- Köşə

Bizim cüyürün faciəsi

 

Bir günün bir-birindən minlərlə kilometr aralıda başıma gələn iki qəribə, həm də heyrətləndirici hadisəsi sizin də marağınıza səbəb olacaq. Elə ilk cümlənin özü heyrətləndirici deyilmi? Düzü heyrətləndirici yerinə şokedici guppuldatmaq istəyirdim, amma son anda fikrimdən daşındım. Bir-birindən təxminən dörd min kilometr aralıda baş verənlərin birini Niderlandda öz gözlərimlə canlı gördüm. Azərbaycanda baş verən ikinci hadisəni də internetdən izlədim. Mənim üçün telepatiya kimi bir şey oldu deməm daha doğru.

Mən də belə əskisi tüstülü adamam, gərək hər görənək iş mənim başıma gələ.

Sabahın səkkizi-doqquzu ancaq olardı. Nədən deyirəm, biz işə yenicə başlamışdıq. Günəşin yandırıcı istisi hələ irəlidə idi. Əlim iş görsə də,  sabah günəşinin istisi məni xoşallandırır, qəribə bir hadisənin baş verəcəyi ürəyimə dammış kimiydi. O üzdən də ikidə bir başımı qaldırıb göyüzünə baxırdım, kanalın o tərəfindəki yaşıl meşəni süzürdüm. Və növbəti dəfə başımı qaldırıb dünyanı seyr etmək istəyəndə iki buzovun meşədən çıxdığını, yolu keçərək, bizim işlədiyimiz səmtə doğru gəldiyini gözüm aldı. Əvvəl-əvvəl gözümün alacalandığını düşündüm. Amma gözümdən də arxayınam. Nədən ki, mənim gözümdən bir şeyin yazındığı yox. Alıcı quş misalı.

Bu da mənim tərifli gözüm. Adam adama demirmi yekə gözün yiyəsinə xeyri yoxdur, bu dəfə mənimki elə oldu. Buzov nədir? Gələn bir cüt ceyran idi. Nazlana-nazlana düz bizə sarı gəlirdilər və mənim də dilim-ağzım bağlanmış, cınqırımı çıxarmağa bir damcı halım qalmamışdı.

Və ceyranlardan biri şair demiş, yay kimi dartılıb, ox kimi süzüb kanalın üstündən uçaraq, iş yoldaşlarımdan birinin qarşısına düşdü. Bu allah bəndəsi də bir başını qaldırıb olanlara baxmır. Mən də ceyranı ürküdəcəyim təlaşıyla səsimi çıxara bilmirəm ki, bu gözəlliyi görməsi üçün onu da muştuluqlayım.

Nəsə anlamış, təhlükəli sahəyə düşdüyünü, bəni insanla üzləşdiyini hiss edən gözəlim ceyran eyni cəldliklə kanalın üstündən sıçrayıb, özünü o biri sahildəki tayının yanına çatdırır, onu da təhlükədən xəbərdar edir və onlar özlərini meşəyə salırlar. Bütün bunların saniyələr içərisində bir səssiz film kimi baş verdiyini də qulluğunuza ərz edim ki, hər şey yerini tutsun.

Ceyranları görməyim bütün günü qafamı məşğul edir, mən özümü hansısa yarışda qalib gəlmiş bir idmançı və ya “Qızıl qələm”, yox bir, “Qızıl kələm” mükafatına layiq görülmüş bir yazı-pozu adamı kimi hiss edirəm, sevincimdən bu gen dünyaya sığışmıram. Belə bir gözəlliklə qarşılaşmamı həyatımın nadir anlarından biri sayıram. Nədən ki, bir insan ömründə bu cür halla barmaqla sayılacaq qədər rastlaşarmı, rastlaşmazmı?

Gördüyüm ceyranların ürkək qara gözlərinə  and olsun ki, danışdıqlarımın içində bir damcı da olsun dişə dəyən yalan-palan nəsə tapa bilməzsiniz.

Ağır iş günümü bu xoş təəssüratlar altında keçirib evə dönmüş, yuyunub yaxanmış, allah verənimdən yeyib, divana yayxanmışam. Görək biz tərəflərdə nə var, nə yox  düşüncəsiylə saytlarımıza göz gəzdirirəm. Ağlın qara gəlsin niyə açırdın bu saytı ki, niyə də qarşına belə bir mənzərə çıxırdı. Heç olmasa həmin an internet andır da kəsilmədi ki, günün qanımı qaraldan ikinci hadisəsi ilə qarşılaşmayaydım. Eyni gündə bir-birinə bənzəsə də, bir-birini inkar edən iki hadisə ilə üzləşmək də nadir hallarda baş verir və eyni adamın qarşısına çıxır. Bu da mənim bəxtim. Gərək sayta girib bu mənzərəni görəydimmi? Şeytan adamı beləcə vəsvəsələndirib, yoldan çıxarır.

