- Dil

Gülümsərovsayağı Limandra dili

Gülyaz ƏLİYEVA

Dil hər bir millətin kimliyinin əsas göstəricisidir. Hər bir sivil millət öz dilinin təmizliyinin qeydinə qalır ,onu sevir və hörmət edir, İraq bizdən! Bir hadisə danışım. Tələbə vaxtı Tiflisə ekskursiyaya getmişdik. O vaxtlar rusların ata əvəzi böyük qardaş, rus dilinin doğma anadan ötə 2-ci ana dili olan vaxtları idi. Azərbaycan məktəblərində 10-cu sinifdə Azərbaycan dilindən 1 (onu da 8-ci saata salırdılar), rus dilindən 5 saat dərs keçirdik. O vaxtlar biz 2-ci anamızı doğma anamızdan çox sevirdik, çünki onu bizə zorla da olsa, sevdirirdilər .”Ögey ana” filminin də tüğyan elədiyi, ögey anaya məhəbbət aşılanan illər idi. Hamımız rus dilini nəinki 2-ci ana dili, öz doğmaca ana dilimiz bilirdik. Hələ üstəlik institutda da 4-cü kursa kimi rus dili keçir, “zaçot” və imtahan verirdik. O vaxtlar Azərbaycanda, xüsusən, Bakıda rus dilini bilməyənə Moşu Göyəzənlinin uşaqlarının anası demiş, nəsə belə birtəhər baxırdılar – “kəndçinski” və ya “çuşka”sayağı.

Əlqərəz, biz Tiflis şəhərinə qədəm qoyanda qarşımıza keçənlərdən, təbii ki, gürcü dilini bilmədiyimizdən getmək istədiyimiz ünvanı rusca soruşduq. Heç bir gürcü rusca soruşduğumuz üçün bizə cavab vermədi. “Boy! Belə də olurmuş?”- deyə təəccüb etdik. “Bizdə – Bakıda rus dilində söz soruşmayanlara ağız büzüb cavab verməzdilər axı”, – deyə düşündük. Burda isə əksini gördük. Və bu, bizim heç “xoşumuza getmədi” (türklər belə deyir, biz “xoşuma gəlmədi” deyirik). Çox çək-çevirdən sonra, az qala gürcü dilini öyrənmək istəyirdik ki, nəhayət, bir nəfər gürcü insafa gəlib öz doğmaca gürcü dilində bizə ünvanı söylədi. Deməyim o ki, niyə buqələmun kimi bizdə bəzilərimizin dili hər dövrə uyğunlaşır, özümüzü tezcənə unuduruq?! Rus görəndə dilimiz “urusa”, türk görəndə türkə, ingilis görəndə ingilisə çevrilir? Bunu təkcə sadə vətəndaşlar etsə, yenə dərd yarıdır. “Kişi sözü” filmindəki “Sluşiy Bayandır” kimi deyərik, “sluşiy, eybi yox, qandığı qrafa budur” Amma bunu o dili qorumalı olanlar edəndə adamın tüstü düz təpəsinin ortasından çıxır. Vallahi, billahi! Baxıb görürsən ki, urusdan dilimizi qurtarmamış indi də ingilis dilinə calaq ediblər. Bu günlərdə Günlarə Rəfiqin yazdığı “Yeni diliniz mübarək!” adlı yazısını oxudum:

“İvninqiniz xeyir, əziz televyuyerlər, uotçerlər və lukerlər. Axşam nyuslarının brodkastinqinə başlayırıq. Begininqcə əsas tudey iventlərin brifiqqini dinləyin:

– Trastinq kompaniyaların riyeltorları vauçer nou-xausuyla bağlı monitorinqləri davam edir. Bankomatların advayzerinin dediyinə görə, onların kvaliteti better olacaq, bu better sonra hamıya gələcək.

