FADMM isə ictimai birlik kimi bunu özünün birbaşa missiyası hesab edir
Yaranmasının bir ili tamam olan “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) bizim görüb-tanıdığımız adi ictimai birliklərdən deyil. Yəni hüquqi statusuna görə yox, məzmun və mahiyyətinə, ictimai missiyasına, milli düşüncəyə xidmətinə görə fərqli bir qurumdur. Fərqliliyi də odur ki, bu mərkəz sosial sifariş kimi zamanın tələbindən, cəmiyyətin və dil daşıyıcılarının istəyindən, ana dilinin özünün həyəcanlı çağırışlarından doğmuşdur. Elə bu səbəbdən də bir az poetik dillə desək, təbiətin oyanış ayı olan martda uzun incə bir yola çıxmış FADMM fəaliyyət göstərdiyi qısa müddətdə cəmiyyətin müxtəlif qatlarında, ilk növbədə isə tədris ocaqlarında, elmi-tədqiqat müəssisələrində, alimlər və müəllimlər arasında ciddi populyarlıq qazandı. Ona görə ki, bu qurum tez bir zamanda xalqın ruhunun ifadəsi olan ana dilinin təəssübkeşinə çevrildi, dilin təmizliyi, onun düzgün işlədilməsi, dil normalarının qorunması məsələsini gündəmə çıxartdı, sayı getdikcə çoxalan əcnəbi yazılara etiraz etdi, küçə reklam və elanları sahəsində qayda yaratmaqla bağlı ardıcıl addımlar atdı.
* * *
Məncə, ana dilinin təəssübünü çəkən belə bir təşkilatın rüşeymləri hələ 2018-ci ildə, Azərbaycan dilində uğursuz Orfoqrafiya “islahatı” aparmaq istəyənlərə qarşı kollektiv müqavimət göstərilən dövrdə yaranmışdı. Həmin vaxt zarafatla “möhtəşəm dördlük” adlandırılan bir qrup dil təəssübkeşi – indi FADMM-ı yönəldən Vasif Sadıqlı, İradə Musayeva və Səadət Şıxıyeva kimi tanınmış filoloq alimlər, bir də bu sətirlərin müəllifi Orfoqrafiya qaydalarına təklif edilmiş əsassız əlavələr layihəsinə qarşı çıxdılar. Bir qədər sonra Nəriman Qasımoğlu, İdris Abbasov, Elvüsal Məmmədov kimi ciddi alimlərin də Ana dilimizi xaosa sürükləyən təhlükəli layihəni tənqid etməsi etiraz cəbhəsini genişləndirdi. Xüsusən orta məktəblərin fədakar, yüksək milli şüur və dil təəssübkeşliyi nümayiş etdrən Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin etiraz bildirməsi Orfoqrafiya “islahat”ı aparmaq istəyənləri tam tərksilah etdi. Beləliklə, Ana dilinin başı üzərini almış təhlükə sovuşdu, amma dilin ictimai sferada işlənməsi ilə bağlı problemlər qaldı. Ona görə də həmin “dördlük” və onların həmfikirləri dilin təmizliyi uğrunda mübarizəni institutlaşdıraraq indi bir yaşı olan “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) ictimai birliyini yaratmağa nail oldular. Azərbaycan dilinin statusunun, dilin mövcud qaydalara əsaslanan saflığının qorunması və düzgün işlədilməsi, həmçinin dil nöqsanlarına qarşı mübarizənin bir növ yeni mərhələsi başlandı.
Ana dilinin saflığı məsələsi, dövlət dili kimi onun statusunun qorunması və qaydalara uyğun, düzgün işlədilməsi son illərin gündəmdən düşməyən əsas mövzularından biridir. Təbii ki, dil probleminə belə həssas münasibət birbaşa dövlət müstəqilliyi və istiqlal düşüncəsindən qaynaqlanır, buna görə də milli özünüdərk prosesinin yeni dalğası kimi üzə çıxır. Bu mənada ana dili ilə bağlı təhlükələrə iki prizmadan yanaşmaq lazım gəlir. Birincisi, geniş mənada klassik mədəniyyətin böhran həddinə yaxınlaşması və bəzi sahələrdə Ana dilinin qanuni statusu ilə bağlı təhlükələrin yaranmasıdır. İkinci məqam isə ədəbi dilin işlənməsində yol verilən nöqsanların kütləviləşməsi, xüsusən telekanallarda, yeni media quruluşlarında, sosial şəbəkələrdə, reklamlarda ədəbi dilin normalarına biganə yanaşılması, gənclərin bir qisminin öz doğma dillərinə laqeydliyi ilə bağlıdır.
