti tərəfindən təqiblərə məruz qalmışlar. Əsərlərində şairin Qafqazın rus müstəmləkəçilərinə qarşı mübarizə aparan igid oğullarını dəstəklədiyini əks etdirən beytlərə də rast gəlirik. Məsələn,
Zülf ilə kim tutuşub, çahi-zənəxdanə düşər,
Asilik eyləyən əlbət, şəhə, zindanə düşər
– mətləli qəzəlinin
Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən
Eyləmək cəngü cədəl şiri-Dağıstanə düşər
– beytində, fikrimizcə, Dağıstan xalqının igid oğlu Şeyx Şamil nəzərdə tutulur.
1851-1852 – ci ildə Ərzruma, 1871-ci ildə İstanbula gələn Seyyid Nigari öz söhbətləri ilə şöhrət tapmış, bir təriqət piri kimi tanınmışdır. Mustafa Rəşid Paşa ona Fatihdəki Əmir Buxari Dərgahının şeyxliyini təklif etmiş, lakin Nigari bu təklifi qəbul etməyərək ora öz xəlifəsi Daşabadzadə Mustafa Səbri Əfəndini göndərməyə nail olmuşdur.
1858-1859-ci ildə Ərzruma qayıdan Seyyid Nigari mənsub olduğu nəqşbəndi ideyalarını cəmiyyətdə təbliğ edir, insanların ruhunu aydınlatmağa çalışır. Bu illərdə vətənində qalmış xanımı Əminə və oğlu Siracəddini də yanına gətirir. Lakin Siracəddin 20 yaşında ikən xəstələnib vəfat edir. Onun ölümü Şeyxin həyatında dərin və ağrılı bir iz buraxır. 1867-ci ilə qədər Ərzrumda qaldıqdan sonra yaxın dostları ilə birlikdə Amasiyaya gedərək Merzifonda yerləşir və burada da öz fəlsəfi ideyalarının təbliği ilə məşğul olur.
Lakin Nigarinin get-gedə artmaqda olan nüfuzu və şöhrəti bəzi bədxahları narahat edir və o “dövlət və millət əleyhinə fəaliyyət göstərdiyinə görə və üsyan hazırlamaqda” günahlandırılaraq 1885-ci ildə ailəsi ilə birlikdə Samsuna sürgün olunur, oradan isə Harput şəhərinə köçürülür. 1885-ci ilin oktyabr ayında vəfat etmişdir. “Həzə kitabi-Humayi-Ərş” adlı əlyazmanın 381-ci səhifəsində “Həzrəti-pirin vəsiyyəti” başlıqlı fəsildə Şeyxin ömrünün son günləri və ölümü barədə olduqca maraqlı və qiymətli məlumatlar verilir:
“1303 bayramı ərəfəsində Vali Həsən Paşa ilə söhbətində ölümünün yaxınlaşdığını və Amasyada dəfn edilmək istədiyini bildirmişdir. Vali Amasyanın 10-12 günlük məsafədə olması və havaların isti keçməsi səbəbi ilə cəsədin iylənə bilməsi ehtimalını bildirmişdir. Seyyid Nigari Həzrətləri “80 gün bu vücud “Allah” dedi, ondan başqa bir söz söyləmədi, səkkiz gün içərisində qoxuyacaqsa, qoxusun” dedi. Həmzə Nigari Həzrətləri Məhərrəm ayında vəfat etmiş, at arabasıyla Harput (Elazığ) dan Amasyaya çatdırılmışdır. Dəfn edilmədən öncə bir heyətin hüzurunda tabutun qapağı açılmış, qoruyucu heç bir önləm alınmamasına baxmayaraq Həzrət Pirin mübarək vücudunda iylənmə olmadığı, hatta ətrafı xoş bir “nisbəti-Muhammədiyyə qoxusunun” bürüdüyü müşahidə edilmiştir.
Seyyid Nigarinin dəfn edildiyi yerdə 1894-cü ildə Şirvanlı Camisi tikilmişdir. Bu sami Türkiyədə Azeri camisi adı ilə tanınır.
Böyük mütəsəvvif şair, alim, övliya Mir Həmzə Seyyid Nigari Həzrətləri zəngin bədii irs qoymuşdur. Onun türkcə və farsca iki böyük həcmli divanı, “Saqinamə”, “Çaynamə”, “Nigarnamə”, “Həştbehiştnamə” və s. əsərləri təsəvvüf ədəbiyyatının ən gözəl örnəklərindəndir.
Şair Nigari təxəllüsü ilə yanaşı, bəzən Qarabaği və Qarabağlı nisbəsini də işlədir:
Nəsli-İsmailsən. əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən.
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği!
Seyyid Nigari Qaraqaşlı Əhməd Əfəndiyə yazdığı nəzmlə başladığı məktubu təşxis poetik fiquru vasitəsiylə “canlandıraraq” ona müraciət edir, “O yüz min behiştin həsəd apardığı gözəl Qarabağ torpağına yetiş, o torpağı öp və bizim sözlərimizi çatdır” deyir.
Zira ki, qədimi darimizdir,
Cövlangəhi-Şahnigarımızdır.
(Çünki, qədim yerimiz məskənimizdir. Şahnigarımızın gəzdiyi, cövlan etdiyi məkandır).
Seyyid Nigarinin Qaraqaşlı Əhməd Əfəndiyə yazdığı məktub şairin daxili aləmi, yaşantıları, təsəvvürə gəlməz dərəcədə böyük, intəhasız eşqi barədə oxucuda aydın təsəvvür yaradır. Bütün varlığı eşq olan, məruz qaldığı şiddətli eşq əzablarını görənlərin “Heyif, Məcnun kimi avara və sərgərdan olacaq” deyərək təəssüfləndiklərini yazan Seyyid Nigari özünü Musa Peyğəmbərin Sina dağında rast gəldiyi, ilahi təcəllini əks edən ağaca bənzədir…
…İxtiyarımla deyil, böylə məqalati-bəla,
Yar söylər bu sözü, şəcreyi-Sinayəm mən.
Ağacı danışdıran Allah Təaladır. Ağacdakı od Allahdan olduğu kimi Nigarini yaxan eşq atəşi də ilahi təqdirdir. Yüksək əxlaqlı, uca yaradılışlı, ali dərgaha layiq bir bəndə, “Fatimeyi-Zəhra kənizi” olan Nigar xanımın camalı yalnız İlahi nurun bir təcəllisidir. Mənbələrin verdiyi məlumatlara əsasən, Nigari hələ 9 yaşında ikən yuxusunda bu möhtərəm qadını görmüş və ona aşiq olmuşdur…
Şair, Qaraqaşlı Əhməd Əfəndiyə yazdığı məktubda Nigar xanıma olan sonsuz məhəbbəti sayəsində təsəvvüfi yolçuluğun mərhələlərini keçərək kamillik mərtəbəsinə yaxınlaşdığını bildirir. O yazır ki, əgər bir insan birindən adi bir şey alırsa, ona öz təşəkkür və minnətdarlığını bildirir. Nemətə şükr etməyin isə ali bir xüsusiyyət olduğu hamıya məlumdur.
Nigari isə Qarabağ diyarının Qaraqaşlı elinin yetirməsi olan Nigar xanımın, ona olan eşqinin sayəsində yüksək məqama çatmış, saysız mənəvi nemətlərə və kamilliyə yiyələnmişdir…
Şair, Qaraqaşlı Əhməd Əfəndidən Qaraqaşlıda ona baş daşı, məqbərə tikməsini və Qarabağ camaatının o məzara ziyarətə gələrək diləklərini, məramlarını bildirməsini, özünün isə canü dildən bu diləklərin yerinə yetməsi üçün Haqqa şəfaətçi olacağını bildirir…
Şairin Qarabağa olan məhəbbət etirafını oxuduqda insanın gözləri istər-istəməz dolur. Nigar xanımı yetirən Qaraqaşlı haqqında “Mənim o diyarın uşaq-böyük, qadın-kişi, cavan-qoca – bütün əhalisinə və onların mənə olan məhəbbətinin dərəcəsini yalnız Mövla bilir” deyən Seyyid Nigari hətta ölümündən sonra da Qarabağ camaatını fikirləşir, onların arzularını yerinə yetirməyi, Allah dərgahında onlara şəfaətçi olmağı düşünürdü. Maraqlıdır ki, Qarabağ camaatı da heç zaman Nigarini unutmamış, hətta sovet rejimi dövründə təriqət ədəbiyyatı adı altında bir çox şairlərimzin yaradıcılığının təbliğinə qadağa qoyulduğu zamanlarda da Nigarinin şeirləri Qarabağ xanəndələrinin, sadə xalqın dilində əzbər olmuşdur.
