- Müsahibə

“Dədə Qorqud kitabı” – Azərbaycan xalqının mədəni-mənəvi abidəsidir

Türk tayfaları – oğuzların qəhrəmanlıq dastanlı  olan və iki  əlyazma  – Drezden və Vatikan əlyazması  ilə məşhur olan “Dədə Qorqud dastanı ” dünya türkologiyasında araşdırma obyektidir və müxtəlif dillərə tərcümə  edilib.

Filologiya elmlər doktoru, professor, Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasının humanitar fənlər kafedrasının müdiri dastanın Vatikan nüsxəsinin transliteraziyasını həyata keçirib. ATAlar.Ru saytına müsahibəsində alim dastanın araşdırılmasının vacibliyinə toxunub və əsər üzərində apardığı  iş barədə danışıb.

“Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsi Azərbaycanda ilk dəfə sizin tərəfinizdən əski əlifbadan müasir əlifbaya çevrilərək ayrıca kitab kimi oxuculara təqdim edilib. Dastanının Drezden nüsxəsi isə Azərbaycanda indiyədək bir-neçə dəfə çap olunub. Vatikan nüsxəsinin ayrıca çapına zərurət var idimi?

–  “Dədə Qorqud kitabı” Azərbaycan xalqının mədəni-mənəvi abidəsidir. Bu dastanda Azərbaycan xalqının tarixi, hissi-həyəcanı, sevgisi, dünyagörüşü, bir sözlə mənəvi dünyası öz əksini tapıb. Eyni zamanda, bu əsərlə tanış olarkən biz, tarixi Azərbaycana da səfər etmiş oluruq. Həmçinin, “Dədə Qorqud kitabı” Azərbaycan xalqının ən dəyərli bədii ədəbiyyat nümunələrindən biridir. Bu mənada, bu əsəri öyrənmək, oxumaq, araşdırmaq, daima diqqət mərkəzində saxlamaq həmişə borcumuzdur. Onu da qeyd edək ki, bu əsəri öyrəndikcə hər dəfə yeni-yeni faktlarla, məlumatlarla, bilgilərlə rastlaşırıq. Bu dastanın öyrəniləsi, araşdırılası məsələləri hələ çoxdur.
Məlumdur ki, hər bir əsəri daha yaxşı öyrənmək, araşdırmaq üçün ilk növbədə onun elmi-tənqidi mətnini hazırlamaq lazımdır. Bu mənada, böyük Azərbaycan şairləri Nizami Gəncəvinin, Füzulinin və başqalarının əsərlərinin ilk növbədə elmi-tənqidi mətnləri hazırlanmış və tədqiqatçılar daha çox bu mətnlər üzərində tədqiqatlar aparmışlar. “Dədə Qorqud” dastanının isə elm aləminə cəmi iki nüsxəsi məlumdur. Bu mənada, dünya filologiyasına cəmi iki nüsxəsi məlum olan bu qiymətli abidənin bir nüsxəsini öyrənib, digərini öyrənməmək Azərbaycan filologiyasının, qorqudşünaslığının çatışmayan cəhətlərindən biri idi. Çünki Vatikan nüsxəsi ümumiyyətlə dastanın bir çox məsələlərinin öyrənilməsində dəqiqləşdirmələr aparmağa yardımcı olduğu kimi, eyni zamanda, onun bədii xüsusiyyətlərinin öyrənilməsində də  mühüm amildir. Vatikan nüsxəsini oxuduqdan sonra bu dastan haqqında oxucunun təsəvvürü daha da tamlaşır, bütövləşir.

Dastandakı cərəyan edən hadisələr hansı əsrlərə təsadüf edir?

