Ankarada Musa Göçmenin Simfonik Orkestrinin konsert zalının səhnəsində Almaniyada yaşayan azərbaycanlı müğənni və bəstəkar Seyran İsmayılxanovun “Ocean in the Desert” adlı konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Seyran İsmayılxanov tərəfindən təşkil olunan konsert proqramına Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) və Türkiyə paytaxtında fəaliyyət göstərən “Səda” musiqi kursları dəstək verib.
Konsertdə xüsusi qonaq qismində kamança ifaçısı Anar Yusub çıxış edib.
Konsertdə Azərbaycan, türk, rus və italyan dillərində əsərlər, xüsusilə “Sarı gəlin” xalq mahnısı ritmik aranjemanda ifa olunub.
Pianoçu Nailə Əhmədovanın müşayiəti ilə dünya klassik musiqisinin nümunələri səsləndirilib.
“Kölndə yaşamağıma baxmayaraq, doğma Azərbaycanla əlaqəni itirməməyə çalışıram, imkan daxilində Bakıya səfər edirəm. Azərbaycan mədəniyyətinin daşıyıcısı olmağımla fəxr edirəm, əsərlərimdə milli motivlərdən geniş istifadə edir, Vətənimin nailiyyətlərini təbliğ etməyə çalışıram”, – deyə 45 yaşlı musiqiçi bildirib.
S.İsmayılxanov deyib ki, aprelin 9-da İstanbulda konsert verəcək, sentyabr ayında isə Kapadokiyada konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
Bəstəkar yaxın zamanda yeni albomunun və əsərlərinin not toplusunun təqdim olunacağını da elan edib.









