- Köşə

Gülyaz ƏLİYEVA. Gözdən yaş, dildən söz çıxarmı ürək yanmasa?!

“Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun: yəqin mühərririn düşməni dostundan çox olur. Düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil. Camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp”.

Ə. Haqverdiyev

“Sizi deyib gəlmişəm” deyən ədib xalqını çox sevirdi. O dərəcədə çox sevirdi ki, qəhrəmanlarını xalqın içərisindən – həyatın lap dibinə enib oradan, kiçik adamların içindən seçirdi. Gözünü açanda qaranlıq gördüyü dünyanı aydınlatmaq idi ümdə arzusu. Hamının kiçik bildiyi adamlar əslində onun gözündə qəlbində böyük ağrılar daşıyan, bir qədər avam, amma saf, təmiz, böyük insanlar idilər. O, ədəbiyyatı xalqa yaxınlaşdırdı. Onun təsvir etdiyi kiçik adamın ədəbiyyata gəlişi ədəbiyyatı dəyişdi, səmtini, yönünü xalqa tərəf daha da yaxınlaşdırdı. Sadəlik, aydınlıq, real həyata bağlılıq, xəlqilik, canlı, xalq danışıq dilində yazmaq onun yaradıcılığının əsasını təşkil edirdi. Onun xalqa ünvanlanan tənqidi sadəcə tənqid deyildi, ürək yanğısı idi, göz yaşları içində qəhqəhə idi.

Siz heç ağlaya-ağlaya, gözləri qan-yaş içində gülən adam görmüsünüzmü? Mən görmüşəm. Bu o idi! O, qəhrəmanlarına yaxşı bələd idi. Onun Novruzəliyə canı yanırdı, Zeynəbin halına ürəyinin başı göynəyirdi, Vəliqulunun nadanlığı, danabaşlığı bağrını dəlirdi. Hüquqsuz, çadra dustağı olub həbsxanaya pəncərəsi olduğu üçün həsrətlə baxan qadınlara baxanda onun da ürəyi dərddən partlayırdı. Qurbanəliyə qəzəbi tuturdu. Nadanlıq, cəhalət onu çox yandırırdı. Əlidəyənəkli Xudayar bəylərin xalqa tutduğu divana dözə bilmirdi. Qələmini qırmanc edib Xudayarları, Qurbanəli bəyləri, Zırramaları döyəcləyirdi. İtqapanlılara, başıqapazlılara, danabaşlılara yazığı gəlirdi. Onları ayıltmaq istəyirdi. O da sanki “Molla Nəsrəddin” jurnalında təsviri verilmiş yarıyuxulu, yarıoyaq, yarı əsnəyən, yarı gərnəşən həmvəyənlərini oyatmağa çalışan Molla Nəsrəddinin özü idi.

O, xalqı bu cəhalətdən qurtarmaq üçün yollar axtarırdı. O bu yolu tapdı: xalqın sevdiyi, söz-söhbətini dillər əzbəri edib danışdığı Molla Nəsrəddin adında məcmuə çıxarmaq və cəhalətdə olan xalqı bu yolla ayıltmaq, güldürə-güldürə, düşündürə-düşündürə, ağlada-ağlada ayıltmaq. O, cəhalətin xalqı hara aparacağını yaxşı bilirdi. Onun tənqidi ürək ağrısından, göz yaşından yoğrulmuş bir tənqid idi. Bu ona bənzəyir ki, yaxın bir adamının uçuruma doğru getdiyini görəsən, amma onun qarşısını ala bilməyəsən. Yanlış atılan hər addım səni səndən edir, lakin qarşıda uçurum olduğunu bilməyənə bunu heç cür anlada bilmirsən, o sənin gördüyünü görmür, sən onu sevirsən, pisliyini istəmirsən, amma o səni anlamır və dayanmadan uçuruma doğru gedir. Sənin sözlərinə əhəmiyyət vermədən gedir… O, xalqı üz tutub getdiyi uçurumdan qorumaq istəyirdi. Xalqa qarşı laqeyd olsan, bu səni yandırmaz! Amma sən bu ağrıya dözə bilmirsən, bu səni dəli edir. Kefli İsgəndərə dönürsən. Onun dərdi, kədəri xalqın görmədiklərini görmək dərdi, anlamaq dərdi idi. Xalqının dərdinə yanmasaydı, özü də bu odda yanardımı?! Laqeyd olsa, can yanğısı olmasa, o da güldən-bülbüldən yazardı, özünü tənələr, mərhumiyyətlər məngənəsində sıxmazdı. O isə bütün bunların hamısına sinə gərdi, dözdü, tutduğu yoldan dönmədi. Can yandırdığı xalqdan ona dəyən təpiklər başqasına dəysəydi, çoxdan bu yoldan dönər, xalqdan üz çevirərdi. Onun yazdıqları pak vicdanının harayı, hayqırtısı idi.

