Ana dili məsələsi XX qurultaydan sonra millətçiliyin başlıca məsələsinə çevrilmişdi. 1936-cı ilin dekabr ayının 5-də Stalin Konstituusiyası qəbul edildikdən sonra 1937-ci ilin yazında müttəfiq respublikaların konstituusiyaları qəbul edildi. Həmin vaxt yalnız iki respublikaya – Gürcüstan və Ermənistana öz ana dillərini dövlət dili kimi konstitusiyalarına salmağa içazə verilmişdi. Bu ayrı-seçkilik onlarla qonşu olan azərbaycalıları – xüsusilə ziyalıları çox sıxırdı. 1956-cı ilin avqust ayının 1-də respublika Nazirlər Sovetinin sədri Sadıq Rəhimova Azərbaycan klassikləri və Azərbaycan xalqı adından maraqlı bir anonim məktub göndərilmişdi.
Məktubda yazılırdı: “Yoldaş Rəhimov, kommunizm prinsipləri və Lenin yolu tələb edir ki, Azərbaycanda xalqların dili haqqında Lenin milli siyasəti bərpa olunsun. Bu məsələ min dəfədən də artıq zəruridir, nəinki Mingəçevir kimi yüzlərlə məsələlər. Buna nə Xruşşov, nə də Bulqanin etiraz edəcək. Buna yalnız yağlı yerləri itirmək istəməyən bir neçə yüz şəxs etiraz edə bilər. Lakin bunu Lenin partiyası, Azərbaycan zəhmətkeşləri və bütün tərəqqipərvər bəşəriyyət alqışlayacaq. Yaranmış indiki vəziyyət tələb edir ki, yaxın vaxtlarda bu məsələ xalqın gələcəyi naminə həll edilsin, əks təqdirdə sonra gec və mümkünsüz olacaq.
Bu işdə şəxsi xeyir güdmək kommunistə yaraşan iş deyil. Partiyanın maraqları daha vacibdir. Fikirləşin və müstəqil hökumətin rəhbəri kimi hərəkət edin. Ədalət, partiya və xalq sizinlədir”. Bu məktubun imza yerində “Nizami, Füzuli, Axundov, Nərimanov və bütün Azərbaycan xalqı” sözləri yazılmışdı.
Eyni zamanda imzalardan sonra dil haqqında qərarın ilkin layihəsi də məktuba əlavə edilmişdi. Orada göstərilirdi:
1. Bakı şəhərinin dövlət müəssisələrində işləyənlərin hər biri Azərbaycan və rus dillərini bilməlidir;
2. Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət müəssisələrində işləyən hər kəs erməni və Azərbaycan dillərini bilməlidir;
3. Azərbaycanın digər yerlərində işləyənlər Azərbaycan dilini bilməlidirlər;
4. Respublika əhəmiyyətli dövlət müəssisələrində kargüzarlıq işləri Azərbaycan dilində aparılmalıdır
(Nizami, Füzuli, Axundov, Nərimanov və bütün Azərbaycan xalqı adından Sadıq Rəhimova anonim məktub. 1 avqust 1956., Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 1, s. 44, i. 103, v. 214–215).
KQB dərhal Azərbaycan klassiklərinin və Azərbaycan xalqı adından yazılmış bu anonim məktubun müəllifinin axtarışına başladı…
professor Cemil Hasanlinin araşdırması
ardı var
Oxunub: 48