- Köşə

Dörd fəsil səni anaram …

Gülyaz ƏLİYEVA

Yağış yağar səni anarım…
Yağış yuyan göy təpələr.
Necə gözəl…
Ağ çalmalı qarı dağlar
Yuyunar, şəfəqdən parlar
Tərtəmiz görünər düzlər,
Navalçalar şırıldayar.
Tez qaçaraq gizlənərdik,
Sıx yarpaqlı ağac altda,
Yağış bizi tapammazdı .
Qəzəbindən nərildəyər, guruldardı,
Dolu tökər, hay salardı…
Bizə əsər eyləməzdi,
Nə qəzəbi, nə şimşəyi.
Biz “Gizlənqaç” oynayardıq,
Sonra “Xortdan gəldi” deyib,
Təpə boyu hey qaçardıq…
Bağlardan meyvə yığardıq…
Külək salmış, yağış yumuş
Meyvələri toplayardıq
Elə ordaca yeyərdik…

Qar düşər səni anaram,
Ulduz-ulduz dövrə vuran
Yumşaq qarlar
Necə düşər…
Navalça sırsıra bağlar,
Buz bağlamış gölməçələr
Yada düşər birər-birər.
Ağappaq qar topaları
Pəncərədə rəsm çəkər,
Baxıb-baxıb seyr edərəm,
Gülüşüm üzümdə donar,
Yoxluğunu yada salar….

Gün çıxar, səni anaram…
Hava şəffaf, səma aydın.
Saatlarla baxar-baxar,
Buluddan rəsm qurardım.
Biri mənim babama oxşar,
Ağ saqqallı, ağ çuxalı
Əzəmətli…
Biri sanki böyük bir dev.
Çox heybətli…
O biri, dəniz,- deyərdim,
Baxıb-baxıb hey gülərdim.
Xoşbəxt idim …heç bilməzdim
Sənin üçün darıxaram, bezikərəm,
Həyat mənə zindan olar,
Heç bilməzdim…

Bol məhsullu, səxavətli,
Alma, armud, heyva, narlı
Bağların yadıma düşər…
Ağacların mərifətli
Verirdilər çoxluca bar,
Başların aşağı salar…
O qədər meyvə dərmişəm,
Çöllərində çox gəzmişəm
Bənövşə, lalə dərmişəm…

Yay axşamı çöldə yatar,
Göyə baxar, ulduz sayar,
Yuxulayardıq …
Bir gün sənsiz qalacağam
Bilərdimmi?!
Doğma yurdum, doğma elim, doğma evim,
Atam, babam…
Dağılmış yurd-yuvam mənim,
Kol-kos basmış yolum mənim,
Qanqal bitmiş bağım mənim,
Qarabaxtlı qara bağrım,
Sinə dağım, edim mənim ,ağım mənim
Yıxılan, uçulub qalan İmarətim,
Ağı deyən Natəvanım,
Şah bulağım, Uzundərəm,
Qalam mənim, Şuşam mənim,
Sinə ağrım, gözdağım mənim.
Dörd fəsil səni anaram,
Qarabağım həsrətindən külə dönüb,
Yanıb, yanıb qara bağrım mənim!
Qəribsəmiş, viran qalmış bağım mənim
Anam – Qarabağım mənim!…