Nigarinin türkcə divanında Qarabağ
Şairin Azərbaycan türkcəsində yazdığı məşhur divanındakı Qarabağa həsr edilmiş tərcibəndi onun Qarabağ mövzusunda yazdığı şeirlərin ən məşhurudur. Bu şeirdə Qarabağın təbiət gözəllikləri ilə yanaşı, onun mənəvi mahiyyəti də öz əksini tapmışdır. Xüsusi kəramətlərə malik övliya olan Mir Həmzə Seyyid Nigari Qarabağın şəhid qanlarıyla suvarılacaq müqəddəs bir yer, nə qədər qiymətli bir məqam olduğunu bilirdi. Ona görə də Qarabağı belə şövq və eşqlə mədh edirdi:
Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ!
Rəşki-mişk-ənbər imiş buyi-ğubari-Qarabağ,
Abi-heyvan imiş ənharü pünari-Qarabağ.
Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ.
Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.
İmdi bildim nə imiş vəsfi-həzari-Qarabağ!
Yeridir kim çəkərəm ah və zari-Qarabağ.
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ,
Yandırıbdur bəni bir nari-nigari-Qarabağ.
Nigari, divanındakı bir çox qəzəllərində də Qarabağı yad edir, onun həsrətilə yaşadığını bildirirdi:
Xəyalatilə gülgəşti-Qarabaği gəzər könlüm,
Gəlür kim kuyi-dildarə,
qalur, zövqi-murad eylər.
Şair könlünün Qarabağ torpağında qaldığını, “dildarının”, yəni Nigar xanımın vətəni olduğu üçün orada olmaqldan böyük zövq duyduğunu bildirirdi. Qarabağ torpağı Nigariyə görə, behiştdən daha gözəl olduğu üçün behişt özü ona həsəd aparır:
Rəşki-behişt,yəni, Qarabağdə,
Atəşə yaxdın bəni, ey Gülnigar!
Şair burada behişt və “atəşə yaxılmaq” arasındakı ziddiyyətdən istifadə edərək gözəl bir bədii təzad nümunəsi yaratmış olur. Şair Qarabağın müxtəlif toponimlərinə də şeirlərində yer verir:
Qarabağım çeşmeyi-xun, hər dü çeşmim Daşbulağ,
Mərhəmimdir dəmbədəm daği-fəraği-Abi-ağ.
Şair burada “abi-ağ” dedikdə, ehtimal ki, Ağsu və ya Ağ çay toponimini nəzərdə tuturdu.
Qarabağın “çeşmeyi-xun” yəni qan çeşməsi olması, artıq XIX əsrdə Qarabağda başlanan fitnələrin, rus çarizminin əli ilə törədilən kirli oyunların və erməni bəlasının ifadəsi idi.
Klassik divan şairlərimizin yaradıcılığında aşiqin göz yaşını, həsrətini ifadə etmək üçün ənənəvi olaraq Ceyhun, Fərat və s. çayların adı verilsə də Nigari Azərbaycanın, xüsusən də Qarabağın çaylarının adını böyük sevgi ilə çəkir, onları şeirə gətirir:
Sirişkim yüzinə cəryan edər Tərtər kibi, zira,
Həvayi-Bərgüşad ilə sinəçakəmü dilbazəm.
Sanma ki, ahım odu Tərtərə təsir etməz,
Qarabağ içrə düşüb yaxmaya nəhri-Tələki.
Canimə çəkmiş fələk Bərgüşadın dağini,
Sönməz atəşi, ursan Həkəri irmağını.
Qürbəttə doğma Qarabağını xatırladıqca, şairin gözlərindən qanlı yaşlar axır, qəlbi odlanır:
Qan əgər, odlar tökər, Mir Nigari məgər
Yad qılubdur yenə yari-Qarabağini…
Nigari Leylisini arayan Məcnun kimi Qarabağ torpağında sevgilisini aradığını bildirir:
Costocu eylərəm ol mahı Qarabağ içrə,
Məcnunəm ki araram Leylini toprağ içrə
Nola rəşkavəri-əhli-dili-Bağdad olsam,
Belə güllər ki saçar təb Qarabağ üzrə…
Məgər pərvərdeyi-sərvi qədindir, böylə kim bala,
Nigari, taği-alitək düşübdür Qarabağ üzrə…
Nigari bütün Qarabağı “firdövsi-dilara”, yəni ürəkaçan cənnətə bənzətsə də, sösüz ki, orada ən sevdiyi, onun üçün ən üstün məqam olan Nigar xanımın doğulub böyüdüyü Qaraqaşlı kəndidir:
Firdövsi-dilaradır gərçi Qarabağ, əmma,
Xoşdur Qarabağ içrə kuyi-Qaraqaş övla.