–  Qorqudşünaslığın tarixini dünya miqyasında  1815-ci ildən qəbul etdiyimizi söyləsək də, Azərbaycanda Qorqudşünaslığın tarixi əslində bir o qədər də qədim deyildir. Xüsuilə, Azərbaycanda “Dədə Qorqud kitabı” haqqında aparılan tədqiqatların böyük bir qisminin tarix etibarilə sovet dövrünə düşdüyünü nəzərə alsaq, onda “Dədə Qorqud”un tədqiqinə qoyulan qadağalar nəticəsində dastandakı tarixi hadisələrin öyrənilməsi istiqamətində aparılan tədqiqatların düzgün istiqamətdə getmədiyini inamla söyləyə bilərik. Sovet dövrü Qorqudşünaslığının Azərbaycanda Qorqudşünaslığın hələ təşəkkül dövrü olduğunu, yəni  bu dövrdə tədqiqatların zəifliyini və ideoloji qadağaların olduğunu qəbul etsək, Azərbaycan tədqiqatçılarının  dastandakı hadisələrin əsasən, X-XI əsrlərlə səsləşdiyini  söylədiklərini deyə bilərik. Sonralar, tədqiqatlar davam etdikcə bəzən hadisələrin VII-VIII əsrlərdə baş verdiyini söyləyən tədqiqatçılar da oldu. Lakin yenə də ümumi qənaət bu hadisələrin VII əsrlə məhdudlaşdığını göstərdi. Türk tədqiqatçıları isə dastandakı hadisələri təqribən XIV-XV əsrlərlə bağlayırlar. Maraqlıdır ki, əgər sovet dövründə ideoloji qadağalar nəticəsində Azərbaycan xalqının qədim tarixini özündə əks etdirən  dastandakı tarixi hadisələri öyrənməklə Azərbaycan tarixinin qədim olduğunu söyləməyə qoymurdularsa, indi,  müstəqillik dövründə,  yenə də bu dastan əsasında Azərbaycan xalqının tarixinin qədim olduğunu söyləməyə tədqiqatçılar sanki bir qədər çəkinir, qısqanclıq edirlər. Sanki bu dastanın öyrənilməsinin üzərində bir yad əl, nəzər oradakı hadisələri, oradakı tarixi doğru-düzgün öyrənməyə imkan vermir. Belə görünür ki, kimlərsə Azərbaycan xalqının tarixinin həqiqi şəkildə öyrənilməsində, onun qədim olduğunun söylənilməsində maraqlı deyillər. Ən təəccüblüsü isə odur ki, bəzən Azərbaycan tədqiqatçılarının özləri də “düşmən dəyirmanına su tökərək”, dastandakı hadisələrin qədim olmadığını söyləyirlər. Amma bizim araşdırmalara görə dastanda cərəyan edən hadisələr Qalın Oğuz dövlətinin inkişaf edərək Alban dövlətinə keçdiyi tarixi dövrü əks etdirir. Çünki əsərdə dəfələrlə, daha doğrusu iki dəfə “Albanlar başı Qazan”, “Alblar başı Qazan”  ifadələri işlənilir ki, bunu da  “Albanların başçısı”, “Alban dövlətinin başçısı Qazan” kimi də başa düşmək olar. Bu ehtimalı “Albanlar başı” ifadəsinin “Qalın oğuz dövləti”nin paraleli kimi işlənməsi daha da qüvvətləndirir. Bu mənada, tarix elmindən Azərbaycan ərazisində Alban dövlətinin tarixi də məlumdur: eradan əvvəl təqribən birinci minilliyin ortalarından, eramızın birinci minilliyinin ortalarına qədər. Deməli, dastandakı hadisələr də əsas etibarilə eradan əvvəl birinci minilliyin ortalarında baş verən hadisələri əks etdirir. Bu faktı qəhrəmanların həyat tərzi, dünyagörüşü və s. amillər də təsdiq edir.  Təbii ki, dastanda digər tarixi dövrləri əks etdirən məqamlar da vardır. Bütün bunlar təbii ki, sonralar dastanın üzünü köçürən katibin dastana əlavəsidir. Məsələn, dastanda İstanbul kəlməsinin işlənməsi kimi. Lakin dastanda cərəyan edən hadisələrin əsas məğzi, dediyimiz kimi, eradan əvvəl I minilliyin ortalarında yaranan Alban dövlətinin təşəkkül dövrünə təsadüf edir. Başqa sözlə desək, “Dədə Qorqud” dastanı bütövlükdə Qalın oğuz dövlətinin Alban dövlətinə keçid mərhələsini özündə əks etdirir. Dastanda isə ümumiyyətlə dövlətçılık məsələləri öz həllini yüksək səviyyədə tapmış və Azərbaycan xalqının hələ eradan əvvəl necə yüksək səviyyədə dövlətçılık instituna malik olduğunu göstərir.