– Azərbaycan xaki-pleyerlərin “Qolden star” çempionşipində partisipasiyası bizim viktoriyamızla nəticələndi. Final geymdə hesab three-bir olmuşdur.”
Lap mat qaldım. İndiyədək, Sokrat demiş, mən elə zənn edirdim ki, ana dilimdən bir zad bilirəm. O mətni oxuyandan sonra anladım ki, öz doğmaca ana dilimdən heç zad bilmirəmmişəm. Əhsən bizlərə, bizdəki buqələmunizmə deməkdən başqa bir sözüm qalmadı. İndi gəl bu mətni başa düş görüm, ay neçə ilin təcrübəli, özünü dilimizin az-çox bilicisi hesab edən Azərbaycan dili və ədəbiyyat müəllimi hesab edən şəxs, necə başa düşürsən?! Bu dili başa düşsə, ancaq Gülümsərov başa düşər, nöşün ki, o da uzun müddət limonla mandarini calaşdlrıb limandra yetişdirmək istəyirdi. Amma gözü götürməyənlər qoymadılar.
İndi hər yanda Gülümsərovsayağı hibrid dil yetişdirənlər var ki, adam baxanda bu qabliyyətə valeh olmaya bilmir.

O gün oturub televiziyaya baxırdım. Televiziya kanallarında iki hal diqqətimi çəkdi. Bir yandan dialektləşmə, bir yandan da varvarizmləşmə – öz sözlərimiz ola-ola, ehtiyac olmadan dilimizdəki sözlərin türk sözləri ilə əvəzlənməsi dəb halını alıb. Baxırsan ki, təmiz Azərbaycan dilində danışanlara indi də belə bir təhər -Söylü demiş, “köylü” kimi baxırlar.

Bu dilə ki yarı dialekt, rus, yarı ingilis, yarı türk kəlmələrini calaq etmədin, ta o nə dil oldu?

“Bayaa”da baxırlar, “hoca”larına efirdən “mutluluqlar” diləyirlər, hər sabah “zavtrıkların” eləməmiş, hər işlərin “ertələyirlər”, “iyi ki” də edirlər, bir-birilərini “bəyəni” edirlər. “Konunun” nədın getməsinə baxmayaraq. Hamısı “aynən” bu cür ” belənçinə” “konuşurlar” “falan-filan”. Xəstələnəndə tədavi elərdirir, əczaneyə gedir, “uzman” doxdurdan “not alıb” “yaxçiləşirlər”.
Bu cür danışıq hazırda sürətlə leksikomumuza daxil olmaqdadır.

Bə nədi? Bu cür sözlər artıq Azərbaycan televiziya kanallarında hər gün rast gəldiyimiz sözlərdir. Bu barədə hörmətli Sima Cəfərovanın qeydləri dediklərimizin bir daha sübutudur. Dilimizdə ehtiyac olmadan türk sözlərinin işlədilməsi tamamilə yersizdir və bu hal, bir növ, fason üçündür, limandrasayağı görsənir.

Təəssüf ki, bu hal təkcə televiziya kanallaında deyil, elə hər yanda: dükanda, bazarda, marketdə, salonda, hətta məktəblərdə də baş verir. Adi bir misal çəkim,

türklərin işlətdiyi “tamam”ın bizim “turetskiyazıçnıların” dilində nə qədər mənası varmış!

Uşağın rəqs müəllimi ilə telefonla danışıram. “Evdə qal”dayam axı. Müəllimə onlayn dərs keçdiyi üçün təşəkkürümü bildirirəm . Deyir: “tamam” (bu tamam

sağ olun deməkmiş).

Deyirəm: “Uşağın göstərişlərin verin, elətdirim”, deyir “tamam”

(bu tamam “oldu “deməkmiş).

Dedim: “Vaxtınızı aldım, müəllim, bağışlayın”.

Yenə dedi: “Tamam, hocam”.

Özüm oturub bu “tamam”ların hamısına bir məna tapmışam (bu tamam da “buyurun” deməkmiş).

Bu nə yaa, mən hocayammı? – demişdim ki, televizordan gələn səs məni diksindirdi:

-Tamam xala, Ulduzla mən, yox ee, Bəxtiyarla Yetər …

-Eee, kənara durum, mən deyəcəm :

-Ulduzla Bəxtiyar bir-birlərini sevirlər!

Demə, televizorda “Ulduz” filmi gedirmiş. Bu da bir Tamam.

Televizoru keçirib, “tamam” dedim, durum yarımçıq qalmış yazılarımı tamamlayım, – ərz edirdim ki, qapının zəngi çalındı.

Yazımı tam tamına tamamlaya bilmədim. Tamam, vsyo, poka, xoşca qalın. qud bay, bitdi. Daha nə?

Füzuli baba demiş, söz süfrəmə hər nə gəldi, düzmüşəm, kimə hansından lazımdır – götürsün!

Siz sağ, mən salamat!