- Köşə

Afiq MUXTAROĞLU. Qapalılıqdan şəffaflığa keçidin gizlinləri

 

Mən onda Feynendalda (Veenendal) işləyirdim. Bir türkün evini təmir edirdik. İndi burda mən durub bu türk qardaşımızın evindən-eşiyindən, ailəsindən yazası da deyiləm. Heç buna gərək də görmürəm. Nədən ki, onsuz da əlimdə mövzum hazır, qafam elə bu mövzuya fokslanıb. Yox bir daha nə, bu foksu-moksu hardan çıxardın, başına sözmü qəhətdir? Lap cəmlənib yazaydın, ya elə türklər kimi odaqlanıb yazaydın. Bu nəydi yenə hardan hara gəldim? Heç hənanınmı yeriydi, ay insaflı?

Keçənə güzəşt, üzrlü sayın, bir anlıq daldım, getdim.

Mən Feynendalda bir neçə dəfə yanından keçdiyim şüşəli binanın təyinatını öyrənincə, nə yalan söyləyim, çaşdımmı deyim, matmı qaldım deyim, bilmirəm. Qısa kəssəm, görnüşündən alış-veriş mərkəzinəmi, idman zalınamı bənzəyən binanın kilsə olduğunu giriş qapısının üzərinə yazılmış lövhədən oxuyunca çaşmışdım və hətta belə kilsəmi olar deməkdən özümü saxlaya bilməmişdim.

Uzun müddət Hoogvlietdə yaşadığım binanın önündəki kilsəni (antwoordkerk) də görnüşcə nəyə istəsən bənzədə bilərsən: şadlıq evinə, ticarət sırasına, kinoteatra-zada. Zəng qülləsi kimi də böyük diametrli hündür bir boru ucaldılıb, yuxarısına da kiçik zənglər asılıb. Əslində onları zəng yox, zəngciklər adlandırmaq daha doğru olardı. Nədən ki, nəhəng kilsə zəngləri ilə müqayisədə onların kiçikliyi o dəqiqə özünü göstərir. Nə gizlədim, mən bu zənglərin nə vaxtsa çalındığını, dindarları ibadətə çağırdığını heç eşitmədim.

Bunları sakitcə yazsam da, içimdəki çürükcüllüyüm özünü bayıra atmaq üçün fürsət axtarır. Bunu mənim xırdaçılıq etməyim kimi yozmayacağınızdan da əminəm. O üzdən ki, mən hadisələrin içinə yetmək üçün bir az çürükcüllük də etməliyəm, xırdaçılığa da varmalıyam.

Xristian dindarlar şüşə arxasında ibadət etməklə kilsənin nüfuzunumu qaldırmaq istəyirlər? Yoxsa kilsəyə gələnlərinmi sayını artırmaq niyyətindədirlər? Mən bu suallara cavab tapmaq üçün vurnuxuram.

Bir yerdən tutmaq, ipin ucunu tapmaq üçün çox da əziyyət çəkmirəm. Azca yaddaşımı eşələdikdə bu sualların cavabının başqa yerdə gizləndiyini ayrıd edə bildiyimi düşünürəm. Axı artıq həyatımın üçüncü ili Avropada keçir, bunu müəyyənləşdirmək üçün mənim dağa-daşa düşməmə gərək olmamalıdır.

Bəri başdan deyim ki, bunun bir səbəbi avropalının düşüncəsiylə, dünyagörüşü ilə bağlıdır, avropalının qapalılığı sevməməsindən qaynaqlanır.

Bir az başqa tərəfdən baxaq.

Niderland şəhərlərini dolaşan istənilən adam bir neçə saatdan sonra holland evlərinin çoxunun pərdəsizliyini mütləq sezəcək, mənzillərin içini, sakinlərin içəridəki hərəkətlərini ovcunun içində olan bir şey kimi görəcək və bütün bunlar onun təəccübünə, heyrətinə nədən olacaq. Pəncərələrin, demək olar ki, pərdəsiz olması, nümayişə, göstərişə açıqlığı pərdənin yoxluğundan deyil, mənzil sahibinin istəyindən asılı bir haldır.

Niderlandda, elə Avropanın digər ölkələrində də, qonşuları bir-birindən ayıran daş-dəmir hasarlar mövcud deyil, olsa da bu nadir bir şeydir. Hasarsızlıq, barısızlıq, çəpərsizlik hər yerdə — şəhərdə də, kənddə də ilk baxışdan nəzərə çarpır. Düzdür həyət-bacaya gözəllik vermək üçün dekorativ bitkilərdən ibarət çəpərlər burada da var, amma onlar kimisə oğrudan saldırmağa, nəyisə və ya kimisə yad baxışlardan gizlətməyə hesablanmayıb, sadəcə yaraşıq üçündür, könül əyləndirməyə yarayır.

