- Dil

“Bu yalnız səriştəsizlik deyil, həm də məsuliyyətsizlikdir”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” təsis olunan kimi – elə mart ayının ortalarında “Feysbuk” sosial şəbəkəsində həmvətənlərimizə müraciət etdik. Dedik ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Televiziya və radio verilişlərində ədəbi dil normaları kobud şəkildə pozulur. Dövlət başçısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında Fərmanında deyildiyi kimi, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”.

Həmvətənlərimizdən xahiş etdik ki. İnternet saytları, xəbər portalları, radio və televiziya kanalları, o cümlədən dublyaj edilən filmlərdə, metroda, küçə və meydanlardakı reklamlarda, afişalarda ədəbi dil normalarının kobud şəkildə pozulması hallarını müşahidə etdikdə onları qeydə alıb bizə göndərsinlər. Bununla ədəbi dilimizin saflığını qorunmasına yardım etmiş olarlar. Onları əmin etdik ki, ədəbi dil normalarının pozulması ilə bağlı toplanılan bütün materiallar veb saytımızda dərc ediləcək, Mərkəzin aralıq və yekun hesabatına salınacaq, nəhayət, müvafiq dövlət strukturlarına göndəriləcək.

Aradan keçən müddət ərzində istədiyimiz nəticə olmasa da, çağırışımıza qoşulan gerçək ziyalılar da tapıldı. Onlara təşəkkür edir və göndərdikləri qeydləri hörmətli həmvətənlərimizə çatdırmağı özümüzə borc bilirik.

Fuad İslamzadə,  Azərbaycan Tibb Universitetinin dosenti:

 “Bütün telekanallarda təqdim edilən hava haqqında məlumatlar başdan ayağa dil nörmalarının pozuntularından ibarətdir. “Spase” TV-nin proqnozları isə dilimizi lağa qoymaq nümunəsidir. “Xəzər” TV-də nümayiş edilən “İmtahan” serialında daim “dekanlıq” əvəzinə “dekanatlıq”, “ata” və “ana” əvəzinə “papa” və “mama” sözləri işlədilir”.

“İndicə ARB kanalında bir həkimin fərdi reklamına dair, təkrar-təkrar verilən elanda belə bir ifadə eşitdim: “Dünya tibb təbabətinin üzvüdür”.

“ARB kanalında “Qanlı döyüş 4” filminə baxıram. 2 məhbusla söhbət edən şəxs deyir: – “Bir-birinizlə dalaşmayın, əgər kim buna əməl etməsə, cəzanız ölümlə nəticələnəcək”.

Həlimə Mehrani Muradi:

“Televiziyamızda demək olar ki, bütün aparıcılar “nəyə görə?” əvəzinə , “niyə görə” deyir , “layihə”sözünü “lahiyə” kimi tələffüz edir. Xoşqədəmin “fəal” sözünü “fəyal” , sözlərdə vurğuları səhv deməsi ədəbi dilimizə xələl gətirir”.

Sevil Gültən, tərcüməçi: “İndicə bir saytda oxudum bu cümləni: “Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”. İstənilən mətndəki qüsur tərcümə prosesində üzə çıxır. Bu cümləni tərcümə etməli olsam, məcburam “6 yeni” sözünü “koronavirus” sözünə aid edəm. Halbuki “6 yeni” birləşməsi “yoluxma” sözünə aiddir. “Koronovirus infeksiyasına 6 yoluxma faktı qeydə alınb”, – cümlə belə olmalıdır. Yuxarıdakı cümlədə adama elə gəlir koronovirusun 6 yeni növü var”.

Dilrüba  Cəfərova: “Elan və reklamdan tutmuş bədii əsər və filmlərə qədər bir çox mətnlərin rus dilindən tərcümə edildiyi faktdır. Bu zaman ən müxtəlif xətaların baş verməsinə artıq adət etmişik. Bir neçə nümunə:

Avtobuslarda (məsələn, 3 nömrəli) xəbərdarlıq:

“Oturacaqları əşyalarınızla məşğul etməyin”. Görünür, bu əcaib cümləni rusdilli “tərcüməçi” icad edib. Aydındır ki, burada “занять” sözü “məşğul etmək” deyil, “tutmaq” mənasında işlənmişdir.

İtaliya istehsalı olan “Rebekka” filmində “эканомка” (женщина, занимающаяся ведением домашнего хозяйства у кого-либо) sözü “qənaətcil xidmətçi” kimi tərcümə edilib. Yəqin ki, bizdə də qədimdə varlı evlərdə bu vəzifəni yerinə yetirən adamlar olub. Həmin sözü axtarıb-tapmaq, ya da, heç olmasa, mənaya uyğun bir ifadə ilə vermək olardı; məsələn, “baş xidmətçi”, “işlər müdiri”…

İngiltərə istehsalı olan “Ceyn Ostin” filmində qəhrəmanlardan biri gələcək yazıçıya oxumaq üçün kitab verir. Kitab haqqında rəyini soruşanda mənfi cavab alan oğlan Ceyndən soruşur:

“Nə xoşunuza gəlmədi? Qəhrəmanlar, hadisələr, heca?”  Lap tutalım, tərcüməçi “cлог” sözünün rus dilində “heca” ilə yanaşı “üslub” mənası da daşıdığını bilməyib. Yəni “heca” sözünün bu cümlədə yersiz olduğunu da hiss etməyib?! Məncə, bu yalnız səriştəsizlik deyil, həm də məsuliyyətsizlikdir.”

Gülyaz Əliyeva: “Aprelin 1-də ATV telekanalında efirə gedən “Nanəli ” verilişi. Qonaqlar Mətanət və Sədaqət İsgəndərovalar və Samir Priyevdir. İstər aparıcı, istərsə də qonaqlar tərəfindən ədəbi dil normalarının pozulmasını müşahidə etdik:

Nanə: “Ciddiyətinə varmamışıq”, “Samir indeyski mahnı” oxuyacaq.

Mətanət: İsgəndərli: “Qalıb belənçi”, “axranlar gəldi”, ”başıvıza dönüm”, “qaydına qalır”.

Samir Priyev: “Yaddaşıma təkrarladım”, “Bütün Allah balaları qorusun”, “Bulaxda qaldl”, “Bulağda qaldı”.

Şərhə ehtiyac duymadıq.

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin mətbuat xidməti