Xalqa olan sevginin nəticəsi idi ki, onun azadlığı, rifahı, savadlanması uğrunda əlindən gələni əsirgəmirdi. Zəhrabəyim ananın balalarının arasında qalmasına bənzəyirdi onun halı… Sevdiyi xalqını bir araya gətirə bilmirdi, hərəsi bir dildə danışırdı, oxumuşunun dərdi bir başqa, savadsızının dərdi bir başqa, “uçitel”inin dərdi də bir başqa idi onun qəlbində. O, xalqa bağlı olduğu, yaxın olduğu üçün onun dilində yazırdı, sadə dillə mürəkkəb mətləbləri çatdırırdı. O dərəcədə sadə yazırdı ki, yazma-oxuma bilməyənlər də onun yazdıqlarını samovar alışığı edə-edə axırda nə isə anladılar, nə isə başa düşdülər. O dərəcədə sadə yazırdı ki, onunla yolları bir olsa da, rəqabətdə olanlara hətta “o, sadə yazır, amma çox yaxşı yazır”,- dedirdə bildi. O bu xalqın başıqapazlı, danabaş olmasını istəmirdi. O istəmirdi ki, xalqını it qapsın, yolunu zırrama kəssin. O, xalqının Novruzəli, Məhəmmədhəsən əmi, Xudayar bəy, Qurbanəli bəy, Pirverdi, Rüstəm bəy, Məhəmmədəli, Səməd Vahid olmasını istəmirdi. Canı yanırdı, xalqın ayılmasını istəyir, haqqının tapdanmasına göz yuma bilmirdi. Bunları gördükcə yanan qəlbinin tüstüsü başından çıxırdı.

O, soydaşlarını bir günəşin – azad Azərbaycan ətrafında bir olaraq, ondan qopmadan, ətrafında dolanmasını istəyirdi. Vətən dərdi onun ən ümdə dərdi idi. Ona görə də “Ax, yazıq vətən! Bəs sən haradasan, ay biçarə Vətən?!”, “Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?”, “Gəlin, gəlin, mənə bir yol göstərin!”, nəhayət, “Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!”- deyə haray çəkirdi. O, bütün bunları ürək qanı ilə, göz yaşı işərisində, gülərək yazırdı. Ona görə onun əsərləri tragikomediya idi. Yazdıqlarından aydın görünür ki, o, mənsub olduğu xalqa – onun yaşayışına, düşüncəsinə, ağrı-acısına, dilinə dərindən bələddir və incə müşahidə qabiliyyəti var. Gərək xalqını nə qədər sevəsən və bu dərəcədə yaxından tanıya biləsən ki, onun dilini də bu qədər gözəl biləsən. O bu dünyaya qəm pəncərəsindən baxırdı. O, bütün əsərlərini xalqı üçün yazdı, ədəbiyyatı xalqa daha da yaxınlaşdırdı və milli koloritini artırdı.

O, yaxşı bilirdi ki, yalnız həqiqəti yazdığı, xalqın tərəfini tutduğu üçün düşməni dostundan çox olacaq. Düşməndən – qaragüruhdan qorxmadı, onların xoşuna gələnləri yazmadı, axundlara, bəylərə, xanlara yaltaqlıq etmədi. Milyonlarla əzilənin haqqını deyil, sərvəti olanların tərəfini tutanların qiyməti onun gözündə bir qara pul idi – o da qəlp.

