- Köşə

Sən ölməz oldun…

 

Deyirdin öləcəm, bəs niyə ölmürsən? Bu qədər adamlar ölür – payızda neçəsi öldü, yazda neçəsi öldü. Yenə sezon gəlir, nə gözləyirsən? Filankəs öləndə ölə bilərdin – yolu yoldaşla ge-dərlər. Qonşun idi. Pis də adam deyildi. Evdə it kimi uşağın əl-ayağını yesə də, bayırlığı yaxşıydı…

Sənin başının da gora titrəmək haqqı var, ölmək sənin də haqqındı. Payızmı, yazmı, gecəmi, gündüzmü, gecmi, tezmi, bavaxtmı, bivaxtmı… Onsuz da öləcəksən.

O gün iki nəfər də ölüb kənddə. Biri Şpion Murtuzun oğlu Kolxoz, o biri isə Xeyransa nənə. Bu iki nəfərin daban-basaraq ölümü təsadüfi deyil. Səbrini bas, deyəcəm. Kolxozu kənddə hamı tanıyırdı. Sən də tanıyarsan. Amma yaşı yüzü keçmiş Xeyransa nənənin varlığından çoxları onun öldüyü gün xəbər tutdu… 

Düz yetmiş il bundan qabaq olub bu hadisə. Xeyransa nənənin əri Xıdıra qolçomaq adı qoyub Sibirə sürgün eləyiblər. Onun torbasını Şpion Murtuz tikib – üzünə durub. O vaxt Kol-xoz uşaq imiş. Atasının növbəti uğuru – Xıdırın tutulması mü-nasibətilə ata minib kəndin içində çapır və qohumlarını muştu-luqlayırmış: “Xıdır kişini apardılar! Muştuluğumu verin! Xıdırı damladılar!”.

Xeyransa nənə çəpərin dibində durub ağlayır, gözünün yaşı çənəsindən aşağı süzülürmüş. Kolxoz atını çapa-çapa gəlib çıxır ora. Arvadı görəndə atının başını çəkərək saxlayır. Baxışlar rastlaşıb bir-birinə dirənir. Kolxoz bir xeyli qalib ədası ilə ürəyindən qara qanlar axan Xeyransa nənəni süzüb atını çapıb gedir. Onun abırsızlığı Xeyransa nənəni yandırır. Bu yaşda uşağın içində belə nifrət olduğuna inana bilmirmiş. Arvad evə qayıdıb bütün gecəni ağlayır. Səhərə yaxın dizini yerə qoyub əllərini göyə tutur: “Ey Yerin-Göyün sahibi. Səni and verirəm böyüklüyünə, səndən heç nə istəmirəm. Bir quru nəfəs bəsimdi. Mənə ömür ver, bu uşağın öldüyü günü görüm. Axı biz varlı olub kimə neyləmişik? Şpion Murtuz da, ailəsi də bizim çörəyi-mizi yeyib. Yetim idi, adam elədik, evləndirdik… Atalar doğru deyib: “Özünü çoxlu yaxşılıq elədiyin adamın şərindən qoru”.

Şpion Murtuz Şura hökuməti qurulandan əvvəl Xıdır kişinin sürüsündə çoban işləyib. Kommunistlər hakimiyyətə gələndən sonra satqınlıqla başını dolandırıb. Ona görə “şpion” ləqəbi alıb. Deyirlər, nəinki kənddə, rayonda başıpapaqlı qoymayıbmış. Kimisə güllələmək lazım gələndə Murtuzu çağı-rır, bir kasa bozbaş alır, on manat da cibinə pul qoyurmuşlar. Murtuz on beş dəqiqəyə tanımadığı adamlara “qolçomaq quyruğu” adı ilə torba tikirmiş. Bu yolla özünə, ailəsinə gün-güzəran düzəldib. Sovetlər dağılanda kənddə ən varlı adam Murtuzun törəmələri idi. Xıdırı da o satmışdı: “Ağamız idi, bizə nahaqdan zülm edirdi. Sovetin düşmənidi” demişdi.

…Kolxoz çox pis vaxtda canını tapşırmışdı. Nəvəsinə toy hazırlığı gördükləri vaxtda şəxsi maşınında rayondan gəlirmiş. Birdən sükanın arxasında ürəyi yatır. Bədəni qıc olur və ayağı qaza dirənir. Maşın tam sürət alıb Acı dərəyə yuvarlanır. Ordan Kolxozun tikələrini toplayıb gətirmişdilər. Xeyransa nənə Kol-xozun öldüyünü eşidəndə canını tapşırıb. O düz yetmiş il bu günü, bu saatı, bu dəqiqəni gözləyirmiş – kimsə qapıdan girib deyəcək: “Şpion Murtuzun gədəsi öldü!”. Nəhayət, gözlənilən vədə gəlib. Deyirlər, nəvəsi öz gözləri ilə görüb: Xeyransa arvad bir süpürgəni at kimi minib evin içində çapır və virtual olaraq yaxın adamlarını muştuluqlayırmış: “Ay Xıdır, muştu-luğumu ver, Murtuzun oğlu cəhənnəmə vasil oldu. Ay Məti, ay Ocaqverdi, ay Qızxanım, ay Səltənət…” O beləcə bir müddət “atını” evdə səyirdib, səyirdib, sonra kənara çəkərək düşüb. Yenidən dizini yerə qoyub: “Ey Yeri-Göyü yaradan, canım sənə qurban olsun. Di canımı al. Daha arzumanım qalmadı” deyib. Sonra gəlib taxta uzanıb və canını tapşırıb…

Hə. Xeyransa nənə də belə getdi. Basdırılanda görəydiniz – arvad bir büküm idi. Tabutu dörd adamın götürməyinə ehtiyac yox idi. İçində Xeyransa nənə olan tabutla boş tabutun çəkidə elə də bir fərqi yox idi. Bir gün öncə Kolxozu basdıranda çiynini tabutun altına verənlərin nəfəsləri kəsilmişdi. İndi onlar dönə-dönə Xeyransa nənəyə rəhmət diləyirdilər. O, yetmiş ildə o günü gözləyə-gözləyə əriyib o günə düşmüşdü. İnamla şübhə arasındakı yolu dəfələrlə belədən-belə keçmişdi. Axırda inam qalib gəldi və qalib gələn kimi gözlədiyi oldu…

Bəs sən nəyi gözləyirsən? Deyirsən ölürəm, bəs niyə ölmürsən? Bu qədər adamlar ölür, amma sən ölmürsən. Yazda neçəsi öldü, payızda neçəsi öldü? Yenə sezon gəlir, nə gözlə-yirsən? Sənin başının da gora titrəmək haqqı var, ölmək sənin də haqqındı. Payızmı, yazmı, gecəmi, gündüzmü, gecmi, tezmi, bavaxtmı, bivaxtmı… Amma ölmürsən. Yoxsa sənin də bir arzumanın var?