- Cəmiyyət, Dil

Bakıda əcnəbi dillərdə obyekt adları yeni “çiçəklənmə dövrü” yaşayır…

Bakının küçə və prospektlərində gözlərimiz müxtəlif obyektlərin, reklam çarxlarının üzərindəki əcnəbi sözlərə sataşır, demək olar ki, bu bizim sıx-sıx rastlaşdığımız faktdır. Sirr deyil ki, paytaxtın küçə və prospektlərində, mərkəzi yerlərində dövlət dilimizin  əcnəbi adlar tərəfindən sıxışdırılması artıq bir problem olaraq özünü büruzə verir, diqqəti çəkir.

Bir araşdırma aparsaq görərik ki, paytaxtdakı 40-50 obyektin yalnız üç-dördünün adı Azərbaycan dilindədir, qalanları isə əcnəbi adlarıdır. Problem o qədər qabarıq formada özünü göstərir ki, ölkə ziyalıları haqlı olaraq dilimizin yad dillərin təhdidi altına düşmək təhlükəsi ilə üzləşə biləcəyindən ciddi narahatlıq keçirirlər. Əlbəttə, ölkə ziyalılarının təbirincə desək, ana dilimizi, dövlət dilimizi yad dillərin “əsarət”indən xilas etməyin zamanıdır, indi tədbir görülməsə, sonra gec olacaq.

Bildirək ki, millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumuilikdə, mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət ünvanlayıb. Məsələ burasındadır ki, əcnəbi adların özünü qabarıq şəkildə ifadə etməsi üçün yaradılan şərait dilimizin sıxışdırılmasına səbəb olmaqla yanaşı, həm də dövlət dilimizin qaydalarına ziddir. Ekspertlər deyirlər ki, əcnəbi dillərə bu qədər meydan verilməsi dövlət dilimizin qaydalarının pozulmasi deməkdir. Heç şübhəsiz ki, bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən də digər qurumlar müvafiq tədbirlər görməlidirlər ki, dilimizin işləkliyi tam olaraq təmin olunsun.

  • Səadət Şıxıyeva: “Şəhərimizə milli kimliyimizə uyğun bir sima verilməsi üçün bu məsələ səlahiyyətli orqanlar, məsul şəxslər tərəfindən nəzarətə götürülməlidir”

Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Bakının küçə və prospektlərini əcnəbi adlardan təmizləməyin vaxtı çoxdan çatıb. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri jurnalist Vasif Sadıqlının təşəbbüsü ilə irəli sürülən və çox sayda ziyalı tərəfindən rəğbətlə qarşılanan Bakının küçələrini əcnəbi adlardan təmizləmək uğrunda edilən çağırışları yalnız alqışlamaq lazım gəlir. Bakının küçələrində obyekt, mağaza və sairin adlandırılması, həqiqətən, pərakəndəlik, kortəbiilik və nəzarətsizliyin nəticəsi kimi görünür. Bu, əslində, əksəriyyətimizin gördüyü, lakin dilə gətirməyib səssiz şəkildə barışa bilmədiyi bir məsələdir. Çünki paytaxtımızın küçələrindəki əcnəbidillilik öz müstəqil dövləti və dili olan xalqın yol verməməli olduğu bir haldır. Öz dili və öz dövlətinə hörmət qoyan heç bir xalqda bu miqyasda əcnəbiliyə aludəlik müşahidə olunmur. Həm də yaddillilik təkcə brendlər, beynəlxalq aləmdə tanınmış şirkətlərin filiallarının adında deyil, yerli xarakterli şirkət, obyekt və dükanların adında da nəzərə çarpır. Bəzən aludəlik o həddə çatır ki, bu adın alıcı, müştəri cəlbi üçün deyil, sanki yalnız göstəri üçün verildiyi təsəvvürü yaranır. Ümumiyyətlə, böyük məbləğdə pullar sərf edərək lövhəciklər yazdıranlar bu işlərin tək günahkarı deyil, geniş xalq kütləsi üçün bu anlaşılmaz adları təsdiqləyənlər də eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycanın hər qarışı müstəqil dövlətin, yeni Azərbaycanın göstəricisi olmalıdır. Yeri gəlmişkən bunu da qeyd edim ki, təkcə əcnəbi dillərdəki adlar deyil, elə öz ana dilimizdə yazılanların da bir qismi məqbul sayıla bilməz və bəzisi hətta gülüş doğuran şəkildədir. Odur ki, şəhərimizə milli kimliyimizə uyğun bir sima verilməsi üçün bu məsələ səlahiyyətli orqanlar, məsul şəxslər tərəfindən nəzarətə götürülməlidir. Bundan başqa, bu problemin həlli həm də dilimizin saflığının qorunması ilə bağlı ölkə başçısının etdiyi çağırışın tərkib hissəsi sayılmalıdır”.

  • Vasif Sadıqlı: “Bu təkcə dil məsələsi deyil, eyni zamanda, “mədəni ekspansiya”dır”

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı da bizimlə söhbətində bildirdi ki, bütün bu faktlar monitorinqlər nəticəsində üzə çıxarılıb. V.Sadıqlının sözlərinə görə, uzun illərdir paytaxtın küçə və prospektlərində sıx-sıx rast gəlinən və ana dilimizi “mədəni ekspansiya” altına alan əcnəbi sözlərdən ana dilimizi xilas etmək istiqamətində işlər görülür, çağırışlar edilir, kampaniyalar başladılır. “Bizim əvvəlki dövrlərdə də araşdırmalarımız olub. Sabir Rüstəmxanlının Azərbaycan dil qurumu adlı bir təşkilatı var. Bu qurumun 2013-cü ildə apardığı hesablamalara görə, həmin dövrdə Bakının mərkəzində əcnəbi dillərdən istifadə 43 faiz olub. Bizim təşkilat ötən ilin martında fəaliyyətə başlayanda biz Bakının müxtəlif küçə və prospektlərində monitorinqlərə başladıq və Məhəmməd Əmin Rəsulzadə küçəsində əcnəbi adlar 99 faiz idi, bundan əvvəl Nizami küçəsində və ətraf küçələrdə keçirdiyimiz monitorinqə görə isə əcnəbi sözlər 65-80 faiz civarında olub. Rəsulzadə küçəsində bir dənə balaca şabalıd satılan köşkün adı Azərbaycan dilində, qalan obyektlərin hamısının adı əcnəbi dillərdə idi”.

Azərbaycan dilinin əcnəbi dillər tərəfindən sıxışdırılmasının dövlət dil haqqında qəbul edilən bütün sənədlərə zidd olduğunu deyən V.Sadıqlının sözlərinə görə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. O vurğuladı ki, qanunvericiliyə əsasən, zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. V.Sadıqlı hesab edir ki, amma qanunun tələblərinə əməl edilmir və bu, Azərbaycan cəmiyyətində ciddi məyusluq doğurub.

Bununla bağlı bir sıra qurumlara müraciət edildiyini vurğulayan V.Sadıqlının sözlərinə görə, müraciətlərinə müsbət yanaşanlar da, laqeyd qalanlar da olub, amma bununla belə, problemin həllinə nail olunacağından ümidini üzmür: “Biz bir sıra şəxslərə və qurumlara müraciət etmişik. Yazıçı Anara yazmışıq. Çünki Anar Rzayev Dövlət Dil Komissiyasının sədr müavinidir, həm də yazıçıdır, dil də yazıçıların materialıdır. Amma dəfələrlə müraciət etsək də, o, müraciətimizə cavab vermədi. Hətta 200 ziyalı tərəfindən ona edilən müraciəti də cavabsız qoydu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısına da müraciət etdik, həmin müraciətə 800 nəfər ziyalı imza atmışdı. Eldar Əzizov dərhal reaksiya verdi, Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiya iclasını çağırdı və tapşırıqlar verdi. Pandemiyanın şiddətli vaxtında bizi Bakı Şəhər İcra Hakimiyyətinə dəvət etdilər və bizimlə görüş keçirdilər. Dövlət Reklam Agentliyinin rəhbəri, BŞİH-nın Ticarət Departamentinin və digər qurumların rəhbərləri görüşdə iştirak edirdilər. BŞİH-nın sözügedən iclasında etiraf etdilər ki, vəziyyət acınacaqlıdır. İzahlarından biri bu idi ki, Dövlət Reklam Agentliyinin təxminən 10-15 nəfər işçisi, bir dənə də avtomobili var, təkcə Bakı şəhərində isə 25 minə qədər ticarət və xidmət obyekti mövcuddur, biz təkcə Bakıya deyil, bütün ölkəyə baxırıq və imkanlarımız bu qədər məhduddur”.
V.Sadıqlı hesab edir ki, bu, dilimizə qarşı çox böyük təhdiddir: “Bu təkcə dil məsələsi deyil, eyni zamanda, “mədəni ekspansiya”dır. Ayrı-ayrı dövlətlərdə prezident yanında araşdırma mərkəzlərinin hesabatı olur, prezidentə məlumat verirlər ki, filan dil gəlib bizim dili “əzir”. Bunun nəticələri nədən ibarət olur? Əvvəla linqivistik ekspansiya, onun ardınca mədəni ekspansiya, daha sonra isə siyasi ekspansiya gəlir. Yad dillər sənin mədəniyyətini, dilini tapdayırlar. Bunun əsas diqqətçəkən və narahat edən tərəfi ideoloji məsələdir. Dilimizin əcnəbi dillərin “əsarət”inə düşməsi azərbaycançılığa ziddir. Ölkə Azərbaycandır, onun dövlət dili Azərbaycan dilidir, bu dildən istifadə olunmalıdır” – deyə V.Sadıqlı bildirdi.

baki-xeber.com
İradə SARIYEVA

23 fevral 2021