Gülyaz ƏLIYEVA
“Yaxşı kitab çox qiymətli xəzinədir”. Azərbaycan mətbuatının atası Həsən bəy Zərdabi necə də gözəl deyib. Qarşımda qiymətli xəzinə kimi bir kitab var. Bu xəzinədə nə istəsən, tapa bilərsən. Oxuduqca faydalandığın, dünya, yaradılış, İslam, pis, yaxşı, gözəl, eşq, kədər, sevinc barədə son dərəcə oxunaqlı maraqlı bir kitab… Ciddi araşdırmaların, elmi qənaətlərin, uzun-uzadı mütaliənin yekunu, nəticəsi bir kitab. Əvvəlki kitabdan tamamilə fərqli bir müəllif, bir Kitab-İnsan.
Dünyanın hər üzünü görmüş, heç nə ilə təəccübləndirilə bilməyən, bir məqsəd uğruna yola çıxmış,
Şərq və Qərb ədəbiyyatına dərindən bələd bir dərvişi xatırladan İnsan-Kitab.
“Skrelozun xatirələri”ni danışan İnsandan fərqli Kitab-Fəxri Vətəndaş İnsan.
Həə, demişdim axı, İnsanlar da Kitablar kimidir, oxuyub tanımadan, məzmununa bələd olmazsan. Cildinə baxmaqla onun haqqında öncədən, tam sonunadək oxumadan, fikir yürütsən, mütləq yanılarsan. Odur ki, ilk baxışdan nə kitabları, nə də adamları tanımaq olmaz. Nə qədər kitab, nə qədər İnsan sərrafı olsan belə…
Qarşımda bir kitab var, oxuyub tamamladığım bir kitab: “Quran İslamı” kitabı…
Beynimizdə, qəlbimizdə nə ki sual var, hamısına bu kitabda cavab tapa bilərsən.
Lev Tolstoy sanki bu sözləri məhz bu kitab haqqında deyib: “Yalnız qəlbimizdəki suallara cavab verən şeyləri oxumaq lazımdır”, Bu kitab, həm də Qəlbin özü haqda bir kitabdır. “Quranda qəlb məsələsi” bölməsi də kitabın ən maraqlı bölmələrindən biridir:
“Quranda qəlb insanın gerçək mənliyi, ölümsüz həqiqəti kimi tanıdılır.
Mərifət, yəni Allahı bilmək və tanımaq qəlbin işidir. Həsəd, qəzəb, nifrətlə yanaşı inam, Allah qorxusu, helm və təqva da qəlbə aid işlərdir. Quran qəlblərə nur verir.
“Sizə Allahdan bir nur gəlib, aydın bir kitab gəlib”, deyilir, Məidə surəsinin 15-ci ayəsində. Bu nurla qəlblər nurlanır. O, qəlblərdə paslanma və korlaşmanın qarşısını alır. Möhür vurulmaz nur olan qəlblərə. O olan yerdə eşq olar. İlahi eşq olan yerdə isə heç nə olmaz. Çünku o, hər şeyi yandırar”(səh.253).
Kitabı maraqlı edən cəhətlərdən biri də onun obrazlı dili ilə yanaşı Azərbaycan və dünya klassiklərindən seçilən gözəl nümunələrdir. Qəlb haqqında Quranla yanaşı, Ömər Öngütdən, Mövlanadan, Füzulidən, Yaşar Nuri Öztürkdən gətirilən misallar, fikir rəngarəngliyi yaradır. Yaxşı kitab da yaxşı yoldaş kimidir, – deyiblər. Ondan faydalanarsan, hikmət öyrənərsən. Bu kitabda olduğu kimi, yaxşı insanla dostluqdan faydalandığın kimi.
Səhifədən-səhifəyə, vərəqdən-vərəqə keçdikcə sanki sən kitabı yox, Kitab səni oxuyur, qəlbini vərəqləyir. “Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır.
Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır”. Bunu da Əbu Turxan deyib.
Doğrudan da, kitabı vərəqlədikcə, neçə- neçə başqa fikir xəzinələri ilə də tanış olursan. Kitabla tanış olduqca müəllifin təkcə dini ədəbiyyatı deyil, Azərbaycan, eləcə də dünya əďəbiyyatına bələdliyi, dünyagörüşünün zənginliyi, dini biliklərinin elmə, etibarlı mənbələrə əsaslandığı meydana çıxır. Qarşında başqa xəzinələr də açılır. “Adəm Peyğəmbər”, “Cəbrail”, “Cənnət”, “Qurbanlar barədə”, “Fütüvvət”, “Bəktaşilik”, Nəqşbəndilik, “Daşqalaq cəzası hansı ölkələrdə tətbiq olur?”, “Fələk və onun çərxi haqqlnda”, “Yunis Peyğımbər”, “Əzrail”, “Sehrbazlar Tanrılara qarşı” başlıqlı yazıların uzun araşdırmaların, mütalənin nəticəsi olması göz önündədir.
