- Maraqlı

“Axillesin dabanı” nə deməkdir?

Axilles – bir çox Qədim Yunan əsatirlərinin qəhrəmanıdır. O, məğlubedilməz, cəsarətli bir insan idi. Düşmənin atdığı oxların heç biri ona zərər vurmazdı. Yəqin ki, “Axillesin dabanı” ifadəsini tez-tez eşitmisiniz. Əgər o, məğlubedilməz və cəsarətli olubsa dabanın bu məsələyə nə dəxili var?!

 Əfsanədə deyilir ki, Axillesin anası Fetida, oğlunu məğlubedilməz olmasını istədiyindən, onu Yunanlarda müqəddəs sayılan Stiks çayının suyuna salır. Amma bu zaman oğlunun dabanından tutduğundan ora su dəymir və daban qorunmamış qalır.

 Axillesin tərbiyəçisi kentavr Xiron onu şir, ayı və qabanların daxili orqanları ilə bəsləyir, kifarada çalıb oxumağı öyrədir. Onun sayəsində Axilles qorxu bilməz döyüşçü kimi boya-başa çatır.

 Döyüşlərin birində Axillesin rəqibi Paris onu öldürməyi bacarır. Parisin oxu Axillesin bədənindəki yeganə zəif yer olan dabanına sancılır. Qədim dövrlərin görkəmli sərkərdəsi Makedoniyalı İsgəndərin sevimli qəhrəmanı olan məğrur və şücaətli Axilles beləcə həlak olur.

 O vaxtdan bu yana insanlar bütün zəif və həssas yerləri “Axillesin dabanı” adlandırırlar.

portal.azertag.az