Odur ki, heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazdı və yazdığı “kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb”, gələcək nəslə göndərmək üçün verdi Novruzəliyə ki, onu salsın poçta və düşüncələri, fikirləri gəlib çatsın, biz də yazıçının ürəyinin qanı ilə yazdıqlarını oxuyaq, tanış olaq. Cəhaləti, avamlığı, mövhumatı qamçılayan, heydən salan yazıçının ürəyinin qopardığı bu haraya yatanlar ayıldı. Bir çoxları isə tam ayılmasa da, ən azından yuxusu qaçdı, gərnəşdi, sağ böyrü üstündən çevrilin sol böyrü üstə keçdi! Ona qədər kim öz fikirlərini bu sadəlikdə, bu aydınlıqda, bu səmimilikdə ifadə edə, xalqa çatdıra bilmişdi? Onun sadə adamları əslində böyük adamlar idi və bizə çox mətləblər qandırdılar. Onun xalqının halına ürəyi yanmasa idi, yazmazdı. O buna görə böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı təkcə milli deyil, həm də böyük ümumbəşəri dəyərlərin daşıyıcısıdır. O hətta xalqının çatışmayan cəhətlərini tənqid edərkən də onu yanğı ilə, islah etmək naminə tənqid edir, göz yaşı axıda-axıda yazırdı!

Doğrudan da, ürək yanmasa, gözdən yaş çxmaz, ürək yanmasa, xalqın dərd-sərini bu dərəcədə dəqiqliklə müşahidə edib, bu cür sadə və yanğılı bir dillə – öz dilində ifadə etmək olmaz…

7 aprel onun – Cəlil Məmmədquluzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının çap olunduğu gündür. O “Molla Nəsrəddin”in ki sözün əsl mənasında xalq jurnalı, sadə və zəhmətkeş insanların pənahı, arxası idi. O, mollanəsrəddinçilik adı alan mübariz, mütərəqqi fikir cərəyanı idi.

Xalqa “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” kimi sadə, səmimi müraciətlə başlayan “Molla Nəsrəddin” oxucuların diqqət və etibarını, hər şeydən əvvəl, öz dilinin anlaşıqlı olması ilə qazanmışdı. Mollanəsrəddinçilərin qənaəti bu idi ki, “yazı yazmağın ən birinci qanunu” hamının asan və tez başa düşə bilcəyi bir dildə yazmaqdır. Vətən yolunda, el yolunda səy və qeyrət göstərməkdir, qoca Molla Nəsrəddin kimi haqq və həqiqəti dost tutmaqdır.

1906-cı ildə Ə.Haqverdiyev Mirzə Cəlillə “Molla Nəsrəddin”in məqsədi, məsləki, dili haqqında etdiyi söhbəti, Molla əminin ona dediklərini xatırlayaraq yazırdı: “Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun: yəqin mühərririn düşməni dostundan çox olur. Düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil. Camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxaran mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta ölümdən qorxmayıb, həqiqəti yazacağam!”

Bu həqiqətpərəstlik, doğruçu olmaq, bu cəsarət və qorxmazlıq Sabirdə, Əli Nəzmidə, Ömər Faiqdə, Ordubadidə, Qəmküsarda da vardır. Sabir “Deyərəm həcv, sözüm doğru, kəlamım şirin” deyirdi. Akademik Əziz Mirəhmədovun dediyi kimi: “Həqiqətən, mollanəsrəddinçilərin dilində acı tənqidlə doğru söz, şirin ifadə birləşmişdi. Onların ata-baba müdrikliyi, ata-baba kişiliyi, ata-baba nəcibliyi ilə yoğrulmuş satirik gülüşündə Bəhlul Danəndələrin, Molla əmilərin ruhu və nəfəsi yaşayırdı. Jurnalı milyonlarla adamlara doğmalaşdıran səbəblərdən biri bu idi”.

Molla Nəsrəddin xalqın öz dilində, ürək yanğısı ilə yazdı, güldürə-güldürə ağlatdı, ağlada-ağlada güldürdü, düşündürdü, ürəklərə təsir etdi.

M.Müşfiq demişkən:

Yazmazdı, ürəyi xalqı anmasa,
Xalqın eşqi ilə alovlanmasa.
El kəsib qarşısın burdaca sordu:
“Gözdən yaş çıxarmı ürək yanmasa?”