- Dil, Manşet

Operativ əməliyyat işləri nəticəsində müəyyən edildi ki, məktubu Rəmzi Yüzbaşov yazıb…

(II hissə)

Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən aparılan operativ əməliyyat işləri nəticəsində müəyyən edildi ki, Sadıq Rəhimova Nizami, Füzuli və digərlərinin adından göndərilmiş məktub Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun elmi işçisi Rəmzi Yüzbaşov tərəfindən yazılıb. KQB-də dindirilən zaman Rəmzi Yüzbaşov məktubun və ona əlavə edilmiş qərar layihəsinin onun tərəfindən yazıldığını, lakin qorxduğu üçün deyil, onun əhəmiyyətini artırmaq üçün məktubun aşağısında Azərbaycan mütəfəkkirlərinin adını yazdığını bildirib. Eyni zamanda, Rəmzi Yüzbaşov əlavə edib ki, Azərbaycan dilinin dövlət dili olması ilə bağlı o, Nikita Xruşşova, Nikolay Bulqaninə, Anastas Mikoyana, İmam Mustafayevə və Mirzə İbrahimova da məktublar göndərib.

1956-cı ilin mart ayının 13-də Nikita Xruşşova, Nikolay Bulqaninə və Anastas Mikoyana  göndərdiyi məktubda Rəmzi Yüzbaşov yazırdı: “İki-üç il əvvəl mən belə bir məktubu yazmağa cürət etməzdim. Çünki xalq tərəfindən yazılan məktublar gedib rəhbərə çatmırdı və əgər məktubda tənqid yazılmış isə müəllif üçün yaxşı nəticə vermirdi. İndi ölkədə vəziyyət xeyli dəyişmişdir. Arvadla kişi bazarın bahalığından qorxmadan danışa bilir və ya bir dostunun sürgündən qayıtmasını bir başqasına xəbər verəndə insan qorxmur. Buna görə də mən cürət edib bu məktubu sizə yazıram. Bu məktubu yazmaqda məqsədim o deyil ki, mənim yazdığım nöqsanın tez aradan qaldırılmasın görüb sevinim. Mən buna ümid etmirəm. Çünki ömrüm çatmaz. Mən bu məktubu yazmağı özümə bir vətəndaşlıq borcu bilirəm.

Mən indi əminəm ki, bu məktub ölkə başçılarına çatacaq və onlar məni “xalq düşməni” adlandırmayacaqlar. Mənim toxunacağım məsələ kommunist partiyasının milli siyasətinə aiddir. Hələ 25–30 il bundan əvvəl Sergey Kirov Azərbaycanda olanda bir ovuc Azərbaycan ziyalıları vasitəsilə idarə işlərimiz kommunist partiyasının proqramına əsasən öz dilimizdə getməyə başlamışdı. Mir Cəfər Bağırovun hökmranlığı dövründə isə Azərbaycan dili gözdən düşməyə başladı. Təxminən 25 il ərzində o, Azərbaycan xalqı ilə öz ana dilində danışmadı, bir kəlmə də olsun Azərbaycan dilində yazı yazmadı. Ona baxan yaltaqlar da onu təqlid etdilər. Ana dilinə xor baxdılar. İndi Bakıda heç bir idarə ana dilində işləmir.

Bakıda Azərbaycan məktəblərinin sayı ilbəil əskilir. Azərbaycan dilində danışan adama bir növ avam, qeyri-mədəni adam kimi baxılır. Özünü sevən heç bir xalq, nə qədər balaca olmuş olsa da, bu vəziyyətdən xoşlanmaz. Mənim yadımdadır, alman faşistləri Xerson şəhərində küçələrin adlarını tin lövhələrində əvvəlcə alman dilində, sonra rusca yazmışdılar. Əhali bundan nə qədər narazı idi. Ancaq Bakı küçələrində siz artıq Azərbaycan dilində yazılmış tin lövhələrini görməzsiniz (mən tinlərə yeni vurulan lövhələri nəzərdə tuturam. Füzuli küçəsi əvəzinə yazılmışdır ul.Fizuli, Xaqani küçəsi əvəzinə yazılmışdır ul. Xaqani və s.) Məncə, hürufatımız bir olsa da, dilimiz başqadır.

Əziz rəhbərlər! Demək istəyirəm ki, Bağırov nəinki ən sədaqətli inqilabçılarımızı, kommunistlərimizi, ən yaxşı dövlət xadimlərimizi, ən yaxşı şair və ədiblərimizi məhv etdi, o, bizim dilimizi də ayaqlar altına saldı. İndi Azərbaycan rayonlarının birində öz ana dilində onillik təhsil almış bir azərbaycanlı balası Bakıda bir idarəyə işləməyə girmək istəsə, o, buna müvəffəq ola bilməz. O, ya fəhlə olmalıdır və ya harada isə yenə oxumalıdır. Bu vəziyyət Lenin milli siyasəti nöqteyi-nəzərindən düzdürmü? Mən bu məktubu yazmaqla öz vətəndaşlıq vəzifəmi yerinə yetirmiş oluram. Fikirləşmək sizin işinizdir”.

