Soyqırımlar törətmiş bir rejimlə terror şəbəkələrini himayə edən başqa bir rejim arasında savaş başlayanda, ilk qurban həmişə günahsız,əli silahsız xalq olur.
İsrailin son hücumlarında hədəf açıq görünür: İranın hərbi infrastrukturu. Amma bu infrastruktur həm də Təbrizin dağlarında, Xoyun düzündə, Urmiyanın yüksəkliklərindədir. Və bu yerləri Tehran höküməti heç də təsadüfi seçməmişdi. Çünki bu torpaqlarda yüzillərdir türklər yaşayıb. Bu torpaqlarda ana dili yasaqlanıb, türkün varlığı qorxulu sayılıb. İndi həmin torpaqlarda qurulmuş hərbi bazalar yenidən türkün başına yağış kimi yağır.
Güneyli strateq Məcid Cavadinin sözləri bəlkə də bu mənzərəni ən açıq şəkildə ifadə edir: “Urmiyə Qara dənizdən Aralıq dənizinə qədər Türkiyəni mühasirəyə alma planının son həlqəsidir.” Bu sözlərin içində həm də xəbərdarlıq var. O yazır ki, İsrail İranın əsas hərbi mərkəzlərini yox, dağlardakı müşahidə postlarını bombalayır. Məqsəd sadəcə İranı zəiflətmək deyil, bölgədə yeni sərhədlər çəkməkdir.
Bu yeni sərhədlərin xəritəsi isə birbaşa kürd təşkilatlarının hərəkəti ilə çəkilir. Yəni, söhbət təkcə İranın çökdürülməsindən getmir – məsələ ondan ibarətdir ki, PEJAK adlı qurum, PKK-nın bir qolu olaraq artıq Güney Azərbaycanın sərhədlərinə daşınır. Bu, təkcə Türkiyə üçün təhlükə deyil, Azərbaycan üçün də demoqrafik və siyasi kabus deməkdir. Cavadinin dediyi kimi, bu, çoxdan hesablanmış bir plandır.
İranın daxilində baş verənlər də bu planın bir hissəsinə çevrilib. Digər güneyli siyasi icmalçı Məsud Haray isə bu mənzərəni daha geniş geosiyasi çərçivədə təqdim edir. O yazır ki, PEJAK Türkiyənin PKK-ya qarşı “silahı yerə qoy” çağırışını rədd edərək yeni bölgəyə – Təbriz, Xoy, Zəngan, Urmiya kimi şəhərlərə yönləndirilib. Bu, həm də İranın özündə həyata keçirdiyi strateji bir planın nəticəsidir: kürdləri türklərin sıx yaşadığı bölgələrə köçürmək, demoqrafik quruluşu dəyişmək, gələcək separatizm üçün zəmin hazırlamaq.
İran rejimi uzun illər boyunca bu siyasəti səssiz və ardıcıl şəkildə həyata keçirdi. Suriya nümunəsində olduğu kimi, Qamışlı və Ayn əl-Ərəb kimi bölgələri YPG-ya(PKK nın Suruya qanadı) təhvil verən Əsədə dəstək verən Tehran rejimi bu bölgədə də eyni mexanizmi işə saldı. Kürdləri içəridən içəriyə – türkün bağrına köçürdü. İndi isə bu siyasət sanki son mərhələsinə qədəm qoyur: PEJAK silahlanıb, İsrail hava qalxanı yaradır, bölgə xaosa sürüklənir.
Bu xaosda isə yenə də günahsızlar itirir. Təbrizdə bombalanan mərkəzlərin bir çoxu hərbi obyekt ola bilər, amma o obyektlərin ətrafında uşaq bağçaları da var, xəstəxanalar da, bazarda giləmeyvə satan kəndlilər də. Biz unutmamalıyıq ki, Qarabağ savaşında Güney Azərbaycandan minlərlə insan sərhədə axışıb, qardaşlarına dəstək vermişdi. Və onların bir çoxu Tehran rejimi tərəfindən tutulub cəzalandırılmışdı. İndi onların şəhərləri bombalanır, uşaqları sığınacaq axtarır, küçələri qan qoxuyur. Bu gün müharibəyə yox demək yalnız humanist mövqe deyil, həm də strateji mövqedir. Hər bir türk, hər bir azərbaycanlı üçün.
İran uzun onilliklər boyu müsəlman dünyası içində yalnız ideoloji hökmranlıq yürütməyə çalışdı. Bu müddətdə nə Türkiyə ilə, nə Azərbaycanla, nə də digər müsəlman dövlətlərlə normal münasibətlər qura bildi. Əvəzində Ermənistanla əməkdaşlıq etdi, Suriya və Yəməndə qardaş qanı axıtdı, vətəndaşlarının böyük qismini – xüsusilə azərbaycanlıları – ana dilində təhsildən və mədəni haqlardan məhrum etdi.
İndi isə, illərdir ölüm hökmü oxuyub həmlələr etdiyi İsrailin hücumları qarşısında bu rejimin “İslam həmrəyliyi” çağırışları ironik və mənasız görünür. Bu, həm də müsəlman liderlərinə dərs olmalıdır ki, sözdə yox, real siyasi, iqtisadi və hərbi müstəvidə İslam həmrəyliyi qurulmasa, növbəti hədəf özləri ola bilər.
İranın bu vəziyyətə düşməsi təəccüblü deyil. Çünki illərlə öz xalqına düşmən kimi baxan, ”Xalqlar həbsxanası” adını qazann bir rejim olub. Amma burada başqa bir məsələ var: İran bu qədər çətinlik içindəykən belə yenə türkləri hədəfə alır. Onların mətbuatı, təhlükəsizlik orqanları, kəşfiyyat aparatları “Türklər İsrailə məlumat ötürür” deyərək düşməni içəridə axtarır.
Bəlkə də bu təkəbbür və qərəz sonlarının başlanğıcıdır.
Bəlkə də bu rejim, dağılacağını anlayıb, bölgəni fəlakətə sürükləyir. Amma soydaşlarımız nə o rejimin içində yanmalı, nə də İsrailin bomba sınaqlarına qurban getməlidir. Həm İran rejiminin, həm də onun xarici düşmənlərinin bu torpaqlar üzərində oynadığı oyunların hamısına “yox” deməyin və illərdir güneyli bacı qardaşlarımızın bitməmiş “Azadlıq projesinə”-İstiqlalına davam edib onu başa çatdırmağın zamanı artıq çatıb. Buna bütün varlığımızla ümid edirik və günün gələcəyinə inanırıq.