- Mədəniyyət

Sara Göycəlinin “Qazilər” kitabının təqdimat mərasimi keçirilib

Füzulidən Şuşayadək döyüş yolu keçərək çiynindən və ayağından qəlpə yarası alan sıravi əsgər Nicat Ələkbərov, Hadrutda minomyot atəşinə düşərək iki ayağından ağır qəlpə yarası alan kəşfiyyatçı Əli Əliyev, Xankəndi yaxınlığında mühasirəyə düşərək çoxsaylı qəlpə yarası alaraq bir gözünü itirən əsgər Əli Hüseynov, bir ay şərəfli döyüş yolu keçərək Xocavənddə ayağından ağır yaralanan baş leytenant Arif Niftəliyev, Xocavənddə səngərdə ikən qəlpənin qolunu və ayağını deşdiyi 21 yaşlı Tofiq Musaxanlı, Cəbrayılda döyüş zamanı güllənin sinəsindən girib kürəyindən çıxdığı kapitan Aqil İslamov…

Yeni çapdan çıxan “Qazilər” kitabında bu cür ağır, əzablı və rəşadətli döyüş yolu keçən Vətən müharibəsinin 64 iştirakçısı haqqında söhbət açılır. Onların hər biri öz fədakarlığı, qorxmazlığı və göstərdiyi igidlik nümunəsi ilə Zəfər gününü addım-addım yaxınlaşdıraraq xalqımıza böyük qələbə sevincini yaşadıblar.

AZƏRTAC xəbər verir ki, Sara Göycəlinin “Qazilər” kitabının təqdimat mərasimində müəllifin həkim kimi müalicə edilərək həyata qayıtmağında iştirak etdiyi Vətən müdafiəçilərinin vətənpərvərlik duyğularından, göstərdikləri qəhrəmanlıq nümunəsindən danışılıb.

Mərasimin əvvəlində Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev kitab haqqında ümumi məlumat verib, onun gənc nəslin vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacağını bildirib.

Azərbaycan Tibb Universitetinin travmatologiya və ortopediya kafedrasının dosenti Nurlana Əliyeva, dilçi alim Elmira Əliyeva, polkovnik Elmar Hüseynov, Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsinin Rəşad Tağıyev, Xəzər rayon Veteranlar İttifaqının sədri Rəşad Tağıyev, mayor Salman Hüseynov, qazılərdən Kənan Babayev, Nicat Məmmədkərimov, Elmar İsayev, şairlər Yusif Ağbulaqlı, Məlahət İsmayılqızı və başqaları kitabın Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsini əks etdirən kiçik bir salnamə olduğunu və mövzunun davam etdirilməsinin vacibliyini söyləyiblər.

“Qazilər” kitabında yaralanmış Vətən müharibəsi döyüşçülərinin müalicəsində əməyi keçən həkim və tibb işçilərinin adları və Bakıdakı 200 nömrəli məktəb-lisey kompleksi şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar verilib.

Müəllif çıxış edərək tarix yazan oğullar haqqında tarix yazmaq, bu müqəddəs yolda canlarını fəda etməkdən çəkinməyən qəhrəmanların bəzi döyüş epizodlarını qələmə almağa çalışdığını diqqətə çatdırıb və kitab üzərindəki yaradıcılıq prosesindən bəhs edib.

Təqdimat mərasimində Sara Göycəliyə Vətən Müharibəsi Veteranları İctimai Birliyinin xatirə medalı təqdim olunub.