Dastandakı hadisələr hansı coğrafi ərazidə baş verir?

– Dastandakı hadisələrin coğrafi koordinatları məlumdur. Belə ki, dastandakı coğrafi koordinatlara görə dastanda baş verən hadisələr müasir Ermənistan ərazisini də içinə daxil edən tarixi və müasir Azərbaycan torpaqlarında – yəni Dərbənddən tutmuş, Gəncə, Bərdə, Naxçıvan, Ermənistan əraziləri də daxil olmaqla Trabzon, Bayburt, Parasaran, Mardin, Hamid, Tatyan qalası, Axsıka kimi coğrafi koordinatlara qədər yerləşən torpaqlarda baş verir. Bu torpaqlar dastanda təsvir olunan oğuz qəhrəmanlarının yaşadıqları, həyat sürdükləri, tövlə-tövlə sürülər saxladıqları, uğrunda döyüşdükləri, səfərə getdikləri torpaqlardır. Dastandakı təsvirlərə görə oğuz qəhrəmanları, oğuz xalqı bu coğrafiyada yaşayır. Bu torpaqlar isə qədim və müasir Azərbaycan torpaqlarıdır. Doğrudur, oğuz qəhrəmanları, məsələn, Trabzon, Parasaran, Bayburt, Mardin kimi coğrafi koordinatlarda yaşamasalar da, hər halda onlara qonşu olan ərazilərdə yaşayırlar. Belə ki, bəzən bu koordinatlara, bu coğrafi ərazilərə səfər edən oğuz qəhrəmanları lazım gəldikdə bir neçə gün ərzində öz yurdlarına, oğuz elinə qayıda bilirlər. Tədqiqatlar göstərir ki, qədim Azərbaycan torpaqları olan və oğuz qəhrəmanlarının yaşadıqları Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə kimi ərazilər, yəni dastanda təsvir olunan qədim oğuz eli həqiqətə uyğun olaraq, heç də Parasaran, Bayburt, Trabzon, Aksaka qalası, Mardin kimi coğrafi koordinatlardan uzaqda deyildirlər və tamamilə real koordinatlardır. Bunlar da dediyimiz kimi əzəli və əbədi Azərbaycan torpaqlarıdır. Lakin bütün bu faktların əksinə olaraq bəzən tədqiqatçılar “Dədə Qorqud” coğrafiyasını Anadolu və Orta Asiya ilə bağlamaq istəyirlər ki, bizcə, bu mülahizələrin heç bir real əsası yoxdur. Bizə elə gəlir ki, dastanın coğrafi koordinatlarından danışarkən dastan haqqında olan əfsanələrdən, rəvayətlərdən yox, dastanın öz mətnindən çıxış etmək lazımdır. Bu mənada,  Vatikan nüsxəsi də Drezden nüsxəsini tamamlayır. Yəni Vatikan nüsxəsində  Drezden nüsxəsində olmayan hec bir yeni koordinat, Anadolu və Orta Asiya ilə bağlı koordinat yoxdur.

– Dastandakı hadisələrin coğrafi baxımdan daha çox Naxçıvan və müasir Ermənistan ərazisində baş verdiyini söyləyirsiniz. Bu baxımdan dastanda Ermənistanla bağlı nəsə bir işarəyə, sözə, toponimə rast gəlinirmi?

– Əvvəla onu deyək ki, müasir Ermənistan respublikası tarixdə cəmi 70 il yaşamış Sovet dövlətinin məhsuludur. Ondan qabaq müasir Ermənistan adlanan ərazidə heç bir Erməni dövləti olmamışdır. Ermənilərin Herodotun və başqa qədim tarixçilərin əsərlərinə istinad edərək iddia etdikləri kimi əgər eradan əvvəl haçansa Ermənistan adlı bir dövlət olmuşdursa da, o indiki müasir Ermənistan ərazisində olmamış və eyni zamanda, son tədqiqatlara görə onların müasir Ermənistan ərazisinda yaşayan haylarla da heç bir qohumluğu olmamışdır. Bu mənada, “Dədə Qorqud kitabı”ndan da göründüyü kimi müasir ermənilər tarixən müasir Ermənistan ərazisində yaşamamışlar. Buna görə də dastanda başdan-ayağa İç Oğuz ərazisini təşkil edən bu torpaqlarda heç bir erməni toponiminə, antroponiminə rast gəlmirik. Amma bunun əksinə olaraq, dastanda kifayət qədər Gürcü xalqının və dövlətinin adına, Gürcüstan ərazisində yerləşən toponimlərə təsadüf edirik. Bu isə onu göstərir ki, həqiqətən də min illər ərzində dastana görə İç Oğuz ərazisi adlanan, qədim türk yurdu olan müasir Ermənistan torpaqlarında heç bir erməni yaşamamışdır.

– Dastanın dili ilə bağlı mübahisələr hələ də davam edir. Bir sıra araşdırıcılar Drezden nüsxəsinin XVI əsrə qədərki Azərbaycan yazılı dilinə, Vatikan nüsxəsinin isə Şərqi Anadolu türkcəsinə yaxın olduğunu iddia edirlər. Bu iddialar nə dərəcədə əsaslıdır?

– Əvvələn onu qeyd edək ki, bu bölgü türk tədqiqatçılarının bölgüsüdür və mən demək olar ki, bu bölgü ilə razılaşmıram. Yəni XVI əsr Azərbaycan yazılı dili ilə Şərqi Anadolu türkcəsi təqribən eyni şey deyilmi? Türk tədqiqatçılarından Məhəmməd Fuad Köprülü hələ XIV-XV əsrlərdə Şərqi Anadoluda yazıb-yaradan şairlərin əksəriyyətinin Azərbaycan türkcəsində yazıb-yaratdıqlarını və çoxunun azərbaycanlı olduğunu söyləmişdir. Bu məınada, XVI əsrə qədərki Azərbaycan ədəbi dili ilə Şərqi Anadolu türkcəsi təqribən eyni dildir. Osmanlı türkcəsi akademik Kononovun və digər alimlırin də dediyi kimi, təqribən XVI əsrdən etibarən differensiallaşmağa başlayır. Amma bu başqa məsələdir ki, türk tədqiqatçıları, ümumiyyətlə, Batı türkcəsinin XII-XIII əsrlərdən etibarən formalaşmağa başladığını söyləyirlər. Özləri Anadolu ərazisinə XI-XII əsrlərdən gəlməyə başladıqlarını qəbul etdikləri üçün, dillərinin də təqribən bu əsrlərdən etibarən formalaşmağa başladıqlarını qəbul edirlər. Buna görə də Azərbaycan türklərinin də onlarla birlikdə Orta Asiyadan gəldiklərini güman etdiklərinə, Azərbaycan dilini və azərbaycanlıları da özlərindən ayırmadıqlarına görə, bizim də dilimizin və xalqımızın tarixinin təqribəın bu srlərdən etibarən formalaşmağa başladığını söyləyir və qeyd etdiyimiz kimi, artıq XVI əsrdən etibarən mövcud olan Osmanlı türkcəsinin bəzi əlamətlərinin katiblər tərəfindən Vatikan nüsxəsinə daxil edildiyini nəzərə alaraq, Vatikan nüsxəsinin Şərqi Anadolu türkcəsində yazıldığını güman edirlər. Doğrudur, Vatikan nüsxəsində bəzən Anadolu türkcəsinin xüsusiyyətləri ilə rastlaşsaq da, bu xüsusiyyətlər epizodik xarakter daşıyıb, bütövlükdə dastanın dilini xarakterizə etmir. Dastanın dili bütün fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərinə görə tamamilə Azərbaycan türkcəsidir. Azərbaycan türkcəsinin tarixi isə olduqca qədimdir. Bu dil hətta o qədər qədimdir ki, dastanın dilində işlənən bəzi sözlər arxaikləşdiyi üçün, hətta, XVI əsr və yaxud da dastanın üzünü daha əvvəl köçürən katiblər tərəfindən də başa düşülməmişdir. Eyniz amanda, dastanın dilinin qədim oğuzca olduğu da heç kimdə şübhə doğurmur. Dastanın oğuzcasını isə oğuz qrupuna daxil olan digər türk dilləri ilə heç müqayisə belə etmək olmaz. Çünki bu dil məhz Azərbaycan oğuzlarının dilidir.

