- Ədəbiyyat

Şuşa qalası

Gülyaz ƏLİYEVA

Bu Qala daşlı qala

Çınqıllı daşlı qala

Qorxuram gəlməyəsən,

Gözlərim yaşlı qala …

 

Bakının ən ucqar, dalda yerində

Oturub balkonda səhərdən bəri

Ağlayır, hıçqırır, fəryad eyləyir,

Ürəyi yaralı qəşəng bir pəri.

O cüda düşübdür nə vaxtdan bəri,

Öz doğma elindən, doğma evindən ….

Adamlar keçirlər, təəccüb edirlər,

Sanırlar döyübdür onu öz əri …

 

Gözəlsə o halda deyil utansın,

Fikrindən dolaşıb keçir çox şeylər,

Cavabsız suallar,mümkünsüz işlər.

Tərlan oylağında sar da olarmış,

Söyüd ağacında bar da olarmış

İlandan, əqrəbdən yar da olarmış

Nələr varmış taleyində ,Qarabağ ?

Şuşa qalası da təslim olarmış?!

O böyük utancın qarşısında bax,

daha utanmalı heç nə qalmadı…

Onun gözlərinin önündən getmir,

Bayatı misallı, abi -həyatlı

Küllü-Qarabağı ,Şuşa mahalı…

Daha yaylamağa yaylağı yoxdur,

Cıdır düzü yoxdur,

Daşaltı yoxdur,

Gözünün önündən getmir bir an da,

Möhtəşəm bir qala,

Şuşa qalası…

Bir Dözüm qalası,

Bir Ərk qalası,

Bir İnam qalası,

Ümid qalası!

Bir qala,

Daşlı qala,

Çınqıllı ,daşlı qala,

O qorxur,

Gedə, gəlməyə

Gözləri yaşlı qala …

Gedənlər gəlmədi …

Uğrunda nə qədər əzizi gedib,

Gəncliyi, atası, qardaşı gedib,

Gedib qohumları,

Gedib elləri,

Bütöv bir sinifin oğlanı gedib,

92 -ci ilin aprel ayında…

Sinif yoldaşları

hamısı gedib ….

Gedib, qaytarmaqçın torpağı, gedib,

Gediblər inamla, ,

Gediblər şəstlə …

Daşaltı döyüşü uddu onları , Yeddixırman uddu, əjdaha kimi,

Qalasa dururdu ,

Bir inam idi ,

Bir inam var idi – Şuşa qalası …

Bizimdir, əlbəttə, bizim olacaq!…

Bu çınqıllı qala

Bu daşlı qala ….

Bütün dövrlərdə

Savaşlı qala …

Gəlir gözlərində səf -səf dayanır,

Gedənlər, qalanlar, olub-keçənlər ….

Bir karvan kimidi, bax bu gedənlər….

İndisə karvanın arxasında bax, bu Qala dayanıb, əlləri bağlı,

Gedir, o da gedir,

Gözəl ağlayır …

Bu günkü xəbərdən qara bağlayır…

Qalada əzəmət yox, yaman gedir,

Ayağın sürüyə -sürüyə gedir,

Daşları çürüyə -çürüyə gedir,

Aparır özüylə nə ki var, gedir,

İnamı, ümidi sürüyüb, gedir,

Onu dərd-ələmə bürüyüb, gedir,

Gedir, ən axırda Şuşa da gedir…

Gedir, o, əlləri, qolları bağlı,

Bir əsir misalı Qala da gedir,

Ölümdür bu gediş,

Qaladan ötrü.

Gedir, bir milləti sındırıb gedir,

Gedir, şəhidləri sızladıb gedir,

Gedir, Pənah xanı yandırıb gedir,

Gedir, Natəvanı ağladıb,gedir,

Tarixi özünə güldürüb gedir,

Qanmazı, nadanı qandırıb, gedir…

Keçmişı, bu günü andırıb,

Gedir, erməniyə paytaxt olmağa ….

Gedir….əli bağlı, lal-dinməz gedir….