Tezliklə Rəmzi Yüzbaşovun məktubu Moskvadan Azərbaycan KP MK-ya göndərildi. Məktubda qaldırılan məsələlərin biri – Bakıda Azərbaycan məktəblərinin sayının ilbəil azalması ilə bağlı məsələnin araşdırılması haqqında MK-nın elm və məktəblər şöbəsinin müdiri Əli Kərimova tapşırıq verildi. İyun ayının 28-də Əli Kərimovun MK-nın ikinci  katibi Dmitri Yakovlevə göndərdiyi arayışda etiraf edilirdi ki, həqiqətən son illərdə Bakı şəhərində Azərbaycan dilində məktəblərin və şagirdlərin sayında azalma müşahidə edilir. Əli Kərimov bunu müharibə illərində uşaq doğumunun aşağı düşməsi ilə izah edirdi.

Toplanmış materiallar əsasında Rəmzi Yüzbaşovun məktubu ilə bağlı Azərbaycan KP MK katibi Abdulla Bayramov Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsinin əməkdaşı Konstantin Lebedevə arayış göndərdi. Arayışda 1945–1955-ci illər arasında Azərbaycan SSR-də və Bakı şəhərində şagirdlərin sayı ilə bağlı məlumatların öyrənildiyi, həqiqətən son illərdə Azərbaycan dilli məktəblərin I–IV siniflərində şagirdlərin sayının 4100 nəfər azaldığı təsdiq olunurdu. Abdulla Bayramov bunu bir tərəfdən müharibə dövründə doğum faizinin aşağı düşməsi ilə izah edirdisə, digər tərəfdən son illərdə rus məktəblərində oxuyan azərbaycanlı şagirdlərin sayının artması, valideynlərin öz uşaqlarını rus məktəblərinə verməsi ilə izah edirdi.

KQB-nin sədri Fyodor Kopılov Rəmzi Yüzbaşovdan izahat alınması barədə Azərbaycan KP MK-ya bildirirdi ki, Nizami, Füzuli, Axundov, Nərimanov və bütün Azərbaycan xalqı adından tərtib edilmiş məktub 1906-cı ildə Şamaxıda anadan olmuş, Azərbaycan SSR EA-nın elmi işçisi Yüzbaşov Rəmzi Mövsüm oğlu tərəfindən yazılıb. Müəllif öz məktubunda milli məsələyə dair Lenin milli siyasətini millətçilik mövqeyindən şərh edib. KQB-də söhbət zamanı Rəmzi Yüzbaşovdan niyə məktubu Nizami, Füzuli, Axundov və Nərimanovun adından yazdığı soruşulduqda, o bunu guya məktubun təsirini gücləndirmək məqsədilə etdiyini bildirmişdi.

KQB-nin 1956-cı il üçün arayışından aydın olur ki, Rəmzi Yüzbaşov həmin ildə müxtəlif ünvanlara dil ilə bağlı altı məktub göndərib. İmam Mustafayev Fyodor Kopılovun məktubunun üzərinə dərkənar qoyaraq MK katibi Abdulla Bayramova tapşırdı ki, Rəmzi Yüzbaşovun və Elmlər Akademiyasının rəhbərliyinin iştirakı ilə məsələ Azərbaycan KP MK katibliyində müzakirə edilsin. Katibliyin iclasında İmam Mustafayev, Abdulla Bayramov, Rəmzi Yüzbaşov, Musa Əliyev, Mirzağa Quluzadə, Bahadur Zeynalov çıxış etdilər. Qərara alındı ki, müzakirələr bununla da məhdudlaşdırılsın. Eyni zamanda Akademiyanın prezidenti Musa Əliyevə və partiya təşkilatı katibi Bahadur Zeynalova tapşırıldı ki, Rəmzi Yüzbaşovun səhv hərəkətləri Ədəbiyyat və Dil İnstitutunun əmək kollektivinin nəzərinə çatdırılsın. İclasda bütövlükdə Akademiyada, o cümlədən Ədəbiyyat və Dil İnstitutunda siyasi tərbiyə işlərinin aşağı səviyyədə olduğu qeyd olundu.

