Bakının “Sea Breeze” istirahət mərkəzində “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı davam edir. Bu festival artıq musiqi bayramına çevrilərək dünya ulduzlarını və onların pərəstişkarlarını Xəzər dənizi sahilində açıq hava altında bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, festivalın üçüncü günü başlamazdan əvvəl sənətçilər ənənəyə uyğun olaraq simvolik firuzəyi xalça üzərindən keçiblər. Onun çaları Xəzər dənizinin səthinin parıltısını xatırladırdı.
Konsert proqramı italiyalı müğənni “In-Grid”in çıxışı ilə başlayıb. O, solo şəkildə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i, azərbaycanlı müğənni Vaqif Nağıyev ilə duetdə isə “Ümid yağışı” mahnısını ifa edib. “Ümid yağışı” mahnısının sözlərinin müəllifi Azərbaycanın Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, musiqisi isə bəstəkar Alxanlıya məxsusdur. Kompozisiyanın aranjimançısı Yaşar Baxışdır. Müğənni xüsusi olaraq bu layihənin təqdimatı üçün 2015-ci ildə Bakıya gəlmişdi.
Daha sonra musiqili axşam ifaçılar Yuhan Benyaminov, Emin Ağalarov, Sandra Ann Lauer (Sandra), Haddway, “Kosheen”, “Ottawan”, “Bad Boys Blue”, “Secret Service” və digər artistlərin çıxışları ilə davam edib.
Bu axşam 1980–1990-cı illərin disko musiqisinə həsr olunub və retro sevənlər üçün əsl hədiyyə olub.
“Dream FEST” festivalı iyulun 26-da başa çatacaq