– Dastandakı bir sıra sözlərin müxtəlif müəlliflər tərəfindən transliterasiyası zamanı fərqli oxunuşun şahidi oluruq. Vatikan nüsxəsinin hərəkəli olması ayrı-ayrı sözlərin daha düzgün oxunuşuna yardım edirmi?

– Həqiqətən də “Dədə Qorqud” dastanının transliterasiyası olduqca çətin bir işdir. Xüsusilə, Drezden nüsxəsinin hərəkəsiz olması bu oxunuşu bir qədər də çətinləşdirir. Vatikan nüsxəsi isə hərəkəli olduğundan həqiqətən də bir sıra sözlərin dəqiqləşməsində olduqca mühüm rol oynayır. Amma ümumiyyətlə, dastanda hər iki nüsxədə elə sözlər vardır ki, hərəkəli olub-olmamasından asılı olmayaraq, bu sözlərin oxunuşu, mənası, semantikası arxaikləşdiyi üçün çətin anlaşılır. Doğrudur, dastanda belə sözlər var. Amma bir o qədər də çox deyildir. Bütövlükdə dastanın dili müasir Azərbaycan oxucusu üçün anlaşıqlıdır. Lakin narahat edən başqa məsələdir. Məsələ ondadır ki, bəzi tədqiqatçılar anlaşılmayan, arxaikləşən sözlərin izahında bəzən ifrata vararaq elə məzmunlar və digər türk dillərilə elə paralellər aparıb bu məzmunları izah etmək istəyirlər ki, bu məqamlarda “Dədə Qorqud” dilini izah etmək əvəzinə onu daha da qəlizləşdirir, mürəkkəbləşdirirlər. Bu fikri dastanın məzmunu, bəzi obrazların xarakteri, dastanda olan bəzi rituallar və s. haqqında da demək olar. Belə ki, bəzi tədqiqatçılar istər mifoloji düşüncə ilə bağlı, istər rituallarla və istərsə də “Dədə Qorqud”un ayrı-ayr obrazlarının xarakteri ilə bağlı elə absurd mülahizələr, fikirlər söyləyirlər ki, onların yazdıqlarından bəzən dilçilik, folklorşünaslıq elminin çox cəfəng bir şey olduğunu düşünürsən.

– Dastanın poetikası ilə bağlı nə deyə bilərsiniz? Ümumi qənaətə və sizin qənaətinizə görə dastan Azərbaycan ədəbiyyatının başında duran bir abidədir. Və eyni zamanda, olduqca qədimdir. Bəs bu qədimlikdə poetika, bədii sənət öz əksini nə şəkildə tapmışdır? Ümumiyyətlə, siz dastanı bədii cəhətdən necə qiymətləndirirsiniz?