Bir çox mənbələrdə kəndin əsl adı “Qaraağaclı” olmuş, tələffüzdə dəyişikliyə uğrayaraq “Qaraqaşlı” şəklinə düşmüşdür. Qaraqaş toponiminə Nigari şeirində Nigar xanımın, şairin təbirincə desək Şahnigarın, adı ilə bağlı rast gəlirik:
Neyləyim, ey yaran, bir laləüzar
Tarimar eylədi arü varimi.
Bir ləbləri gülnar, adı Şahnigar,
Kəsdi taqətimi, ixtiyarimi.
Qarabağdan irağ deyil maralım,
Səhrayi-qınağdə oynar qəzalim.
Qaraqaşlı elində Şirin misalim,
Şamü səhər çəkər intizarimi.
Bir qönçeyi-gülün tarimariyəm,
Görüm abad olsun ol Qarabağı!
Bir gözəl kəbkin giriftariyəm,
Şənlik olsun dağı, bağı, ovlağı!
Gözlərimdən hər dəm qan-yaş tökülür,
Sərvtək qamətim yay tək bükülür.
Sinəmə çarpa dağlar çəkilür,
Yadıma düşdükcə Çilgəz yaylağı.
Xublər huridir, mələkmənzərdir,
Sözləri şirindir, şəhdü şəkkərdir.
Cənnətül Mə’vadur, hövzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə bulağı.
Qarabağ mövzusu Nigarinin bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Qarabağ məhəbbəti, Qarabağ həsrəti Nigarinin heca vəznində yazdığı şeirlərində də tez-tez müraciət etdiyi mövzulardandır:
Ey Nigari, ömrüm irişdi yayə,
Salmadı başimə ol sərv sayə.
Can nisar eylərəm peyki-səbayə
Xəbər versə bir gün Qarabağdan.
Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir,
Əzəl başdan Qaraqaşlı bustanım,
İndi gülüstanım Qarapirimdir.
Sinəmə çəkilən qara dağımdır,
Yandıran aləmi gör nə çağımdır!
Qara bağrım qanlı Qarabağımdır,
Gözlərimdən axan yaşi-tərimdir.
Sonuncu şeirin ilk bəndində şairin “bustan” və “gülüstan” sözlərini işlətməsi, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərlərinə işarədir. Şairin hazırda Ağdam rayonunun ərazisinə daxil olan Qaraqaşlıda (Qaraağaclı) Mahmud Əfəndidən dərs aldığı məlumdur. Yenə də Ağdam rayonu ərazisində olan “Qarapirim” kəndinə də “gülüstanım” deməsi şairin buradakı məşhur Qarapirim şeyxlərindən də təhsil almasını göstərir.
“Qanlı Qarabağım” deyərkən, Nigari hələ o dövrdə çar hökumətinin Qafqazda apardığı işğalçı siyasətin acı nəticələrini qabaqcadan hiss edən Seyyid Nigari şeirlərində Qarabağın taleyi haqqında öz nigaranlığını ifadə edirdi. Bu şeirləri oxuduqca sanki şairin Qarabağın düşmən tapdağı altında qalan dilbər guşələrini, yandırılan şəhər və kəndlərini dolaşan nigaran ruhunu görürdük. Bu ruh bizi zülmə və zalıma tabe olmamağa, vətən torpağını yağı düşməndən azad etmək yolunda birləşməyə çağırırdı.
***
Nigari “Çaynamə” adlı məsnəvisində də Qarabağı ətraflı şəkildə təsvir edir, onun sərhədlərini qeyd edir:
Bir yer deyim, ismidir Qarabağ,
Cənnət yeri abü şiri qaymaq.
Bir mövzui-xoş, fərəhfəzadır,
Dünyaya behişt desəm, səzadır…
Qərbiyyəsi Gögçə, gahi-xuban,
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-cənubisi Ərəsdir,
Kür həddi-şimali, xoşnəfəsdir.
Bu dairənin içində guya,
Bir mərkəzi-can olubdu peyda…
Zira ki, qədimi darimizdir,
Sərmənzili-Şahnigarımızdır.
