Hə, qardaşoğlu, necəsən? Bakıya nə vaxt yolun düşsə, gəl bizə, söhbət edək. Gəlib taparsanmı? Niyə tapmırsan, qaqa, 244-dən düşəndə o kanalizasiya suyu axan küçə var ha, Cavanşir küçəsinə bitişir, bax, ordan o kanalizasiya suyunun mənbəyinə doğru gəl, tapacaqsan. Beş il bundan əvvəl də axırdı? Beş il yox, mən doqquz il bilirdim, amma o gün o koppuş kişi var ha, kartof satan, deyir mən on üç ildi, burada yaşayıram, bu su axır. Nə illah eləyirlər, kəsilmir. İldə bir dəfə üç-dörd arıq, on beş-on altı kök kişi yığılır gəlir suyun mənbəyinə. Ekskavatorla qazırlar, qazırlar. Arıqlar işləyir, köklər əlini belinə qoyub göstəriş verir, arıqlar işləyir, köklər göstəriş verir. Axırda suyu kəsib çıxıb gedirlər, onlar tini burulan kimi su yenə başlayır fışqırıb axmağa.
Axırda falçıya da getdilər. Falçı deyib ki, qarğış var bu işdə, deyir Heydər müəllim hakimiyyətə gələndə o söz dedi ee, “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəm”, hə, falçı deyir, o belə deyəndə bu məhlədə kimsə ürəyində şəkk eləyib onun səmimiyyətinə. Təsəvvür edin ki, Vətən üçün gecə-gündüz aramsız tıp-tıp döyünən bir ürəyə, saf, təmiz, munis duyğular yuvası olan bir qəlbə sui-zənlə baxmaq, onun təmən-nasız Vətən məhəbbətini şübhə altına alıb bunu karyerizm, vəzifə hərisliyi kimi qəbul edirlərsə, buna necə dözəsən? Kana-lizasiya borusu da dözməyib. Hiddətlənib və parttt… O vaxtdan düzəlmir ki, düzəlmir. Falçıya nə qədər pul, vəzifə vəd edirlər, deyir, gücüm çatmaz, mən bu işin altına girə bilmərəm. Yalançı çıxaram, o şəkk eləyən kişi var ha, o ölməsə, xeyri yoxdu.
Axırda o şəkk eləyən kişini tutub apardılar Murova əsgərliyə, neçə il əsgərlik çəkdi. Dedilər, bəlkə, uçquna-filana düşə, ölə. Aclığa, sususzluğa, bitə dözdü, ölmədi, qayıtdı. Təzə qayıtmışdı ki, bu dəfə apardılar “zbora”. Ordan da salamat gəldi. Sonra tutub saldılar polis təcridxanasına, döydülər, döy-dülər, yenə “dediyim dedikdi” dedi. Axır ordan da qovdular. Amma elə də asanlıqla yox. İzolyatordan çıxmırmış, zorla çıxa-rıblar. Deyir kişi iki əli tutubmuş təcridxananın reşotkasından çıxmırmış. Niyə də çıxsın? Orda tutulanlara süfrə yoldaşlığı edib, Allah verəndən yeyir, dolanırmış. Axırda onun zəif nöqtə-sini öyrənməyə başlayıblar. Kamera yoldaşlarından kimsə onu satıb, deyib ki, yaman qıdığı gələndi. Qıdıqlayıblır, qıdıq-layıblar, əli boşalıb, çıxarıblar izolyatordan. Həmin gün rəis şəxsi heyətə bir qonaqlıq verib, gəl görəsən.
Hə, çıxıb neyləyəcək? İşsiz-gücsüz adamdı, qalmağa yeri də yoxdu. Əvvəl ağacların başında yatırdı. İndi ora çıxmağa da qorxur. Çünki bu quş qripi məsələsi çıxandan sonra kommun-xoz işçilərinə tapşırıq var, göydə uçan, ağaca qonan nabələd quşların hamısını vururlar. O da Heydər bağında ağacların birinin başında istirahət edirmiş. Bir də görüb partapart başladı. Budaqdan-budağa atıla-atıla birtəhər canının qurtarıb. O, Nardaranın üstündə təyyarə qəzası oldu ee, deyirlər onu da kommunxoz işçiləri vurub. Deyirlər işçilərin biri bir az araq vurub üstündən də bir “Kazbek” doldurub çəkib Vətənin səmasını yad quşlardan qoruyurmuş. Bir də görür, budu eee bir heyvərəsi gəlir, səsi də xırıltılı çıxır. Deyir elə qripi yayan quş budu ki, var. “Aha, xalqımın, millətimin canına vahimə salan kabus sənsənmi? İndi türk oğlunun hünərini gör” deyib gözünə döndüyüm nə təhər tuşlayırsa, təyyarə düşür dənizə. Sonra da dalıycan getməyib. Deyib ovçunun işi vurmaq, tulanıınkı gətirməkdi.
Polislər təyyarəni tapdılar, amma qara qutu tapılmırdı. Həri. Sonra zavallı neçə gün “buxalteriya”ya ayaq döyür ki, o boyda quş vurmuşam, “premiya”mı verin, bir qəpik də ala bilmir. Axırda “autoskopik hallüsinasiya” diaqnozu qoyub tutub saldılar dəlixanaya. Şəkk eləyən kişisə butulkadan-zaddan yığıb satır, gününü yola verir. Yazda yemlik, bütün yayı tərpətöyün, payızda iydə və zeytun yeyir. Qışda da satdığı butulkaların pullarını xərcləyir. O gün məndən saatı soruşur. Deyirəm neynirsən? Deyir, yeməyin vaxtı keçər birdən. İyirmi dörd saatda bir dəfə yemək yeyir. Bir soyutma kartof. Deyir, bayram günləri ikisini yeyirəm. Hə, falçı deyib ki, o kişi ölən kimi, kanalizasiya suyu dayanacaq. Amma o gün onun sifətinə baxdım, heç belə fikri olana oxşamır.