- Köşə

Vüsalə MƏMMƏDLİ. Yandırılmış yaddaş, silinməz iz. Salman Mümtaz

Azərbaycan ədəbiyyatı tarixində bir adam təsəvvür edin, elə bir adam ki bütün ömrünü xalqının yaratdıqları unudulmasın deyə keçirir.Yüksək potensialı, gözəl təəbi olsa da öz şeirini yazmır (yazsa da çox az yazmışdır), öz adını əbədiləşdirmək dərdinə düşmür, anasının övladlarının gələcəyi üçün qram-qram, əfil-əfil yığdığı bir sandıq qızılı xalqının keçmişini gələcəyinə miras qoymaq üçün uf demədən xərcləyir. Çiynində kisə, ayağında köhnə çarıq, kənd-kənd, el-el gəzir, qocaların yaddaşından bayatı, ağı, dastan, əlyazmalar toplayır. Bu, Salman Mümtazın həyatıdır! Azərbaycan mədəniyyətinin ən səmimi, ən əvəzsiz xilaskarlarından birinin həyatı.

1884-cü ildə Şəki şəhərinin Gəncəli məhəlləsində tacir ailəsində doğulan Salman erkən yaşlarından yetim qalır, anası Zəhra xanım onu Aşqabada aparır. Doqquz yaşında Mirzə Ələkbər Sabirlə tanışlıq onun taleyini həll edir — bu görüş usağı ədəbiyyata bağlayır. İyirmi iki yaşına çatanda artıq fars, ərəb, rus və urdu dillərini mükəmməl bilirdi.Dil biliyindən də istifadə etsəydi kifayət qədər rahat və qazanclı həyat yaşaya bilərdi, lakin Salman Mümtaz başqa yol seçmişdi, o yol ki Azərbaycan xalqının gələcək müqəddəratında var olacaqdı. Bakıdan Qaxa, Dərbənddən Lənkərana, Şəkidən Astaraya — bütün Azərbaycanı gəzdi, hətta Dağıstan, Gürcüstan və Orta Asiyaya da getdi. Bir səfərdə yatacaq tapmayıb aclıqdan tif xəstəliyinə tutulub altı ay yatağa düşdü. Onun sayəsində Nəsimi, Vaqif, Zakir, Vazeh, Xətai kimi klassiklərimizin əsərləri ilk dəfə çap üzü gördü.

Topladığı “Kitabxaneyi-Mümtaziyyə” kitabxanasında “Kitabi-Dədə Qorqud”un dünyada Vatikan və Drezdendən sonra üçüncü nüsxəsi, Füzuli divanının ən qədim əlyazması saxlanılırdı.

O, “böyük” ədəbiyyatın kölgəsində qalan səsləri axtarırdı. Salman Mümtaz tarixin qanlı burulğanlarında adı silinməyə çalışılan, lakin xalqın yaddaşına qızıl hərflərlə həkk olunan simalardandır. Onu anmaq sadəcə bir vəfa borcu deyil, özümüzün də mənəvi saflaşmamızdır. Bu gün milli ədəbiyyatımızın və mədəniyyətimizin unudulmaz fədaisi Salman Mümtazın xatirə günüdür.

Salman Mümtaz Azərbaycan xalqını elə bir sevgi ilə sevmişdi ki, bu sevgi unudulmağa məhkum edilmiş neçə – neçə incini, yüzlərlə şairi, el aşığını, “Kitabi-Dədə Qorqud” kimi dəyərli yüzlərlə əlyazmanı bizə yetirmişdir . O, sadəcə bir ədəbiyyatşünas, kolleksiyaçı deyildi,o adının bədəlini verən, həqiqətən də “seçilmiş”, “fərqlənən” Azərbaycanlı idi!

Onun fədakarlığı və millətinə olan sonsuz sevgisi qarşısında dərin bir ehtiram duyuram. Təəssüf ki, xalqına verə biləcəyi hələ çox töhfələr var ikən, amansız repressiya maşını onun ömrünü yarımçıq kəsdi, lakin onun milli ruhumuza qazandırdığı xəzinəni heç bir fırtına yox edə bilmədi.

Bu gün Salman Mümtazı anarkən bir daha anlayırıq ki, xalqına səmimiyyətlə xidmət edən ruhlar heç vaxt ölmür. Onun topladığı hər misra, hər bayatı, hər beyt onun ruhuna rəhmət oxuyur…