Azərbaycan Prezidentinin 2018-ci ildə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında sərəncamında deyildiyi kimi, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. Bəs bu hallar niyə yaranır və onların aradan qaldırılması üçün nə etmək lazımdır? Dil proseslərinə məhz bu suallar prizmasından yanaşan “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İB dil sahəsində mövcud nöqsanları aradan qaldırmağı, ana dilinin saflığına töhfələr verməyi, bu dilin layiq olduğu statusu qorumağı özünün əsas missiyasına çevirmişdir.
Daha çox ziyalıların gücünə arxalanan, bir Vətən təəssübkeşliyi ilə çalışan FADMM qarşıya qoyulan vəzifələrin həyata keçirllməsi üçün dövlət qeydiyyatına alındıqdan dərhal sonra monitorinqlərə başlamışdır. Qısa müddətdə ölkə paytaxtında, xüsusən müxtəlif xidmət sahələrində, ticarət, ictimai iaşə və digər obyektlərdə, həmçinin teleradio verilişlərində ədəbi dil normalarına necə riayət edilməsinin vəziyyətini öyrənmiş, qayda pozuntularını qeydə alaraq ictimaiyyətə çatdırmışdır. FADMM-ın icraçı direktoru, ana dilinə fədai əzmi ilə xidmət edən Gülyaz Əliyevanın məlumatına görə, qurum sözün əsl mənasında dil nöqsanlarına qarşı cəbhə açaraq 9 ay ərzində ədəbi dil normalarının pozulması halları ilə bağlı müxtəlif saytlarda 100-ə qədər məqalə dərc etdirmişdir. Məqalə müəllifləri bu yazılarda Ana dilimizin gözəlliyini, saflığını yorulmadan təbliğ etməklə yanaşı, paytaxt küçələrində xarici dillərin hegemonluğuna, paytaxtda və olkənin bütün iri şəhərlərində xarici dildə reklam və lövhələrin artmasını kəskin tənqid etmişlər. Dil normalarının pozulması halları ilə əlaqədar müvafiq orqanlara, o cümlədən Milli Məclisə müraciət olunmuşdur. Bu müraciətlərə ilk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) gəlmişdir.
FADMM-ın bir qrup nümayəndəsi BŞİH-də qəbul edilmiş, problemlə bağlı işgüzar dialoq aparılmış, nəticədə dil nöqsanlarının qarşısını almaq üçün Dövlət Reklam Agentliyi ilə birgə komissiya yaradılması məqsədəuyğun hsab edilmişdir. Görüşdə qərara alınməşdır ki, növbəti müzakirələrdə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin də müvafiq şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün ilk addımlar atmaq məqsədilə yeni layihələr hazırlansın. İkinci görüş zamanı dil nöqsanları ilə bağlı problemin mürəkkəbliyi bir daha üzə çıxmışdır. Amma bu mürəkkəbliklərə baxmyaraq FADMM həmin qurumla işgüzar münasibətləri indi də davam etdirir və biz bu işin perspektivli olacağına inanırıq.
* * *
Dilin gücü təkcə onun formasında, quruluşunun mükəmməl olmasında, leksik zənginliyində, sözlərin çoxluğu və ya azlığında deyil. İstənilən dilin gücü daha çox onun sözlərinin məna yükündə və ifadə tərzindədir. Buna görə də “zəkanı şeylərin təbiətindən asılı hesab edən” antik dövrün filosoflardan fərli olaraq Platon dünyanı fikrə, Aristotel isə fikri sözə tabe edirdi. Deməli, biz fikrimizin ifadəsi olan sözlərimizin, onların əmələ gətirdiyi cümləmizin, geniş mənada dilimizin qədrini bilməliyik. Bu dildə düz yazmalı, düzgün danışmalıyıq. Bunun üçündə dili yaxşı bilməli, ona varlığımızın nişanəsi, ruhumuzun ifadəçisi kimi baxmalıyıq. Təkcə sözdə deyil, əməldə də Ana dilimizin keşikçisi olmalıyıq, FADMM-ın dil təəssübkeşi olan fədailəri kimi…