- Köşə

Humay NƏHMƏTLİ. Adama deyərlər

(Felyeton)

Moşunun bir şeir yazmağı kimi, mən də hər gün nəsə yazıram guya. Moşu “xoşbaxtlıx”, “səadət” deyirdi, mən isə nə dediyimi heç özüm də bilmirəm.  Nə sözüm olsa, açıram wördü, “mürəkkəbim bitər, vərəqim dolar” dərdi olmadan ürəyimi boşaldıram, sonra paylaşıram ki, oxuyun. Adama deyərlər, nə olur onda,  düzəlir problemlərin? Adama deyərlər, hərə öz dərdinə baxır, kim sənə niyə, necə kömək eləsin? Həə…, belə olanda qınamaq olmur. Amma mən qınayıram, inciməyin, qınayıram. Ona görə yox ki, siz mənim problemimi həll etmirsiz, ona görə ki siz bayaqkı cümlələri qurursuz. Mən özümü də qınayıram, çünki mən də o cümləni qururam, hələ üstəlik kimdənsə nəsə umuram. İnsan nə maraqlıdır,  deyirəm…. Adama deyərlər: özün et də, bu qədər asandırsa…

Deməli, yoldaşlar,  anam əsəbiləşir həmişə bədbin yazdığım üçün. Anama deyərlər, ay ana, nə görürəmsə onu yazıram də mən… Hə, gördüklərim ürəkaçan deyildir: elə bil texnologiya nə qədər sürətlə inkişaf edirsə, insanlıq da bir o qədər geri gedir.

Adama deyərlər, gecə saat dörddə nə vacibdir bu sətirləri yazmaq, əlinə nə keçdi, nə düzəldi?  Amma onu da deyim ki, mən kefimdən yazmıram ha bu cümlələri, özü də gecə saat dörddə! Adama deyərlər, nədir axı sənin yuxuna haram qatan ki, bizi də qoymursan dinc oturaq? Hər səhər oyanırsan, başqa xəbər görürsən, adama deyərlər özbaşınalıqdır? Hanı haqq, hanı hüquq, hanı insanlıq,  ədalət?! Adama deyərlər, bu ölkədə kimsə yoxdurmu? Amma bilirsiniz, nə demək lazımdır adama: sən bu qədər yazdın, nə oldu, nə bacardın? Ürəyindəkiləri senzurasız deyə bilmirsən, gəlib bizə söz atırsan, deyərlər adama. Eh, əslində, adama çox şey deyərlər, deməkdə nə var ki? Adam nə deyir, nə edir,  əsas məsələ odur…