- Köşə

Aygün ƏZİZ. Bəşəriyyətin faciəsi, yoxsa xoşbəxt sonluq?

 (düşüncələr silsiləsindən)

Mənim uşaqlığımda – bizim nəslin doğulub boya-başa çatdığı dövrdə əyləncələr çox deyildi, amma təbii şəkildə yetişməyimizə münbit şərait var idi. Hər şey ana təbiətin bəxş etdiyi nemətlərdən faydalanaraq, elə ana təbiətin qoyduğu qanunlara uyğun – heç bir kənar müdaxilə olmadan öz axını ilə davam edib gedirdi. İndiki zəmanənin “zərurətdən doğan məcburiyyətlər”inə məhkum deyildik. Bizim nəsil 70-80-lər sentimental, mərhəmətli, ürəyiaçıq, üzügülər, məsum, gözütox, xəbislikdən uzaq, kitaba, elmə meylli, eyni zamanda da saf, sadəlövh, bir az da avam idi. Bunlar bir yana qalsın, əsas məsələ odur ki, indiki dövrün insanlarından daha xoşbəxt idi və xoşbəxtliyin meyarını heç də əlçatmazlarda aramırdı. Xırda şeylərə sevinən və bundan xoşbəxt olan bir toplum halında idi.

Pis idi? Düşünmürəm! Çox mətləblərdən hali olub, lazım oldu-olmadı geniş həcmdə informasiya burulğanında hər cür məlumat əldə edib çapalamaqdan, boğulmaqdansa, aza qane olub yaşamağın nəyi pis idi ki?! Yadınızdadırsa, o illərin TV-sində mərsiyə oxuyan müğənnilər, etik normalardan kənara çıxan “qabağından yeməyən” misalı ədəbazlar, “qeyrət fışqıran” varlıqlar, cinsi azlıqlar (bu, hələ bir başqa söhbətin mövzusudur), həyasızlığını 10 ballıq şkala ilə ölçsən 10 bala çatan bəzi “ləçərlər” insanlar və başqa bu kimi üzdəniraq insancıqlar yox idi. Düzdür, meşə çaqqalsız olmaz. Yəqin ki, o vaxt da belələrindən xali deyildik, amma məsələ ondadır ki, onların sayı o qədər az idi ki, hətta heç yox kimi idilər. Amma indiki dövrdə yuxarıda sadaladığım mənfi xüsusiyyətlər sanki bir mərifətmiş kimi bütün KİV vasitələrindən evimizin içinə qədər daxil olur, bizə sirayət edir, əsəblərimizi tarıma çəkir, ikrah doğurur. Və… və getdikcə adiləşir. Adidən də adiyə çevrilir. Faciənin başlanğıcı budur. Əgər nəsə adiyə çevrildisə, onda daha geriyə dönüş yoxdur.

Klişe kimi səslənməsin, amma uşaq vaxtı həmişə böyüklərdən eşidirdim ki, elm, texnologiya kosmik sürətlə inkişaf edir. İndiki dövrün texnologiyasının sürətli inkişafı o dövrün insanlarının heç yuxusunda da görə bilmədiyi bir həddə çatıb. Bəs bu, bizə nə gətirdi? Sevinc? Yox. İnkişaf? Bəlkə. Amma nədə, harada və nəyin bahasına? Uğur? Yəqin ki. Əlbəttə Azərbaycanın ucqar kəndində oturub ABŞ-ın hansısa ştatında yaşayan dostun, tanışın, qohumun və ya hər hansı bir başqa fərdlə canlı bağlantı yaradaraq tet-a-tet ünsiyyətdə imiş kimi danışmaq, heç şübhəsiz elmin, texnologiyanın uğurudur. Fəqət etiraf etmək lazımdır ki, hər yaxşı yeniliyin hansısa bir pis fəsadı da olur. Axı həyatın qanunu budur: bir tərəfdən nəyisə əldə edirsənsə, digər tərəfdən onun üçün qurban və ya qurbanlar verirsən. Heç bir şey insana elə-belə başa gəlmir. Hər şeyin bədəli ödənilməlidir. Hər mənada. Həm əxlaqi, həm insani, həm də elə elmi olaraq. Bəs verilən qurbanlar, yaşanılan itkilər əldə edilənlərlə bir tərəziyə qoyularsa və birincilərin çəkisi ağır gələrsə, onda bəşəriyyət nə etməlidir? İtirlən qazanılandan çoxdursa, bu, qlobal olaraq, sözün həm hərfi, həm bədii, həm də elə lap məcazi mənasında insanlığın məhvinə, ölümünə, tənəzzülünə aparmırmı?!

Belə bir təhlilə nəzər salaq: insanlar artıq robotlaşmış vəziyyətdə yaşayırlar. Hər kəs bir tərəfə çəkilib öz qacetlərindən – telefon, planşet, kompüterindən asılı vəziyyətə düşüblər. Həyatımıza qapını döymədən girən bu “qonaqlar” bizdən ölçücə dəfələrlə kiçik, ovcumuza sığacaq qədər balaca, dizimizin üstündə yorulmadan saatlarla saxlaya biləcəyimiz qədər yüngül olsalar da üzərimizdə böyük gücə malikdirlər.

Mənə ən pis təsir edən bu qacetlərdən evimizin içinə soxuşdurulan, beynimizə dürtülən oyunların uşaqlarımızı canlı qurbanlarına çevirməsidir. Asılılıq yaradan bu qacetlər bizə “hədiyyə edilən” bahalı oyuncaqlar olaraq ömrümüzü-günümüzü “zəhərləyir”. Biz hamımız qurbanlarıq. Amma bu fəlakət çoxüzlüdür. Böyüklərin zombiləşməsi günün aktual mövzularından biridir.

Artıq canlı ünsiyyət tarixə qovuşan mərhələsinə çoxdan başlayıb. Dostla, həmdəmlə üzbəüz əyləşib söhbət etmək, canlı göz təması, əl-ələ, qol-qola dostla, rəfiqə ilə, sevgili ilə təbiətdə görüşmək yorucu bir şey hesab olunur. Oturduğumuz yerdə bunu kiçik qacetlərdən idarə edə bilirksə, onda axı əziyyət çəkib bayıra çıxmaqda bir hacət varmı? Amma inanın VAR!

Axı hər şeyi yaxşı tərəfindən də istifadə edərək xeyir götürmək olar. Bu, axı bizim özümüzdən asılı ola bilər. Amma etmirik. Niyə? Çünki insan övladı nəyə görəsə özünü məhvə sürükləyən nəsnələrə doğru qaçır. Sanki cazibə qüvvəsi pisi daha çox çəkir. Yaxşı nəsnələrin cazibə qüvvəsi təsirini itirib, deyəsən.

Mən mühafizakar deyiləm. Əksinə, novatorluğun tərəfdarıyam. Amma hər şeyin də bir həddi olmalıdır da! Həddin olmaması faciənin sonunun başlanğıcıdır.