- Köşə

Aygün ƏZİZ. Lənət olsun bizə bu ağrıları yaşadanlara…

Ölüm həqdəndir, amma növcavan ölmək nə müşküldür,
Gözündə hər muradı, tazə can ölmək nə müşküldür.

Molla Vəli Vidadi

Qapını döyən azğın müharibə… – rədd ol! Biz səni çağırmadıq!
Pəncərədən boylanan qana susamış ölüm… – nə deyə soxulursan içəri? Canmı almağa?!
Uçub gedən durna qatarı tək… – ruhları göylərə uçub aşağı həsrətlə baxan növcavan igidlər…
Qan ağlayan mələklər (analar)… – onlar daha sizdən doğmayacaqlar, əbədi getdiniz əllərdən…
Yıxılan qoca çinarlar… – arxa-dayağını itirən, ürkəkləşən, uşaqlaşan, beli sınan atalar…
Nə uzun çəkdi bu dava?
Daha dözmək istəmir insanlar.
Ümid qalmayıb sabaha.
Bir gözü gülən, bir gözü ağlayan bəxtsizlər olmuşuq.
Yaralar sağalmır.
Paralanan ürəklərdən qan damır. İçimizə damır.
Ciyərimiz yanır, çünki ciyərparələr gedir əlimizdən.
Gözlərdən qanlı yaş axır.
Bu yaralar qaysaq bağlamaz daha.
İstəmirik müharibə! Güllə, raket, bomba səsləri qulağımızı kar edir.
İgidlər məzarlığı ürək dağlayır. Onların da haqqı idi sevmək-sevilmək, ata olmaq, xoşbəxt yaşamaq, xoşbəxt qocalmaq və xoşbəxt dünyadan köçmək…
Amma olmadı… nakam ömür düşdü paylarına…Lənət olsun qan-qada dolu savaşlara…Lənət olsun silahlara… onları icad edənlərə…Lənət olsun bizə bu ağrıları yaşadanlara…Lənət olsun insanlar arasında düşmənçilik toxumu səpənlərə…Lənət olsun məsum balalara qıyanlara…

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova