Gülyaz ƏLİYEVA
Bu dünyada nağıl çoxdu,
Hamısı da belə başlar:
“Biri vardı, biri yoxdu…”.
Nağıllarda şəhər çoxdu, istəyirəm danışam mən,
qayaların ortasında qala olan bir şəhərdən…
Dörd bir yanı şiş qayalar,
şüşə kimi havası var…
Cənnət məkan şəhərimdən –
Mən xəyala çevrilən o qədim Şuşa şəhərimdən …
ayrı düşdüm ,
Neçə vaxtdır….
Heç bilmirəm
Bu, nə baxtdır?
Yuxularda şəhərimsən,
Ayılanda düşmənimsən.
Sevgi ilə nifrət içrə
Çabalayıb çaş qalmışam,
Yuxuda mən söyləyirəm,
qurban olum dağa qalxan o dolama yollarına,
Qurban olum bizə həsrət
O yaralı qollarına,
Qoşa minarə məscidinə,
Şuşam mənim, arzum mənim ,
Qurban olum tül dumanlı dağlarına,
Üstü qalın yığıncaqlı Turşsu, İsa bulağına….
De, hardasan, nə edirsən
İndi orda?!
Cıdır düzüm, iki gözüm,
Bu həsrəti necə çözüm?!
Ayrılığa necə dözüm?!
Çiçəyinə, tər gülünə, xarıbülbül, titrəmərcan, qantəpərin de açırmı?
De, oralarda yenə də
Günəş çıxıb nur saçırmı?
Yaz gəlirmi?
Eşitmişəm, ruhlar gəzir,
Gecələri düzlərində.
“Qurban olum” kəlmələri sözlərində
Arzuları, istəkıəri gözlərində
Nakam qalan oğulların …
Ayılanda düşmənimsən,
Qənimimsən ..
Segah deyir, yallı gedir
O dığalar
Niyə dözür, qatlanırsan ?
Şimşək olub çaxmayırsan?
Vulkan olub püskürmürsən?
Ermənidən doğulanlar segah deyir,
Bizimkilər arı satıb, namus yeyir
Sən də geri qalmayırsan
Heç onlardan
Bəs sən niyə dayanırsan?!
Niyə göydən daş yağmayır?
Niyə qayan aralanmır?
Yerə soxmur murdarları
Yerin yeddi qatına bəs?
Havan kirli, suyun zəhər …
Düşündükcə
Boğur məni
Acı qəhər….
Əjdahalar, əcinnələr sakinlərin
Segah deyir, yallı gedir
Ermənidən doğulanlar
Şöklü Məlik edəmmədi,
Ermənilər bunu etdi.
Ağ ətinə qovrulanlar
Çox olsa da, qurtarmadı,
O gözdağı, üzqarası
Ha dansaq da, oldu tarix …
Ha gözlədim,
Heç gəlmədi
Ağ atlı o qəhrəmanım
Döşgüvarlar cövlan edir,
Təndirdədi oğullarım…
Bu dünyada nağıl çoxdu,
Hamısı da belə başlar…
Biri vardır, kef eləyir,
Zülm eləyir,
Segah deyir,
Cıdır düzündə çadır qurub,
Kabab yeyir, yallı gedir,
Biri? Biri YOXDU…