- Mədəniyyət

Dohada “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi keçirilib

NARGIS jurnalı fevralın 19-da Dohanın Qətər Milli Kitabxanasında “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatını keçirib.

Tədbirdə Qətər Milli Kitabxanasının prezidenti Dr. Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Şeyha Vadha Al Tani, mədəniyyət nümayəndələri, həmçinin Qətərdəki Azərbaycan səfirliyinin qonaqları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Əlifba: A Cultural Alphabet” kitabı rəngarəng illüstrasiyalardan ibarət olan, həm böyüklər həm də uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının hər bir hərfi ölkəmizdə yerləşən memarlıq abidələri, sənət əsərləri, ölkəmizin tarixi ənənələri və folkloru ilə bağlıdır. Hər bir hərfə aid mətn geniş araşdırmalar əsasında yazılıb.

Layihənin ideyası NARGIS jurnalının baş redaktoru və bir çox unikal yaradıcı layihələrinin müəllifi olan Ülviyyə Mahmuda aiddir. Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünə gətirməkdir.

Kitab dörd dildə təqdim olunub: ingilis, ərəb, fransız və ispan dillərində. Kitabın əsas məqsədi Azərbaycanın tarixini, mədəni irsini və Azərbaycan dilini təbliğ etməkdir.

Mərasimdə NARGIS jurnalının direktoru Müjgan Qafarzadə qonaqları salamlayaraq, layihənin tarixindən danışıb.

Təqdimat çərçivəsində “History in Letters” adlı sənədli animasiya dramı nümayiş olunub. Bu film tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu, sadəcə, bir sənədli animasiya filmi deyil, həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.

Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animasiya rəssamları isə Kənan Şeyxzamanlı və Nərgiz Heydərdir. İllüstrasiyalar rəssam Orxan Hüseynov tərəfindən hazırlanıb.

Heykəltaraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusi altlıq hazırlayıb. Tədbir zamanı Ülviyyə Mahmud kristalı Şeyha Vadha Al Taniyə hədiyyə edib.

Layihə üçün xüsusi olaraq hazırlanan “Welcome to Baku” adlı instalyasiya isə rəssam və heykəltaraş Rəşad Ələkbərov tərəfindən təqdim olunub.

Daha sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin NARGIS jurnalının fevral buraxılışı, posterlər, açıqcalar, xəritə və kəlağayı hədiyyə olunub.

Axşam saatlarında isə “Əlifba. A Cultural Alphabet” kitabında təqdim olunan illüstrasiyaların işıq proyeksiyası Marina Twin Tower binasının üzərində nümayiş etdirilib. Beləliklə, şəhərin sakinləri və qonaqları layihəmizlə vizual şəkildə tanış olublar.

“Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə ilk dəfə İstanbulda, 2024-cü ilin iyun ayında isə Berlində təqdim olunub. 2025-ci ildə layihə dünyada daha da genişlənəcək: Dohadan sonra kitab Rabatda, Madriddə, Londonda və digər şəhərlərdə təqdim ediləcək.

NARGIS jurnalı tərəfdaşlığa və göstərdikləri dəstəyə görə baş sponsor “PASHA Holding”ə, Qətərdəki Azərbaycan Ticarət Korporasiyasına, Azərbaycan Respublikasının Qətərdəki səfirliyinə və Kazunion turizm agentliyinə dərin minnətdarlığını bildirir.