- Köşə, Manşet

İzutsuya görə, Quranda “küfr”ün bir sıra məna çalarları

 

    Yapon alimi Toşixiko İzutsu həm də məşhur İslam mədəniyyəti, ərəb dili və ədəbiyyatı mütəxəssisi, Quran semantikası üzrə məşhur alimdir. 4 may 1914-cü ildə  Tokioda anadan olub. Yunan, latın, fransız, alman, italyan, ispan, fars, türk, sanskrit, qədim və yeni Çin, ərəb dillərini öyrənən İzutsu 1951-ci ildə Quranı yapon dilinə tərcümə etməyə başlayıb və 1958-ci ildə başa çatdırıb. 1961-79-cu illərdə Kanadada Əşəri, İbn Sina, Qəzali, Şəhabəddin Sührəvərdi (məqtul), Mühyəddin İbn Ərəbi kimi alimlər haqqında dərslər keçib.

İzutsu istər Quranın tərcüməsi, istərsə də ayrı-ayrı anlayışların izahı zamanı dillə dünyagörüşünün qarşılıqlı olaraq bir-birini müəyyən etməsi fikrinə əsaslanır. Sözlərin mənasındakı dəyişmələri üzə çıxarmaq üçün sinxronik və diaxronik analiz üsulundan istifadə edən İzutsu əsas islami anlayışları təhlil edərkən Quranın bir sıra sözlərə gətirdiyi məna fərqini ortaya qoyub. Onun “Quranda Allah və insan” və “Quranda dini və əxlaqi anlayışlar” kitabları bu cəhətdən xüsusən diqqətəlayiqdir. Bu yazıda müəllifin Quranda “küfr” sözünün məna çalarları barədə fikirlərini oxuculara çatdırmağa çalışacağıq.

Müəllifin fikrincə, “küfr” sözü Quranın əxlaq sisteminin içində elə bir yer işğal edib ki, “bu sözün semantik mənasının dəqiq şəkildə açılması müsbət əxlaqi keyfiyyətlərin çoxunun dəyərləndirilməsi üçün ilkin şərtdir”. Hətta İslamın ən yüksək dini-əxlaqi dəyəri olan iman belə birbaşa özü analiz edilməklə yox, küfr anlayışı ilə qarşılaşıdırılaraq daha gözəl təhlil edilə bilər.

Beləliklə, sekulyar mənada küfr, konkret halda əslində kafir olan birinin imanlı şəxsi küfrdə ittiham etməsi. Müəllifin “Quranda dini və əxlaqi anlayışlar” adlı kitabında buna örnək olaraq Fironun Musa peyğəmbərə dediyi sözlər misal gətirilir. Bu zaman birmənalı olaraq “kafir” sözünün sekulyar nüvəsində nankorluq mənasının yerləşməsi, bərqərar olması aydın görünür:
“Dedi: Uşaq idin, səni bəsləmədikmi öz içimizdə, ömür sürüb qalmadınmı illərlə içimizdə? Axır ki, eylədiyini eylədin. Sən nankorun birisən (kafirin)”
(Şüəra surəsi, 18-19, Nəriman Qasımoğlunun tərcüməsi).
Burada söhbət Firon və Musa peyğəmbərdən gedir. Fironun sarayında böyüyən Musa bir gün İsrail oğullarından biri ilə dalaşan bir qıptını yumruqla vurmuş, həmin adam ölmüşdü. Ayələrdə Fironun bu hadisəyə işarə edərək Musanı kafir – nankor adlandırdığını görürük. Təbii ki, islam teologiyası baxımından gerçək kafir Firon özü idi.

Allahın etməyəcəyi bir davranış kimi “küfr”.