Göründüyü kimi, burada Nigari Qarabağın dəqiq sərhədlərini müəyyənləşdirir, Qarabağ torpağını canın, ruhun mərkəzi adlandırır. Şair Qarabağda çoxlu turac, kəklik, qırqovul, şahin quşları olduğunu, hər tərəfinin yaşıllıq, meşə, bağ, çay və bulaqlarla dolu olduğunu, dağlarında ceyran, maral, dağkeçisi və s. vəhşi heyvanların yaşadığını qeyd edir. Eyni zamanda Qarabağın atları ilə də məşhur olduğunu, “Xosrov və Şirin” əsərindən məlum olan “Gülgun və Şəbdizin məqamı” olduğunu vurğulayır. Qarabağ torpağının zəngin bitkilər və heyvanlar aləmini vəsf edir. Güllü-çiçəkli yaylaqlarından, saf havasından, barlı-bəhərli torpaqlarından, Şirinə bənzəyən gözəllərindən bəhs edir. Qarabağı “behiştinn həsəd apardığı yer” kimi dəyərləndirir.
Nigari Qarabağın tarixi keçmişinə də əsərlərində yer verir. “Xosrov və Şirin” dastanındakı Şirini tarixi şəxsiyyət kimi dəyərləndirir, onun “Qarabağın şahı” olduğunu qeyd edirdi.
Bir məmləkət, adı kim Qarabağ,
Sərhəddi-cənubisi Qaradağ.
Var idi ki, var imdi, ey can,
Xubları, gözəlləri firavan.
Son beytdə, Qarabağın indiki gözəllərinin, qadınlarının Şirinin birbaşa varisi olduğunu vurğulayırdı.
Ol məmləkətin ol vəqt şahı,
Bir qız idi, leyk ərzi-mahı.
Ol doxtərin adı idi Şirin,
Göftarı şirin, kəlamı rəngin.
“Çaynamə” əsərində ulu babalarının yaşadığı bu müqəddəs torpaqda olan övliya türbələrinin, dini və tarixi abidələrin təsvirini verir:
Ol yerdə cənab Malik Əştər
Dəştində kəməndi-çərxi-çənbər…
Bir ali binadəndir o dilbənd
Məşhurdur adı Qoşa Günbəd.
O qəryədədir məzari-aşiq,
Əlqabi-şəhiri Sarı Aşiq.
Ol daireyi-Həkəri, Bərşad,
Eşqin yeridir buyurdu ustad.
Nigarinin doğma vətəninə sevgisi sonsuzdur. Şair “Nigarnamə” əsərində yazdığı bir qəzəlində aşiqin həsrətini, eşq yanğısını ifadə etmək üçün məqsədli şəkildə yalnız yerli çayların adından istifadə edir:
Alamaz atəşi-hicranımı çayi-Bərşad,
Eyləməz sud bana çayi-Həkari, nedəyim?
Eyləməz faidə suzanimə çayi-Xaçin,
Çayi-Tərtər dəxi söndürməz o nari, nedəyim?
Eyləməz çayi-Ərəs faideyi atəşimə,
Çayi-Kür söndürəməz nari-mənari, nedəyim?
Bəhri-Zəxar ilə eşq atəşi təskin olmaz,
Böylədir, lütfilə kim, yansa fənarı, nedəyim?
Şair Qarabağı ilahi mərifətə çatma məqamı, səadətlərin məcmuyu, eşq xəzinəsi adlandırır, onun qeyri-adi təbii gözəlliklərini və mənəvi xüsusiyyətlərini mədh etməkdən yorulmurdu.
Bu gün Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağın yağı düşməndən azad olduğu üçün böyük övliyanın ruhu şaddır, inşallah! Əminəm ki, Qarabağın başına gələn qanlı hadisələri öncədən hiss edən və əsərlərində nigarançılığını ifadə edən Mir Həmzə Seyyid Nigari Həzrətlərinin bu duaları da müstəcəb olacaqdır:
Abad olsun o yer, zira xəndan olduğum yerdir,
Həvəsnaki-meyi-gülguni-canan olduğum yerdir.
Abad olsun Qarabağ içrə ol yer, çünki cananın
Həbibanə qara qaşına qurban olduğum yerdir.
Abad olsun ki, ey Mir Nigari, çeşmi-dilbərdən
Alub dərsi-cünuni, əhli-irfan olduğum yerdir…
Görüm abad olsun ol Qarabağı…
Şənlik olsun, dağı, bağı, irmağı…
Nəzakət Məmmədli
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun Türkdilli əlyazmaların tədqiqi
şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent
edebiyyatqazeti.az