Gedir, səs-səmirsiz ,müticə gedir…

Gedir bir millətin

Qeyrət qalası!…

Oturub balkonda şuşalı pəri,

Gətirib gözləri önünə bunu,

Ağlayır, ağlayır, o gözəl pəri …

Küləklər saçında yelləncək qurub,

Yellənir, yellənir sabahdan bəri …

Onunsa vecinə gəlməyir bunlar,

Gözləri qan dolu, ürəyi qübar ,

Şuşalı ağlayır, dünya lal olub,

Ağlayır, əlacsız qalıb ağlayır,

Onun bu halları ürək dağlayır…

Gözündə leysanlar, sellər çağlayır…

Adı şuşalıdır, özü Şuşasız!…

Ümidi üzülüb,

İnamı itib,

Onun xəyalında Şuşa oxuyur,

Qaladan bayatı səsi ucalır :

Qaladan süzülüb axır bayatı :

Əzizim ağlamazdım ,

Gülərdim ağlamazdım.

Bilsəydim, vəfaz budur,

Sizə bel bağlamazdım …

 

Bu qala daşlı qala

Çınqıllı daşlı qala

Qorxuram, gələməyəsiz ,

Gözlərim yaşlı qala ..

Birdən şimşək çaxır,

Qala üstündən,

bir haray yüksəlir göyə bir anda ,

Sanki bir səs gəlir Qala üstündən :

“Ümidini itirmə ,qalx bir də son döyüşə,

Boyun əymə zalimə,

“Şiddətliysə əgər mövsümün qışı,

Yeni bahar, demək, parlaq olacaq.

Verdiyimiz qurbanların bahası,

Bizə mütləq hürriyyət gətirəcək “

.. O şimşək alışır, o şimşək yanır.

Sarır Azərbaycanı, sarır bir anda.

Könüllər cuşə gəlir,

Mübarizə sevinciylə, azadlıq sevinciylə…

Mübarizə- o ölməyib,

O susmayıb,

O lal deyil,

yaşayır millətin qəlbində hələ.

Mübarizə- o səadət, həyat, zəfər, şərəf, şandır.

Mübarizə-o sönməyən bir inamdır.

O, ümiddir

O ümidin yanar odu yenə

Könüllərdə alovlanır , gözlərdə

Sönmüş kimi görünsə belə!

Mübarizə- vətənın göylərində parlayan bir ay.

Mübarizə -babaların vəsiyyəti,

Mübarizə -Şəhidıərin əmanəti

Əmanətə xəyanət yox,

sahib çıxaq!

Mübarizə- millətin parçalanan ürəyindən

Gəlinlərin, qızların, axan göz yaşlarından

Yaranmış bir nehr

Iərzə gələrək

Kükrəyir, sığmayır sahillərinə

Çırpılır qayaya,

Çırpılır daşa, dağa

Can atır Qarabağa…

Şəhidləin qanıyla

suvarılmış Torpağa …

Bir səs qalxır bu ellərdən :

Səni düşmənə vermərik

Sənə candan bağlıyıq

Bu gün biz hamımız qarabağlıyıq!

Qılınc çaqqıltısı ,qalxan səsləri ,

Yayılır bir anda …

Mübarizə alovlanır Qalada

Ruhlar da əlbəyaxa qalxır, döyüşə girir .

Qoymurlar Qalanı əsir alalar.

Bir qığılcım olur bu haray səsi,

Atlanır igidlər Qalaya sarı.

Top -tüfəng qarışır qılınc səsinə,

Erməni çaş qalır, əsir dizləri.

Qələbə bayrağı sancılır yenə,

Qalanın ən uca bir zirvəsinə..

Gətirib gözləri önünə bunu

Gözəlin dilindən çıxır bu sözlər:

Ümidi dirilir, inamı dönür.

Dağ başında qara dönüb ,

Bir alıcı sara dönüb,

Lap vəfalı yara dönüb

Vətən , sənə dönəcəyəm