Fyodor Kopılovun 1956-cı il üçün İmam Mustafayevə göndərdiyi arayışdan aydın olur ki, Azərbaycan dilinin dövlət dili olması tələbi ilə partiya və hökumət rəhbərlərinə ünvanlanan açıq və anonim məktubların, müraciətlərin və vərəqələrin sayı xeyli artıb. Bunu nəzərə alaraq 1956-cı ilin yazında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov Azərbaycan dili məsələsini hüquqi müstəviyə keçirməyə təşəbbüs göstərdi. İlk dəfə o, bu məsələni 1956-cı ilin iyununda Ali Sovetdəki kabinetində İmam Mustafayevlə ikilikdə müzakirə etdi. İmam Mustafayev prinsip etibarilə məsələ ilə razılaşdı və MK bürosunda müzakirə etməyi zəruri saydı.

1956-cı ilin iyul ayının 24-də Azərbaycan KP MK bürosu Mirzə İbrahimovun məktubu əsasında Azərbaycan dilinin dövlət dili olması barədə Konstitusiyaya əlavə və dyişiklik edilməsinə qərar verdi. Ali Sovetin sessiyasının çağırılması avqust ayının 20-nə təyin edildi. Avqust ayının 20-də Azərbaycan KP MK katibi Məmməd İsgəndərovun sədrliyi ilə Azərbaycan SSR Ali Sovetinin qanunvericilik komissiyasının, habelə “Mədəniyyət və maarif” komissiyasında iclası keçirildi. Ali Sovetin Rəyasət Heyətinin katibi Səftər Cəfərovun təqdimatı üzrə komissiya üzvlərindən Süleyman Rüstəm, Fikrət Əmirov, Mirzə Məmmədov, Məmməd Qurbanov, Adil Babayev, Baba Babazadə, Cəmilə Ağayeva, Adil Əbilov, Məmməd Ələkbərov,Anna Popova, Sergey Qordiyev, Ohanes Davidyan yekdilliklə “Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR-in dövlət dili haqqında maddə əlavə edilməsi barəsində” qanun layihəsini Ali Sovetin üçüncü sessiyasının gündəliyinə təklif etdilər.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov qabaqcadan Ali Sovetin deputatı, Stalin mükafatı laureatı, şair Rəsul Rza ilə razılaşmışdı ki, dövlət dili məsləsəi ilə bağlı təklifi o, səsləndirsin. Ali Sovetin avqust ayının 21-də keçirlən sessiyasında Rəsul Rza dedi: “Azərbaycan dili qədim babalarımızın danışdığı, əsrlərdən bəri yaşayıb inkişaf edən zəngin, geniş imkanlara malik gözəl bir dildir…Lakin bəzi idarə və müəssisələrdə bu dilə lazımi hörmət və etina yoxdur…Respublikamızın maarif naziri Mirzə Məmmədov yoldaş burada oturmuşdur. Şübhəsiz o, bilir ki, ildən-ilə məktəblərdə Azərbaycan dilində təhsil alan uşaqların sayı azalır. Bu ilk nəzərdə bir cümlədir. Lakin bu cümlənin arxasında elm, ədəbiyyat və sənətimizin taleyi, xalqın taleyi durur”.

Rəsul Rzanın çıxışı sessiyada həyəcanlı alqışlarla qarşılandı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov sessiyadakı çıxışında Rəsul Rzanın qaldırdığı məsələyə toxunaraq dedi: “Yoldaş deputatlar, sessiyada yoldaş Rəsul Rza Azərbaycan dili haqqında danışdı. Demək lazımdır ki, respublikamızda Lenin milli siyasətini bütün doğruluğu ilə yerinə yetirmək və əvvəl buraxılmış olan nihilizm və kosmopolitik xarakterli təhrifləri ləğv etmək üçün bəzi tədbirlər görülmüş və görülməkdədir. Konstitusiyamıza Azərbaycan SSR-in dövlət dili haqqında xüsusi maddə əlavə etmək məsələsi sessiyanın müzakirəsinə verilmişdir…Biz hamımız, bütün məsul işçilərimiz ana dilini mükəmməl surətdə bilməlidir və ana dilini bilməmək eyibdir”.

Bu müzakirələrdən sonra sessiya “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına (Əsas Qanununa) maddə əlavə edilməsi haqqında qanun” qəbul etdi. Bu qanun əsasında Azərbaycan SSR-in Konstitusiyasının 151-ci maddəsində deyilirdi: “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR-in ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir”.

Bununla da Sov.İKP MK ilə razılaşdırmadan Gürcüstan və Ermənistandan sonra Azərbaycan SSRİ-də 1956-cı ilin avqust ayında öz ana dilini dövlət dili kimi rəsmiləşdirən üçüncü respublika oldu. Bu qanundan sonra yerli əhali özünü ölkənin sahibi kimi hiss etməyə başladı. Lakin Azərbaycan dilinin dövlət dili olması respublikada millətçiliyi zəiflətmədi, əksinə gücləndirdi…

professor Cemil Hasanlinin araşdırması