Gülyaz ƏLİYEVA
Bir çiçəyə möhtacam,
Adi bir çiçəyə yox –
Qarabağ ətirli
Qarabağ torpağının bəhrəsi
Bir çiçəyə…
Elə bir çiçək ki,
Xoş ətirli,
Zərif görünüşlü
Zərif olsa da,
Sərt qayaları yaran,
Qayalarda bitən bir çiçək …
Bir bülbülə möhtacam,
Adi bir bülbülə yox,
Nalə çəkməsin,
fəğan etməsin.
Səsindən bağlar silkələnsin,
Adamlar diksinsin,
Var gücün toplayıb
Son dəfə oxusun,
Qızıl qəfəsdə yox,
Adi kolluqda.
Yada düşsün
Dağda qalan,
Yolda itən,
Yada düşsün
Bizi gözləyən vətən…
Bir ağaca möhtacam,
Torpaqdan güc alan,
Torpağa güc verən,
Səxavətli kisəli,
Geniş qol-budaqlı
Kölgəli, bəhrəli
Bir ağaca…
Elə bir ağac ki,
Günəşə boylansın,
Kökü üstə bərk dayansın.
Tufana sinə gərsin,
Yağışdan arınsın,
Doludan qorxmasın,
Küləkdən qorxmasın,
Küləkdə yarpaqları daransın,
Qocaman bir çinar –
Bol pöhrəli,
Qalın kölgəli…
Bir ürəyə möhtacam,
Adi bir ürəyə yox,
Azadlıq eşqli,
Vətən sevgili,
Şir ürəyi yemiş,
düşmənə nifrət,
xalqa məhəbbətlə
Dopdolu bir ürəyə…
Elə bir ürək ki,
Sevgisi də möhtəşəm,
Nifrəti də yenilməz,
Dosta sədaqət,
Düşmənə kin dolu.
Odlu-alovlu,
Yanar bir ürək…
Elə yansın ki,
qaranlığı aydınlatsın,
Elə bir yansın ki,
Alovu ürəklərə düşsün,
Qığılcımı hər tərəfi sarsın,
Elə bir yansın ki,
Tamam közə dönsün
Külü qalmasın !