Həmçinin “Kimsə bilməz necəsən”, “Sıfıra doğru”, “Cin ayrı, Şeytan ayrı”, “Nuh tufanı”, “İlham nədir?” başlığı altındakı yazılar, onların izahının son dərəcə rəvan və aydın dillə ifadəsi, dünya və Azərbaycan ədəbiyyatından, Zərdüştdən, Bibliyadan, Qurandan gətirilən nümunələrə söykənməsi, kitabın başqa xəzinələrə də açar olmasını göstərir, çox etibarlı bir mənbə olmasından xəbər verir. Müəllif yeri gəldikcə, qədim yunan mifologiyasından, Zərdüşt təlimlərindən, Bibliyadan, şifahi xalq ədəbiyyatından, “Kitabi-Dədə Qorqud”dan , klassiklərdən nümunələr verir ki, bu, kitaba xüsusi rəng qatır. Məsələn: “Eşq kədər mənbəyidir” məqaləsində oxuyuruq:
“Füzuli aşiqin kədərli olmasını Allahın təqdiri sayır:
Ey ki əhli-eşqə söylərsən: “Məlamət tərkin et!”
Söylə ki, mümjünümdür təğyiri-təqdiri-xuda?”. (8,25)
Yəni insanın eşqə düçar olması Allahın iradəsi ilədir, kədər isə nəticədir.
(V.Sadiqli, Quran İslamı, B.,2020, səh.19)
Yaxud:
Ey ərənlər, ey qardaşlar, görün mən nə etdim, əxi,
Ərə irdim, əri buldum, ər ətəyin dutdum, əxi
Yunus Əmrə.
Mənzil olur gah mənə viranələr,
Cin görürəm,
Can görürəm, qorxmuram
Ə. Sabir.
Rəng demişkən, kitabda rənglər haqqında müəllifin araşdırmaları da diqqətəlayiqdir. “Rənglər aləminə səyahət”də oxuyuruq:
“Rəngarəngdir sizdən ötrü yer üzündə yaratdığı nə varsa. Bunda da, şübhəsiz, bir ayə var ibrət alanlar üçün” (Nəhl,13).
“Rənglər Allah tərəfindən insana verilmiş ən gözəl nemətlərdən biridir. Həm canlı, həm də cansız aləmdə qüsursuz bir rəng uyumu hakimdir. Əsrarəngiz təbiət mənzərələri, rəngbərəng kəpənəklər, çiçəklər, quşlar, heyvanlar, dəniz dibinin rəngli dünyası, buludlu və günəşli göy üzü. Bütün bu gözəllikləri yaradan hüdudsuz bir zövq və iradə sahibi var. Allah taala rəngi də ayət – dəlil adlandırır. Nəticə çıxarmağımızı, düşünməyimizi istəyir. Allah taala Özünün rəng sənətinin ucalığını Quranda xüsusi vurğulayır: “Sən Allahın boyasına bax. Kim Allahdan daha gözəl boya vura bilər?” (Bəqərə,138).
Uca Tanrı yeknəsəkliyi sevmir. O, rənglərin də neçə çeşidini yaradıb. Bu rənglər insanlar üçün həm ətraf mühiti yaxşı tanımaları, həm də ruha verdiyi estetik zövq cəhətdən əhəmiyyətlidir. Allah taala rəng fərqliliyini qüdrət əlaməti olaraq verir…
Quranın insana ən çox sevdirdiyi rəng isə yaşıldır. Çünki yaşıl həyatdır, mövcudluğun davamıdır… Quranda cənnət də yaşıl təsvir olunur…”
Kitabdakı maraqlı bölmələrdən biri də son bölmə olan “Amerikada İslam” bölməsidir ki, bu da müəllifin okeanın bu üzündən oturub Amerika kəşf etməsi deyil, birbaşa səfər təəssüratlarıdır.
Kitab mənim üçün son zamanlar oxuyub tanış olduğum ən maraqlı araşdırma və məqalələr toplusu oldu. Dərviş kimi yola çıxan Kitab hələ çox evlər gəzəcək, çox inaanlarla söhbət edəcək.
Kitabı iki dəfə oxudum. “İki dəfə oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz”. Bunu da K. Veber deyib. Yaxşı kitab haqqında Əbu Turxanın da gözəl fikri bu məqamda yada düşür: “Ordu torpaqları, kitab könülləri fəth edir”.
İnanıram ki, Vasif Sadıqlının bu kitabı hələ neçə könülləri fəth edəcək .