Baxıram ki, bizim iki qaqaş bir cüyürü qənnarəyə mindirib, dərisini boğazından çıxarır. Kabablığını, bozartmalığını, qızartmalığını bir-birindən ayırır. Deyirəm bəlkə bu adamlarımız niyyət ediblərmiş, dəli sözü, deyinləri var imiş ki, torpaqlarımız yağılardan azad olunsun, gedib cüyür ovlayıb, qurban kəsəcəyik? Cüyür də cütdırnaqlı, kövşəyən heyvan, qurbanlığa da düşür. Bu söhbəti burda kəsib, bir daş altına, birini də üstünə qoymaq olardı, adamlar sevinclərindən bu işə əl atıblar deyərək, üstündən sükutla keçə bilərdik. Amma bu məqamda bir iş var, iki məsəl deyib, bir az da dərininə getmək istəyirəm.

Bir az tarixi qurdalayacam. Bəlkə qurcalayacam yazmaq doğrudur? Amma nə gizlədim, mən qurdalamaq məsdərinə qahmar dururam. Deyəsən, heç bunun yeri deyildi, açıb-ağartmağa dəyərdimi?

Ovçuluq ən qədim təsərrüfat formasıdır. İbtidai insanların yaşayış vasitələrindən ən önəmlisi idi. Sonrakı dönəmlərdə ovçuluq hərbi məşq, savaşa hazırlıq məqsədi daşıyırdı. Bir az da bəy-xan zümrəsi bununla özlərinə əyləncə yaradır, həm də ov ətindən yeyib ağızlarının dadını-tamını dəyişirdilər. Bəs onların bəylikləri-xanlıqları başqa cür necə təsdiqlənməli idi? Bəy dediyin nə, bəyənmədiyin nə? Orta yüzilliklərin ovçuluğu barədə Dədəm Qorquddan da örnəklər verə bilərdim. Amma nə gərək var?! Cüyürü basıb qanına qəltan edənlər, dıra-tıxa yeyib, üstündən bulaq suyu içənlər guya Dədə Qorqud zad anlayandırlar. Cüyür ovlayıb ətini dişlərinə çəkən bu qaqaşların indi çox yəqin ki, buynuzları qoşa çıxıb.

Vallah elə çoxumuz da bu dərdliyik, çoxumuzun içində oyadılmağa bənd, oyanmağa məqam gözləyən bir ceyrancıllıq, bir cüyürcüllük, lap elə bir maralcıllıq yatmırmı?

Əslində bizim ceyran-cüyür sevgimiz dəftərə-kitaba sığan da deyil. Qızlarımıza “Ceyran” adı qoyan da bizik, onların daşıdığı adın sahibi olan heyvanların ətini şişə düzən də. Hələ ceyransız qalan Ceyrançölümüzü, batmağa ceyran tapmayan Ceyranbatanımızı demirəm. İndi də bir ətək xərc çəkib, ordan-burdan ceyran alırıq ki, ceyranlı olaq, Ceyrançölümüzü ceyranlı edək. “Ceyran” adlı restoranlarımız da ceyransızlığımızın bəlgəsi və ya ceyran-cüyür kababıyla müştərilərin “mədəsini xoşbəxt edən” zamanların yadigarıdır. Ceyran adlı qızların, qadınların qısqanclıq zəmnində qətli, bundan sonra zülüm-zülüm “Ay ceyranım!” deyib dil-boğaza qoymamamız da,  bizim sevgimizin əndərabadiliyindəndir.

Öldür bizi, ətimizdən ət kəs, biz ceyranın – istər xanım olsun, istər də çöllər gözəli – ayaqüstə olanını, dirisini sevə bilmərik. Bizimki ölü olmalıdır ki, qara bağlayaq, öz əlimizlə öldürüb “Segah” üstündə, lap elə “Mansırı” havasında zarıyaq.

Yalanım varsa, tutun yaxamdan, nə çərənləyirsən deyib məni tuncur edin. Əti köz üstündə cızır-cızır yanan cüyürümüzün ruhuna and olsun ki, dinən deyiləm.

Afiq MUXTAROĞLU

Niderland Krallığı

17 iyul 2021-ci il