- Dil, Köşə, Manşet

Cəbrail HƏŞİMOV. Dəli şeytan və dilimiz

felyeton

Bu dəli şeytanın da, deyəsən, heç bir iş-gücü yoxdu, vallah. Hərdən gəlib oturur adamın beyninin içində və başlayır yavaş-yavaş dəcəllik eləməyə. Elədikcə də qurdalayır beyinin içini. Bu beyin də ki var, qurdalandıqca başlayır lazımsız, köndələn fikirlər ifraz etməyə. Sonra da deyirlər, filankəs belə fikirləşir, nə bilim, bəhmənkəs elə fikirləşir. Ay balam, axı bu filankəslərin, bəhmənkəslərin nə günahı var? Hamısını eləyən o şoğərib, dələduz şeytan deyilmi?!

Bax indi neçə gündür, bu dələduz gəlib girib mənim də beynimin içinə, oturub, özü üçün dəcəllik eləyir. Beyin yazıq da neyləsin, başlayıb artıq nataraz formada fikirləşməyə. Nə fikirləşir? Hə, bir az yaxın oturun, ərz eləyim nə fikirləşdiyini.

Bu şeytan başıbatmış deyir, ay müəllim, bə axı sən hər gün məktəbdə uşaqlara deyirsən ki, bizim dilimiz dünyanın ən gözəl dilidir, ay nə bilim, musiqili dildir, onu qorumalıyıq-zad. Bə, qağa, sən görmürsən bu sevdiyin dilin başına nə oyunlar açırlar? Görürsən, amma dinmirsən. Sonra da bilirəm, nə olacaq. Heç nə olmayacaq, elə bir kəlmə “lənət sənə, kor şeytan” deyəcəksən, vəssalam, dalısı heç nə. Hələ bir utanmırsız mənə “kor şeytan” da deyirsiz, ay nankor insanlar. Ay balam, hansınız mənim gözümün kor olduğunu görmüsüz? Başınıza nə gəlirsə, məni söyüb-yamanlamaqdan başqa heç nə bilmirsiz. Bə dillənin də! Bə deyin də, “ay namərdlər, toxunmayın bu gözəl dilimizə. Anamızın bizə layla dediyi dilə, məktəbdə elmlərin sirlərinə yiyələndiyimiz dilə, sevgilimizə utana-utana “səni sevirəm” dediyimiz dilə”…

Şeytana bax ha! Bu bizlərdən qeyrətli imiş ki. İndi siz deyin, şeytanın bu qeyrətli çıxışından sonra beyin yazıq nə fikirləşə bilər?! Qarışır aləm bir-birinə. Bir tərəfdən beyin fikirləşir ki, şeytan qağa, vallah, sən düz deyirsən. Dilimizi pis günə qoyurlar. Ay başua dönüm, dilə nə qədər əcnəbi söz sırıyarlar? Digər tərəfdən fikirləşir ki, axı mənim əlimdən nə gəlir? Deyib-danışıb yoruluram, danışmağım da özümə qalır. Allah insaf versin bizim dilçilik elmimizin başında duranlara. Onlar elmin başında durmayıblar e, üstündə oturublar, alıblar ayaqlarının altına elmimizi də, dilimizi də tapdalayırlar. Mənim kimi yazıq müəllimlər da qalıb səfil-sərgərdan. Bilmirik neyləyək. Əlimizdən nə gəlir ki…

Hə, onda şeytan qağa gülür, deyir: “Ay-hay! Bu da özünə müəllim deyir. A kişi, bə sən qorumalısan da dili. Axı sənin çörəyin bu dildən çıxır. Axı bu sənin dogma dilindir. De, yaz, qışqır, haray sal, nə edirsən, et, amma qoyma dili ölməyə”. Sonra deyir, sizin dildə bir apostrof var idi ha, onu niyə çıxartdız dildən? Nə eləmişdi o sizə? Niyə “səbr” sözündən qorxursuz? Hələ biri durub deyir ki, “y” hərflərini qoşa işlətmək olmaz. O biri “hörümçək” sözünü lüğətdən çıxarır. Dilin başbilənləri belə edəndə camaat da boş dayanmır, gətirib əcnəbi sözləri soxuşdurur dilə. Ay balam, dilə nə qədər “vapşe”, “uje”, “opşim”, “falan”, “abi”, “nasılsın” kimi sözləri güclə dürtərlər?.. Yazıq deyilmi bu dil?!
Qardaş, mən susuram şeytanın bu sözlərinin qarşısında. Düz deyir, hər nə deyir, düz deyir. Vallah, billah, tallah, simə vallah, düz deyir! Hələ biz də utanmırıq buna “dəli şeytan”, ay nə bilim, “kor şeytan” deyirik. Elə dəli də bizik, kor da. Ona görə koruq ki, dilimizin başına gətirilən müsibətləri ya görmürük, ya da özümüzü görməyən kimi göstəririk. Ona görə dəliyik ki, babalarımızdan bizə əmanət kimi gəlib çatan bu gözəl dili qoruya bilmirik.
Sonda gördüm, bu “şeytan” dediyimiz bizdən ağıllı oğlan dodağının altında nəsə zümzümə eləyir. Başımı bir balaca əyib diqqətlə qulaq asdım və gördüm ki, böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misralarını söyləyir:

Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil – tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil – əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir… onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Mən utandım. Çox, çoox utandım.
Bəs siz necə?