- Dil

“Sınıq-salxaq sözlər”

Pərvanə BAYRAMQIZI

Hər şey elə səhv sözünün özündən başlayır. Bu sözü çox adam yanlış (Səf, səhf) yazır. Sanki sözün özü kimi də “bəxti” var.

Votsapda, mesencerdə status və yazışmalardakı (başqa sosial şəbəkələrdən istifadə etmirəm deyə bilmirəm) səhvləri görəndə adamın ürəyindən ya müəllim olub qırmızı qələmlə yoxlayıb iki yazmaq, ya da korrektor olub mətnə əməlli-başlı əl gəzdirmək keçir.

Əvvəlcə başlayaq ingilis şriftlərindən. Əgər telefonunda azərbaycan şriftləri varsa sən niyə ingilis hərflərilə yazıb sözü korlayır, dilə işgəncə verirsən? “Ə” hərfini “e” yazmaqla “cool”mu görünmək istəyirsən? “Ş” hərfini dablyu yazanda təfəkkürün dəyişib ingilissayağı olacaq?

Yutub haqqında adamda elə fikir formalaşıb ki, orda sözlər səhv yazılmalıdır, ya da orda mütləq savadsız adamlar olmalıdır. Şrift məsələsini qoyaq kənara, guya ana dilində yazmağa “cəhd göstərənlər” sözləri düzgün yazırlar?

Videolara verilən biabırçı başlıqları oxuyanda adama elə gəlir ki, Azərbaycanda hər kəs bütün günü yeyib-içib, çal-çağır edir və Azərbyacanda hər kəs savadsızdır, ölkədə ana dilini bilən yoxdur.

“Meşhur Müğenni Dana Toyda Rəqsiyle Hamiya Meydan Oxudu”. Başlığın nəyə xidmət etməsi müzakirə ediləsi ayrı bir mövzudur. Bütün sözlər niyə böyük hərflə yazılmalıdır?

“Kenan Mehrabzade – Qoy partdasin 2019”

Mahnının dinləməmişəm, irad bildirmək üçün adını seçmişəm. Göründüyü kimi ingilis şriftləri ilə yazılıb. Bəs niyə “partdasın”?

“Perviz Bulbule & Turkan Velizade – Nazlı Duzlu”

Yenə mahnının özü bir yana yazılışı bərbaddır.

“Aqşini ansamblı – Yanıq Kərəmi (Toyda)”, “Aynisanin Toyu Mugeniler oxudular oynadilar maraqli kadrlar”

Yazarkən bəzən mexaniki səhvə yol verilib hansısa hərf buraxıla bilər. Bunun savadsızlıqdanmı, ya mexanikimi olması mətnin quruluşundan, digər sözlərəin yazılışından bəlli olur. Burda müğənni sözünün bir “n” ilə yazıldığının savadsızlıqdan olması digər sözlərin yazılışından aydın olur.

Savadsızlığın ucbatından adamın adamlardan çox sözlərə yazığı gəlir. Gözünə sataşanda elə bilirsən kimsə onu ya mis məftil kimi əyib tullayıb, ya kağız kimi ovcunda əzib, ya da saqqız kimi çeynəyib tullayıb ayaq altına.  Səhv yazılmış söz görəndə elə bil pinti ananın üst-başı çirkli, saçı bitli uşağını görürəm.

Başlığa diqqət edək: “Bəxtimə 2 dənə sakit kişi düşmüşdü – Dana ərlərindən DANIŞDI – Söhbət var”.

Bunu yazan, görəsən məktəbə gedibmi, cəmiyyətdən xəbəri varmı? Bəlkə də, kütlənin marağını nəzərə alıb baxılsın deyə belə yazıb. Amma səhv yazmaqla yanaşı numerativ sözü də adama aid etməsindən özünün də dünyagörüşü, maraq dairəsi təsəvvür edilir.

“Avropali Gelin Azerbaycan dilinde”, “HİNDİSTAN DƏHŞƏTLİ VƏ QƏRİBƏ ADƏTLƏR 2019”,  “Vanqanın 2020-ci illə bağlı QORXUNC PRAQNOZLARI”, “AZƏRBAYCAN PƏHLƏVANI ermənini QANA BOYADI”, “Məhəbbət Kazımov – Bizim Dağlara Dağlara”, “Memmedbagir Bagirzade – Kimlere Qaldi Dunya”, “Səyyad Əlizadə & Mənzurə Musayeva – Sənin Xətrinə”, “Zeynep Xanlarova _ Yaman könlüme düşmüsen”. Yazmaqla bitməyən bu cür başlıqlar, görəsən, beş-on nəfər savadsız adamın “əl işidir”, yoxsa burda ana dilinə qarşı qəsd var?

“Gülməkdən Qarnım Ağrıdı” başlığı isə lap dəhşətdir. Bunlar üçün ölçü götürülməli, nəzarət olmalıdır. Məktəblərdə orfoqrafiya qaydaları keçilmirmi? Ən tənbəl şagird belə düzgün yazılış qaydasını öyrənməyə məcburdur. Onlara bunun vacibliyini izah etmək azdır, vərdiş etdirilməlidirlər. Əksəriyyət elə güman edir ki, ali təhsil almayacaqsa bu ona gərək olmayacaq. İndi yutubu korlayanlar vaxtında “hərfi tanıdım bəsdir” deyənlərdir. Texnika nə qədər inkişaf etsə də, texniki biliyin olsa da yazıya ehtiyacın olacaq. Sən vacib sanmasan da başqalarına yanlış yol göstərir, bilənlərin də əsəblərini korlayırsan. Təkcə hərf tanımaqla işin bitmədiyi sübut olunur.

Əgər “Uzaq sahillərdə” filminin “Vesilin”i əslində kim olub?” kimi düzgün yazılışı yutub qəbul edirsə, qorxmayın siz də düz yazın.

20 mart 2020