–  Hər bir xalqın qədimliyi və kamilliyi eyni zamanda, onun bədii təfəkkürünün qədimliyi və kamilliyi ilə ölçülür. Bu mənada, “Dədə Qorqud kitabı” tarixən olduqca qədim, yəni eradan əvvəl I minilliyin ortalarından bəhs edən bir əsər, eyni zamanda, bədii baxımdan olduqca kamil bir abidədir. Bu abidədə poetik obraz, poetik söz o qədər yüksək səviyyədədir ki, Azərbaycan xalqının artıq dastan yaranan dövrdə hansı estetik dəyərdə estetik söz demək qabiliyyətinə malik olduğunu ortaya qoyur. Eyni zamanda, onu göstərir ki, dastan yaranan dövrdə Azərbaycan  xalqı, bəzi tarixçilərin düşündüyü kimi, ibtidai səviyyədə olmamış, yüksək səviyyədə söz demək qabiliyyətinə malik və dövrünün bütün mədəni atributlarına sahib olan bir xalq olmuşdur. Həmçinin, bu fakt onu da göstərir ki, Azərbaycan xalqı hələ dastan yaranan dövrdə eyni zamanda bədii düşüncəsinə görə neçə-neçə minillikləri arxada qoyub gələn bir xalqdır. Bu faktları, qeyd etdiyim kimi, dastan bütün məzmunu, qəhrəmanlarının həyat tərzi, məişəti ilə təsdiq etdiyi kimi, eyni zamanda, poetikası ilə də göstərir. Bir məsələ də maraqlıdır ki, dastanın poetikası bilavasitə dastanın yarandığı dövrü, dastanda təsvir olunan qəhrəmanların mühitini, məişətini, reallıqlarını, həyatını əks etdirir. Burada heç bir süni, qondarma təfəkkür, yəni qeyri-real, dörünün reallığını əks etdirməyən təşbeh   özünü göstərmir. Məsələn, ovçuluqla məşğul olan bir xalqın təfəkküründə ancaq belə bir təşbeh yarana bilərdi: Qızın üzünün ağlığı və xallarının rəngi dastanda aşağıdakı şəkildə təsvir olunur: “Qar üzərinə qan dammış kimi qızıl yanaqlım”. Və yaxud, qadının ağzının kiçikliyi aşağıdakı şəkildə verilir: “Qoşa badam sığmayan dar ağızlım”.

Poetika baxımdamından qorqudşünaslıqda “Dədə Qorqud” dastanının şeirləri həmişə mübahisə obyekti olmuşdur. Belə ki, bir sual tədqiqatçıları həmişə düşündürmüşdür: “Dədə Qorqud” dastanındakı şeirlər nə qədər qədimdir? Bu dastandakı şeirlər təqribən hansı əsrlərin, hansı dövrlərin məhsuludur? Təbii ki, əgər bəzi tədqiqatçıların dedikləri kimi dastanın tarixini ən yaxşı halda VII-VIII əsrlərlə və yaxud XI-XII əsrlərlə bağlasaq, onda dastandakı şeirlərin tarixi öz sirlərini bizə açmayacaqdır. Çünki X-XI əsrlərdən etibarən Azərbaycan xalqının şeir mədəniyyəti, o cümlədən türkdilli şeir, məsələn, Mahmud Kaşğarinin “Divanü lüğat-it Türk” əsərindəki şeir parçaları o qədər yüksək sənət nümunələridir və o qədər  kamillikdədirlər ki, bu şeirlərlə müqayisə zamanı “Dədə Qorqud” şeirlərinin qədimliyinin sirri açılmır. Deməli, “Dədə Qorqud” şeirləri poetik baxımdan Mahmud Kaşğari şeirlərindən də qədimdir. Bu mənada, məsələni uzatmadan demək olar ki, tədqiqatlar “Dədə Qorqud” şeirlərinin zaman etibarilə təqribən eradan əvvəl I minilliyin ortalarında yarandığını göstərir. Yəni “Dədə Qorqud” şeirlərinin yaranma tarixi dastanda cərəyan edən hadisələrin tarixi ilə üst-üstə düşür. Bu şeirlər isə bütövlükdə türkdilli şeirin, Azərbaycan şeirinin, türk şeirinin ana vəzni olan heca vəzninə doğru istiqamət aldığı dövrün başlanğıc mərhələsidir.