Firidun AĞAZADƏ
Azərbaycanda nə qədər səhmdar cəmiyyət var, səhm nədir, səhmdar kimdir, neçə səhmdar cəmiyyət satışa çıxarılıb – bunlar mənlik deyil, iqtisadi biliyim bunları çözməyə imkan vermir. Mirzə Fətəli bu yerdə remarka açıb obrazların dili ilə səktə (kənara, öz-özünə) deyinərdi: “Elə ona görə ömrün boyu maaşla dolanmısan da…”. Bu da şelf-ironiya, yəni, özümə rişxənd.
Marağım ondadır ki, ingiliscə “joint-stock company” ifadəsindəki “company” sözü dilimizə niyə “cəmiyyət” kimi tərcümə olunub? Haradan gəldiyi məlumdur: ruslar onu “акционерное общество” kimi tərcümə eləyib, dilimizə də oradan keçib – “səhmdar cəmiyyət”. Amma burada “общество”dan çox, “cообщество”dan, “müştərək təsərrüfat birliyi”ndən söhbət gedir. “Cəmiyyət” (sosium) sözünün tarixi-fəlsəfi izahı, tərifi bir yana, məni maraqlandıran buradakı “cəmiyyət” sözüdür. İstər “qapalı səhmdar” olsun, istər “açıq səhmdar”. Hələ görək, niyə “qapalı?” Bu nə qapalılıqdır belə? Bu hal şübhəli suallar doğurur. Niyə qapalı? Bir məsəl deyək: “Qapalı bazar dostluğu pozar”. İstanbulda “Qapalı çarşı” var, elə “Örtülü çarşı” deməkdir, yəni, “Örtülü bazar” deməkdir. O üzdən bu məsəli belə də demək olar: “Qapalı bazar, dostluğu pozar”. Bu şirkət niyə qapalı olmalıdır? Bəs, aşkarlıq prinsipi? Açıq eləyin ki, gəlib biz də üzv olaq da… Kitabxanaya abunə olduğumuz kimi, gəlib yazılaq da o səhmdarların sırasına. Məsələn, mən niyə “səhmdar cəmiyyətin” üzvü ola bilmərəm?
Ey digital dünya! Mətləbdən uzaq düşməyək. İngiliscə “Joint-Stock Company”, “Joint-Stock Agency” ifadələri hərfi tərcümədə “səhmdarların birgə şirkəti (agentliyi)” deməkdir, onu “səhmdar şirkət” ya da “səhmdar agentlik” kimi tərcümə etmək olmazmı? Məsələn, Azərbaycan Dəmiryolları Şirkəti (hələ qapalısı o yana qalsın), Azərbaycan Hava Yolları Şirkəti. Əgər “şirkət” sözü qıcıq doğurursa, son illər daha çox meyl etdiyimiz “agentlik” (Agency) sözündən istifadə edək, nəinki “cəmiyyət” sözündən: Azərbaycan Dəmiryolları Agentliyi, Azərbaycan Hava Yolları Agentliyi. Çünki “cəmiyyət” sözü təhtəlşüurun üst qatında dərhal türk dilindəki “toplum” sözünə keçid verir. Bu adlarda nə qədər söz ixtisar olunardı, belə adlar isə yüzlərcədir.
Rusca-Azərbaycanca lüğətimiz “общество” sözünün 4 mənasını təqdim edir, dördüncü mənası bizə lazım olan həmin “şirkət” sözü olsa da, misal kimi yenə “акционерное общество – səhmdar cəmiyyəti” deyə tərcümə edir. Qələti-məşhurdur, əlbəttə. Məhz bu mənada “cəmiyyət” sözü yerində deyil qənaətindəyəm. Son illər ölkəmizdə hüquqi şəxs kimi nə qədər agentlik yaranıb və bu adlar uğurludur, müasirdir, qulağa da xoş gəlir.
Ən qədim səhmdar şirkətlər Çində Tanq və Sun sülalələri vaxtında yaranıb, o vaxtkı adı “heben” olsa da, bunlar tarixdə ilk səhmdar şirkətlər olub. “Company” sözü ən müxtəlif dillərdə “assosiasiya, genişləndirilmiş partnyorluq, tərəfdaşlıq” və sair mənaları versə də, təsərrüfat subyekti və hüquqi şəxs mənasında “şirkət, qurum” deməkdir. “Joint-Stock Company” ifadəsinin müxtəlif dillərdə variantlarına baxaq: Braziliyada “sociedade limitada” (limited liability – “məhdud məsuliyyətli” mənası ilə birlikdə), Bolqarıstanda “aktsionerno druzhestvo”, Almaniyada, Avstriyada, İsveçdə və Lixtenşteyndə “Aktiengesellschaft” (səhmdar şirkət), Yaponiyada “hōjin” (korporasiya, şirkət), Norveçdə “aksjeselskap”(səhmdar şirkət), Rumıniyada “societate pe acțiuni” (səhmdar cəmiyyət, şirkət), Ukraynada “Акціонерне Товариство (Aktsionerne Tovarystvo)”, İtaliyada orta əsrlərdə tərəfdaşlığın ilk forması kimi “commenda”, 1250-ci ildə Fransanın Tuluza şəhərində yaradılmış Bazakl Dəyirmanlar Şirkəti (Société des Moulins du Bazacle), 1555-ci ildə yaradılmış Moskva Şirkəti (ing. Muscovy Company və ya Московская компания) və sair.
Verilən misallarda “societe (latınca “societas”) = asssociation = compagnie = institute = cообщество = communauté = kommuna = commune = icma = община = union = club = товарищество = camaraderie = holding = təsisat = qardaşlıq = birlik = konsern = unity = artel – kolxoz” sözlərinin hamısı məqbuldur, hamısı da “təsərrüfat birliyi”, “müştərək iqtisadi birlik (vahid)” deməkdir, amma bizim başa düşdüyümüz “cəmiyyət” (türkcə “toplum”) mənasında yox, “şirkət, qurum” mənasında.
p.s. Dilimizdə qoşa “yy” samitinə qarşı savaş açanlar o gözəl “cəmiyyət” sözünü necə deyəcəkmiş, əcəba?!