Uzaq səksəninci illərin ikinci yarısının bir günü idi.
“İzvestiya” qəzetində bir xəbər dərc edilmişdi, Yaponiyada istehsala buraxılan telefonların yeni variantının icadı haqqında idi. Söhbət fotoşəklin ötürülməsini təmin edən yeni tipli telefonlardan gedirdi.
Həmin yazını oxuyan Qasım Qasımzadə məlumatı, təfərrüatları mənimlə həvəslə bölüşmüşdü. Elmin son kəşflərinə xüsusi aludəliyi vardı. Bu aludəlik onu ilk gəncliyindən müşayiət edirmiş: 23 yaşında elmi bədiiyyat janrında (bizdə buna yanlış olaraq hələ də elmi fantastika janrı deyirlər!) “İstiqbala səyahət” adlı poemasını qələmə alıbmış və heç ağlına da gətirməyibmiş ki, yazdığı poema dünya elmi bədiiyyat poeziyasında bir ilk imiş. Təəssüf ki, poema yazıldığı 1946-cı ildə deyil, çox-çox sonralar, 2025-ci ildə dərc edildi – onun “…Zamansızlığa…” toplusunda.
Sİ vasitəsilə “İzvestiya” qəzetində vaxtilə dərc edilmiş, yuxarıda xatırlatdığım yazı ilə maraqlanıram. Məlum edir ki, “Sony (Telefotomy modeli) və Mitsubishi şirkətlərindən donmuş şəkli adi telefon xətti ilə ötürməyə qabil məişət fototelefonları” başlıqlı həmin xəbər yazısı qəzetin Tokiodakı müxbiri S.Aqafonova məxsus imiş.
Sİ-dən bunu da öyrənirəm ki, o qəbildən telefon aparatına inteqrə edilmiş kiçik kamera hər hansı obyektin şəklini 5-7 saniyə ərzində səs siqnallarına kodlaşdıraraq adi mis telefon məftil şəbəkəsi ilə ötürürmüş. Yəni adi şəhər telefonu ilə danışan şəxslər bir-birinin şəklini görə bilirmişlər. Mitsubishinin “Lumaphone” adlandırdığı telefon cihazında təxminən 4 santimetrlik (1.6 düym) kiçik ağ-qara displey və daxili kamera var imiş, qarşısında da sürüşdürülə bilən qapaq quraşdırılıbmış ki, istifadəçi istəmədiyi təqdirdə qarşı tərəf onu görə bilməsin. Bir müddət ABŞ bazarında təxminən 1,500 dollar qiymətinə satılırmış da.
…1988-ci ildə Mikayıl Müşfiqin 80 illik yubileyi münasibətilə mətbuatımızda yazılar dərc edilirdi. “Bakı” qəzetinin ədəbiyyat şöbəsinin müdiri Ağəddin Mansurzadə Q.Qasımzadəyə zəng edib Müşfiq yaradıcılığına aid yazı istəmişdi.
Qasım müəllim şairin bütün şeirlərini bir daha diqqətlə oxuyur. Bəzi sətirlərin altından xətt çəkməyindən, bəzilərinin yanında isə qoyduğu nida işarələrindən anlayıram ki, məhz o şeirlərdən aldığı hansısa qənaətlərini təhlilə cəlb edəcək.
Bir gün mənə deyir:
– Qulaq as, onun bir şeirini oxuyum:
Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində bax,
Ürəkdən saçılan sözlərin mənə.
Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair.
Mərhəmət ummayır səba yelindən.
Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə…
“Telefonda söhbət” şeirindən bu bəndləri oxuyan kimi də:
– -Yadındadır, bizim danışdığımız o yapon telefotosu var idi ha, Müşfiq öz şeirində onun nə zamansa olacağını görürsən də necə xəbərləyibmiş. Şair öncəgörməsi deyil, bəs nədir? – deyib üzümə baxır.
– -Doğrudan da əjdaha…, – öz jarqonumla təsdiqləyirəm.
Müşfiq haqqında məqaləsini standard akademik dillə deyil, tərənnümlü bir elmiliklə, ilhamla, dəruni bir rəğbətlə qələmə alır.
Onun bu rəğbətinə dair şahidi olduğum kiçicik bir epizodu xatırlamaya bilmirəm. Bir dəfə Mərdəkanda bağımıza qonaq gələn akademik Kamal Talıbzadə ilə çimərliyə getmişdik. Söhbətləri necə oldusa gəlib çıxdı Müşfiqin üstünə. Qasım müəllim Azərbaycan sovet poeziyasiyanın ən popular şairləri ilə müqayisədə M.Müşfiqin fitri istedadının daha dərin olduğunu dedi. Kamal müəllim razılaşdı…
Əlyazmasında “Müşfiq irsi və müasirlik” adlanan məqalə “Bakı” qəzetinin 1988-ci il 14 oktyabr sayında “Şimşək ömrü” başlığı altında dərc edildi.

Bu məqaləsində Q.Qasımzadə “Telefon söhbəti” şeirinə də toxunur. Müşfiq yaradıclığının müasirliyə iddiasını şairin zamana, zamanın mahiyyətinə fəlsəfi yanaşmasının kontekstində təhlil etdiyi nümunələrdə həmin şeirə də nəzər salaraq yazır:
“..Şairin üzü həmişə gələcəyə olmuşdur. Hələ 1929-cu ildə yazdığı “Telefon söhbəti” şeirində sabahkı elmi problemlərdən söz açırdı:
Əvət, böylə qalmaz sabah bu ölkə
Telefonda fikrimi açarkən sənə
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan uzağa görünər mənə, –
deyə indi-indi tətbiq edilməyə başlayan, hələ Bakıya gəlib çıxmamış telefoto barədə o vaxtlar şair təxəyyülü ilə fikir söyləmişdir…”

Q.Qasımzadənin “indi-indi” dediyi zaman 1988-ci ildir. Hazırda hamıya çatımlı internet o zaman kütləvi istifadədə ümumiyyətlə yox idi.
Q.Qasımzadə dünyasını dəyişəndən xeyli sonra “Telefon söhbəti” şeirinə şair öncəgörməsi səpkisindən eyni təhlili onun yaxın dostlarından olan tanınmış bir müşfiqşünasın məqaləsində rast gəldim. Qasım müəllimə istinad yox idi. O zaman təəccübümü bəzi dostlarımla bölüşəndə dedilər, o tanınımış müəllif Müşfiqi hamıya qısqandığından belə edib, zarafatla da əlavə etdilər ki, Müşfiqə aid nə maraqlı, nə yaxşı söz varsa, özününkü bilir. Hər halda indi internetdə axtarışlarımda həmin görkəmli alimin yazılarında o təhlili görmədim. Görünür, sonradan öz yazılarından çıxardıbmış. Amma mobil internet dövründə həmin dəyərləndirmə 2010-cu ildən etibarən sosial şəbəkələrdə qoçaq gənclərimizin yazılarına da adlamağa başladı. Mikayıl Müşfiq yaradıcılığından hər dəfə söz salmaq istəyən gənc yazarlar şairin başqa şeirlərindən daha çox sanki özlərinə məxsus müşahidə imiş kimi yuxarıdakı sətirlərə bir-birinə aman vermədən internet platformalarında ağıllı-ağıllı istinadlar edir, onun poeziyasında 3G-nin kəşfinə diqqət çəkirdilər.
Mən isə bir kiçicik filoloji epizodun nümunəsində ona diqqət çəkmək istədim ki, akademik dürüstlük deyilən anlayış, çox təəssüf, qəhətə çəkilməkdədir.









