- Dil, Mədəniyyət

Baki Avrasiya Universitetində təqdimat

Dünən, 9 aprel 2024-də Baki Avrasiya Universitetində Qars Qafqaz Universitetinin dosenti Afina Məmmədli-Barmanbay və Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlının müəllifi olduqları “Gürcüstandan Azərbaycana ağız sözlüyü” kitabının təqdimatı keçirilib. Lüğət Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən maliyyələşdirilib, İstanbulun nüfuzlu “DBY Yayınları” nəşriyyatında nəşr edilib.

Tədbirdə Baki Avrasiya Universiteti filologiya fakültəsi “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri Zəminə Rüstəmbəyli, Baki Avrasiya Universitetinin Kitabxana və İnformasiya Mərkəzinin direktoru, sözlüyün hazırlanmasında yaxından iştirak etmiş Sima Cəfərli, lüğətin  müəlliflərindən Afina xanım, Baki Avrasiya Universitetinin departament rəhbəri Natella Zakirli, filologiya fakültəsinin dekanı Salman Süleymanlı, iqtisadiyyat və regionşünaslıq fakültəsinin dekanı Mütəllim Rəhimli, tanınmış filoloq, lüğətşünas Seyfəddin Altaylı, professor Ədalət Tahirzadə, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini Gülyaz Əliyeva və başqaları çıxış etdolər.

Afina Məmmədli-Barmanbay kitabın yaranma və ərsəyə gəlmə səbəblərindən danışıb. Həmçinin qeyd edib ki,  dialekt sözləri Azərbaycan əlifbası ilə yazılıb, Türkiyə türkcəsində ətraflı izah edilib və leksik mənasının tam anlaşılması üçün nümunə cümlələr verilib.
Bundan başqa, kitabın sonuna hər bölgəyə xas folklor nümunələri əlavə edilib və bu mətnlər həmin dialektlərin tələffüz şəklinə uyğun olaraq göstərilib.

Çıxış edənlər  440 səhifəlik lüğətin Azərbaycan dili tarixinin, tarixi leksikamızın, xalqımızın etnoqrafiyasının öyrənilməsində mühüm mənbə olmasını vurğulayıblar. Qeyd edilib ki,  lüğət Türkiyə türkcəsində nəşr edildiyindən, o, digər türkdilli xalqların tədqiqatçılarının da dil tarixi, etimoloji və dialektoloji araşdırmalarında faydalı bir qaynaq ola bilər. Sonda Baki Avrasiya Universitetinin rəhbərliyi adından sözlüyün müəlliflərinə və onun meydana gəlməsində əməyi keçənlərə təşəkkürnamələr və gül dəstələri təqdim olunub.

Gülyaz Əliyeva