Qonşuları, onların əkin sahələrini, bağ-bağçalarını uzaqbaşı bir-birindən kiçik su arxı, torpaq qalağı ayırır. Ən pis halda isə elektrik naqilinə bənzəyən üç cərgə metal məftil. Bəzən mal-qaranın qonşunun sahəsinə keçməməsi üçün bu məftillərdən doğrudan da naqil kimi istifadə olunur, onlara zəif elektrik cərəyanı buraxılır və belə naqilə bir-iki dəfə toxunan heyvan bir də o həndəvərə hərlənmir.

Yuxarıda verdiyim örnəklər yetərlidirsə, şüşəbəndli kilsələrin nədən belə yapıldığını da qəbul edə bilərik. Avropalı olanını gizləməyi, çəpərini qonşusuna tərəf basmağı ağlının ucundan da keçirmir. Üstəgəl, müasir şəhərsalmada şüşə və plastik məmulatlardan dünyanın hər yerində istifadə olunur. Bu, təbiətdə digər tikinti materiallarının tükəndiyi, yoxa çıxdığı anlamına gəlmir. Sadəcə ətraf mühitin qorunması və ən əsası da tikintinin maya dəyərinin aşağı salınması üçün bu materiallara üstünlük verilir. Xristian kilsəsi də bu yöntəmdən istifadə etməklə zamanla ayaqlaşır, cəmiyyətə yeniliklərə hazır olduğunun mesajını verir. Dünən inkvizisiya tonqallarını sönməyə qoymayan, fərqli düşünənləri bu tonqallarda külə-kömürə döndərən kilsə artıq yeniliklərə qarşı duracaq halda deyil. Çox yerdə ölüm-qalım savaşı verir, öz başının çibinini güclə qovur.

Bunların üzərinə bir az da özümüzdən nələrsə əlavə etdimmi yazımın başının günə gələcəyinə ümid edirəm.

Bəri başdan deyim ki, artıq bizdə də müasir memarlığın son nailiyyətlərinə əsaslanan nələrsə tikilir, memarlıqda, arxitekturada hansısa yeniliklərə imza atılır. Bunları danmaq insafsızlıq olardı. Həm də bunu qeyd etməklə haqqı nahaqqın ayağına verməmək kimi bir istəyim var.

Bunu deməsəm olmur: bizim çoxumuzun kimdənsə gizlədiləcək nəyimiz olmasa da, bir toplum kimi özümüzü hasara almaq, qala divarları arxasına qapatmaq kimi bir azarımız var. Kəndimiz də belədir, şəhərimiz də. Ev tikməmiş onun ətrafını daşla bağlamağı düşünürük. Səbəbi nədir? Hamımız yəqin ki,  eyni cavabı verəcəyik: ötüb-keçən məni niyə görməlidir, dişimizi niyə saymalıdır.

M.Saakaşvili dönəmində Gürcüstanda əksər polis binaları, ədliyyə evləri şəffaf şüşə konstruksiyalardan inşa edildi, içəridə nə baş verdiyini bayırdan adi gözlə də görmək mümkün oldu. Adamın allahı var, Azərbaycanda da müasir futristik, postmodern binalar az deyil. Bakının rəmzinə çevrilən “Alov qüllələri”, SOCAR-ın armudu-boğmalı çay stəkanına bənzəyən yeni binası, Tiflisdə yenə eyni şirkətin Qız qalasına oxşayan ofisini belə örnəklərdən saymaq olar. Amma SOCAR-ın Tiflis ofisinin əks tərəfində, Kürün digər sahilində yerləşən Azərbaycanın Gürcüstandakı səfirliyinin binası adama orta əsrlərin feodal mülklərini xatırladır. Binanın bu cür inşa edilməsiylə biz Azərbaycan memarlıq ənənələrinimi yaşadırıq? Azərbaycan memarlığı əski çağlardan fasiləsiz inkişafda olub və az qala hər dövrə aid nadir abidələr günümüzə qədər gəlib çatıb. Biz bu günümüzün memarlıq incilərini yaratmalı deyilikmi?

Elə Qırmızı Körpü sərhəd buraxılış məntəqəmiz də bu dərdlidir. Gürcüstan tərəfin sadə, işıqlı, şəffaf binasını keçib, Azərbaycan tərəfin dəbdəbəli, qapalı məntəqəsinə daxil olanda adam başqa bir dünyaya, başqa bir zamana düşdüyünü zənn edir. Bu ərazidən çıxanacan özünü orta əsrlərin dolanbac küçələrindəki kimi hiss edirsən. Qapalılıq o qədər darıxdırıcı, o qədər cansıxıcıdır ki, sözlə ifadə etmək belə mümkün deyil. Ölkəyə ilk dəfə ayaq basan bir əcnəbi üçün bu qapalılığın yaratdığı sıxıntını düşünmək belə kədərlidir.

Hansı daha yaxşıdır: qapalılıqmı, şəffaflıqmı?

Siz nə deyirsiz, bəylər?

Afiq MUXTAROĞLU

Niderland Krallığı