İzutsuya görə, “küfr” Quranda haqqı təmin etməmək mənasında Allahla bağlı da işlədilir (yəni Allah küfr etməz). Aşağıda verilən ayədə o xüsus vurğulanır ki, insanların Allahın lütfünə və kərəminə görə şükr etmək kimi bir vəzifəsi var, amma Allah da elçisi vasitəsi ilə göndərdiyi çağırışlara cavab verənlərə və saleh əməl sahiblərinə qarşılıq verir. “Allah səmimi bir mömin kimi görülən işlərə etinasız qalmır, əksinə, şükranla qəbul edir (Bəqərə, 159), bu əməlləri onun hesabına yazır”.  Allahın küfrdən xali olması ən aydın şəkildə Qiyamət günü mükafat kimi Cənnətdə görüləcək:
“Kim mömin olaraq saleh əməl edərsə, bu çalışmasının əvəzinə nankorluq (küfran) görməyəcək. Biz bunu onun lehinə yazacağıq” (Ənbiya, 94)

Bizim haşiyə. Buradan əgər insan yaxşı əməl sahibidirsə, ona mükafat verilməsi Allah üçün vacibdir kimi nəticə çıxarıla bilərmi? Bu barədə bir haşiyəyə ehtiyac duyduq. Qəzali «Ehyayi-ülumiddin»də Allahın zatı haqqında danışanda Onun  qədimliyini, əbədiliyini, cövhər, ərəz, cisim olmadığını və s. təfərrüatı ilə izah edir. Məkan və zamandan münəzzəh olduğunu yazır. Əqaidlə məşğul olanlar, eyni zamanda, deyirlər ki, Allah mütləq iradə sahibi olduğundan, istədiyini edər. Buna görə «Allahın belə etməsi vacibdir» demək doğru deyil. Bu məsələdə heç də hamı həmfikir deyil. Əbu Hamid əl-Qəzali «Ehyayi-ülumiddin»də yazır: «Allah bəndələri barədə istədiyini edər. Heç bir şeydə bəndələr üçün mənfəətli olanı etmək də Allaha vacib deyil. Bəlkə, Allah haqqında vacib düşünülə bilməz. Çünki Allah etdiyindən məsul deyil. Bəlkə, məsul olan məxluqatdır. Doğrusu, bilmək istərdim, mötəziləçilər «Bəndə üçün yararlı işin edilməsi Allah üçün vacibdir» hökmünü aşağıda çəkdiyimiz nümunədə nə ilə isbat edə bilər? Budur nümunə: Fərz edək ki, müsəlman olaraq ölən bir uşaq ilə bir yetkin kəs arasında axirətdə bir münaqişə olub. Çünki yaşlı adamın dərəcəsi uşağa nisbətən daha yüksəkdir. Çünki yaşlı kişi iman edib, ibadətləri yerinə yetirib, çox zəhmətə qatlanıb. Və mötəziləyə görə, yaşlı adama yüksək dərəcənin verilməsi Allaha vacibdir. Çünki əgər uşaq:

-Ya Rəbbim! Bunun dərəcəsini nədən məndən yüksək etdin – desə, Allah:

– Çünki həddi-buluğa çatdı, ibadətlərlə məşğul oldu – deyər.

Uşaq:

– Məni kiçik ikən öldürən Sənsən, Madam ki, bəndələr üçün (mötəziləçilərə görə) ən mənfəətli olanı etmək sənin vəzifəndir, niyə böyüyüb dinə xidmət edənədək həyatımı uzatmadın? Bu, ədalətə zidd düşmürmü? – deyər.

Allah:

– Mən dəqiq bildim ki, əgər sən həddi-büluğa çatsan, mənə ortaq qoşacaqsan və ya üsyan edəcəksən. Bunun üçün sənə faydalı olan uşaq ikən ölmək idi – deyər.

Bu, mötəziləçilərin Allah adına bəyan etdiyi üzrdür. Fəqət Allah bu üzrü bəyan edəndə kafirlər cəhənnəmin ən alt qatından qalxıb bağrmağa başlayaraq deməzlərmi:

– Ey Rəbb! Əcəba, həddi-büluğa çatandan sonra sənə şirk qoşacağımızı bilmirdinmi? Niyə bizi uşaq ikən öldürmədin? Biz indi müsəlman uşaqdan daha aşağı dərəcəyə razıyıq. Bizi buradan çıxar. Bu vaxt kafirlərin sualına necə cavab verilməlidir?»

İmanın əksi, antitezisi kimi

İzutsu yazır ki, müfəssir Kirmani kə-fə-rə kökünün biri küfr, digəri küfran olmaqla iki məsdəri olduğunu bildirir. Birincisi (kəfərə) imanın, küfran isə şükrün, minnətdarlığın əksidir. “Quran KFR kökünü hər iki mənada işlədir və biz bəzən bunları ayırmaqda çətinlik çəkirik”, deyə İzutsu qeyd edir.  Fikrimizcə, imanın ziddi kimi küfr barədə geniş danışmağa ehtiyac yoxdur.

“Küfr” şərik qoşma mənasında

Quranda bir sıra hallarda küfrdən ortaq qoşma kimi bəhs edilir. “Həmd olsun Allaha, göyləri və yeri yaradana, qaranlıqları və aydınlığı var edənə. Bundan sonra belə küfrə sapanlar (əlləzinə kəfəru) kimlərisə tay tuturlar” (Ənam, 1); “Siz bir olan Allaha çağrıldığınız zaman küfr etdiniz (kəfərtum), Ona şərik qoşulanda inanıb təsdiq etdiniz” (Ğafir, 12)Daha sonra İzutsu mərkəzində tövhid inancı olan İslam baxımından xristianlığın təslis (troitsa) inancının da bir növ bütpərəstlik olduğunu qeyd edir. “Semantik olaraq bunu belə anlatmaq lazımdır: şirk örnəyi olan bu inanclar şirk kateqoriyasına girməkdədir. Bu xüsus mətndə açıqca ifadə edilir: “Küfr elədi o kəslər ki, «Allah yalnız Məryəm oğlu Məsihdir» dedilər. «Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət eləyin. Allaha şərik qoşana cənnəti haram bilər Allah, od olar onun yuvası. Yoxdur zalımların bir yardımçısı» demişdi Məsih axı. Küfr elədi o kəslər ki, «Allah üçün üçüncüsüdür» dedilər. Tanrı yalnız tək Tanrıdır. Dediklərindən dönməsələr, ağrılı bir əzaba düşər əlbəttə onlar” (Maidə 72-73).

Özünü böyük görmə mənasında küfr

Küfrün mənaları sırasında təkəbbür, özünü böyük görmə də qeyd edilə bilər. Qurana görə, insanın fitri qabiliyyətləri ilə öyünməsi, sadəcə, küfrün adi vəsflərindən biri deyil. İzutsuya görə, bir sıra məqamlarda bu, kafirin tipik xarakter ünsürlərindən biri kimi çıxış edir. “Dini mənada kafir insanları kiçik görən və özü ilə öyünən şəxsdir. Quranda öyünmənin pis xüsusiyyətlərin mərkəzində olduğunu görürük”, deyə İzutsu yazır və kafirlərin bir qayda olaraq təkəbbür sahibi olduqlarını ayələrlə əsaslandırır: “Onun qövmündən olan təkəbbürlü kübarlar zəif sandıqları kimsələrə dedilər: «Salihi öz Rəbbinin göndərməyini gerçəkdənmi bilirsiz?» «Biz onunla göndərilənə gerçəkdən inanırıq» deyə bildirdilər. «Sizin inandığınızı biz danırıq (kafirun)» dedi təkəbbürlük edənlər” (Əraf, 75-76); “Bir zaman mələklərə Rəbbin demişdi: «Gildən bir bəşər yaradacam, düzəldəcəm, sonra da Öz ruhumdan ona üfürəcəm. Ona səcdə edərsiz».Hamı, hamı səcdə elədi, iblis eləmədi. Təkəbbürlə yaxasını çəkdi kənara, kafirlərdən oldu. «Ey iblis, Öz əlimlə yaratdığıma səni səcdədən edən nədir? Təkəbbürlümü oldun, qürurlananmı oldun?» dedi Allah (Sad, 71-75).

İzutsu küfrün əsl mahiyyəini anlamaq üçün daha beş açar termini analiz edir. Müəllifin fikrincə, bunlar olmadan küfrü tam əhatəli şəkildə qavramaq mümkün deyil. Həmin terminlər bunlardır: 1. fisq (sifət halı fasiq, yolundan sapan), 2. fəcr (sifət halı facir, təqvanın ziddi), 3. zülm (sifət halı zalım), 4. itida (sifət halı mütədi – haqsızlıqda həddini aşan), 5. israf (sifət halı müsrif).