Pərvanə O-nurlu
Aləm cənnətə döndü kimlər üçünsə, kimlər üçünsə dönmədi, amma Qarabağ yaddan çıxmağa doğru gedərkən birdən hər şey dəyişdi və yenə oxunmağa başladı:
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ…
Buna sizlər nail oldunuz, ey haqqı ödənə bilməyən oğullar, ey əbədi cənnətməkan olan şəhidlər, ey unudulmayanlar!
Olan-qalan yayımızı
Çox gördü zaman bizə.
Yad ellərin qarı yağır
Haçaqdan elimizə…
Vaqif Səmədoğlu deyirdi bu sözləri. Ruhun şad olsun, şair. Bu ildən yad ellərin deyil, öz qarımızdır yağan. Təki əbədi olsun…
Ağdam haqqında yeni çəkilmiş xüsusi buraxılışa baxanda insan keçirdiyi hisslərə ad tapa bilmir… “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırılan “ağ ev”, “işıqlı ev” mənasını verən Ağdam…Viranəyə döndərilən Ağdam…
Suallar insanın beynini qurd kimi gəmirir: Niyə Azərbaycan? Niyə Qarabağ? Niyə biz belə gözəl torpaqlarımızdan məhrum olmuşuq? Niyə o torpaqların sinəsinə çalın-çarpaz dağ çəkən, yerlə-yeksan edən o erməni vandallıqlarını dünyaya çatdıra bilmirik? Niyə dünyanın gözü kor, qulağı kardır?
“Dilbəra, dərdi-dilimdən belə ünvan etdim,
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim”
deyən, könül mülkü viran olan xan qızı Natəvanın qəbrini viran edən, sümüklərini çıxaran, Pənahəli xanın imarətini viranəyə çevirən vəhşi ermənilərə dünyanın cəza kəsməsi gərək deyilmi? Dünyanın neçə ölkəsinin çörəyi saxlanan “Çörək” muzeyindən , “Sünbül” kafesindən qalan uçuq-sökük divarları görəndə “dünyanın da ürəyi” sızıldayırmı bizimki kimi? Məsciddə – Allahın evində heyvan saxlayan o vandalların cəzasını niyə elə Allahın özü vermir, görəsən? Sızıldayan o ruhlar rahatlıq tapa biləcəkmi?
Şahbulaq qalası. 300 ilə yaxın yaşı olan və Pənahəli xanın müdafiə üçün tikdirdiyi bu qalaya toxunmayıblar vandallar. Səbəb isə bu qaladan kilsə kimi istifadə etməkləri olub. Dünyanın gözünü boyaya biləcəklərini düşünən bu vandallar qalada olan eksponatlardan oğurladıqlarını oğurlamış, qalanlarının üzərinə xaç cızaraq öz adlarına çıxmış və bu gözəl Şahbulaq qalasını utanmadan, arsızcasına Surenevan adlandırmışlar. Yenə bir sual ortaya çıxır: Allahım, nədən bizim məscidimizdə – Allah evində mal-qara saxlayan o vəhşilərə bizim qalamızdan kilsə kimi istifadə etmələrinə imkan yaratmısan? Ağlıma bir cavab gəlir: torpağı yad əllərdə qoymağın cəzasıdır bu…
Demişdim, suallar aşıb-daşır, bilmirəm cavabı varmı, yoxmu: biz o torpaqlara ayaq basa biləcəyikmi? Biz öz yurdumuzu öz gözlərimizlə canlı-canlı görə biləcəyikmi? Ən çox həsrətində olduğum Şuşadır. Qayalara, daşlara dırmana-dırmana, topsuz-topxanasız, bıçaqla silahlanan, düşmənə kini ilə, nifrəti ilə silahlanan, Vətən sevgisi ilə, qeyrəti ilə silahlanan Vətən oğullarının can qoyaraq, qan tökərək düşməndən azad etdiyi, illər sonra azadlığına qovuşdurduğu Şuşanı görmək hər zaman arzum olub. Gedə biləcək, görə biləcəyikmi?
“Qartal olub göylərində uçum mən,
Yağış olub torpağına çilənnəm…
Yaxıb-yandıranım – Laçınım mənim … ”
deyə haray çəkən Məhəbbət Kazımovun nəğməsində, daha doğrusu, naləsində səslənən Laçını, sözün həm həqiqi, həm məcazi mənasında qızıl Kəlbəcəri, gözəl Zəngilanı, ağlayan şəhər Xocalını… bütün bu yerləri, bu yurdu görmək bizə qismət olacaqmı?
Ya Rəbbim, Sən qanını, canını Vətənə qurban verən nakam oğulların qanını yerdə qoyma.
Sən tökülən qanları yerdə qoyma, İlahi,
Şair Vaqifin dililə yalvarıram, İlahi:
İlahi, hansı dildə yalvarım sənə? …
Çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz…
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi…